İsrailin baş naziri Benyamin Netanyahu İran hakimiyyətini devirməyi əsas məqsədlərindən biri kimi göstərib. O, Tehranın nüvə proqramını yenidən inkişaf etdirməyə çalışdığını iddia edərək bu təhlükənin aradan qaldırılmalı olduğunu bildirib.
Moderator.az xəbər verir ki,Netanyahu İranın ali rəhbəri Müctəba Xameneini atasının siyasətini davam etdirməkdə və nüvə proqramını bərpa etməyə çalışmaqda ittiham edib.
Netanyahu bildirib ki, İran nüvə obyektlərini yeraltında yerləşdirməklə onları mümkün hücumlardan qorumağa çalışır. Onun sözlərinə görə, bu təhlükənin birdəfəlik aradan qaldırılması üçün İrandakı rejim dəyişməlidir.
İsrailin baş naziri İsrail Müdafiə Qüvvələrinə, “Mossad” kəşfiyyat xidmətinə və digər təhlükəsizlik qurumlarına qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətlərini davam etdirmək tapşırığı verdiyini vurğulayıb.
Netanyahu İsrailin müharibəni başa çatdırmaq, İran hakimiyyətini devirmək və “şər oxu” adlandırdığı qüvvələrin təsirini aradan qaldırmaq üçün lazımi hərbi imkanlara malik olduğunu bildirib.
Qeyd edək ki, İranın nüvə silahı hazırlaması ilə bağlı iddia Netanyahunun bəyanatına əsaslanır. Bu iddianı təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. İran isə nüvə proqramının dinc məqsədlər daşıdığını bildirir.