Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-30SM tipli qırıcı təyyarə Kalininqrad vilayətində uçuş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində hər iki pilot xəsarət alıb.


Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza Bakı vaxtilə saat 14:53-də Çernyaxovski rayonunda, Timofeyevka və Zelenı Bor kəndləri arasında baş verib.






İlkin məlumatlara əsasən, təyyarənin hər iki pilotu katapult etməyə nail olub. Bununla belə, onlar xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Qırıcı yaşayış olmayan əraziyə düşüb. Nazirlik bildirib ki, uçuş zamanı təyyarənin göyərtəsində sursat olmayıb.


Su-30SM Rusiya Aerokosmik Qüvvələri və dəniz aviasiyasının istifadə etdiyi iki nəfərlik, çoxməqsədli qırıcı təyyarədir. O, hava hədəflərinin ələ keçirilməsi və məhv edilməsi, digər təyyarələrin müşayiəti, qoşunların havadan müdafiəsi, eləcə də quru və dəniz hədəflərinə zərbələrin endirilməsi üçün nəzərdə tutulub.


Bu tip təyyarələr raketlərdən və aviasiya bombalarından istifadə edə, hava kəşfiyyatı apara bilirlər. Su-30SM gündüz və gecə, həmçinin mürəkkəb hava şəraitində döyüş tapşırıqlarını yerinə yetirmək imkanına malikdir.


Qəzanın səbəbləri barədə hələlik ətraflı məlumat verilməyib.