İnsanı başqalarının gözündə cəlbedici edən təkcə xarici görünüş deyil. Xeyirxahlıq və başqalarına kömək etməyə hazır olmaq insanın cazibəsini artıran əsas xüsusiyyətlər arasında yer alır.


Moderator.az xəbər verir ki, bu barədə “British Journal of Social Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.






Alimlər 4 mindən çox iştirakçının yer aldığı 10 təcrübənin nəticələrini təhlil edərək insanların prososial davranışlarının, yəni başqalarının rifahını düşünən və onlara yardım etməyə yönələn hərəkətlərinin cəlbediciliyə necə təsir etdiyini araşdırıblar.


Təcrübələr zamanı iştirakçılara insanların yaxşı əməllərini əks etdirən real nümunələr, xeyirxah davranışlar haqqında təsvirlər və müxtəlif xəyali vəziyyətlər təqdim edilib. Daha sonra iştirakçılar həmin insanların cəlbediciliyini qiymətləndiriblər. Bəzi təcrübələrdə xarici görünüşlə bağlı məlumatlar da nəzərə alınıb, digərlərində isə qiymətləndirmə yalnız davranış haqqında məlumatlara əsaslanıb.


Nəticələr göstərib ki, xeyirxah və başqalarına kömək etməyə hazır olan insanlar daha cəlbedici hesab edilirlər. Bu təsir hətta çapıq və üz asimmetriyası kimi fiziki xüsusiyyətlər olduqda da müşahidə edilib.


Araşdırmanın diqqətçəkən nəticələrindən biri də xeyirxahlığın davamlı şəkildə nümayiş etdirilməsinin daha güclü təsirə malik olmasıdır. Başqa sözlə, birdəfəlik yaxşılıqdan daha çox, insanın gündəlik davranışlarında mütəmadi olaraq qayğı və dəstək göstərməsi onun başqalarının gözündə müsbət qəbul edilməsinə kömək edir.


Pensilvaniya Universitetinin Uorton Məktəbində təhsil alan tədqiqatçılardan Natalya Kononovanın sözlərinə görə, alimlər prososial davranışın cəlbediciliyə təsir edəcəyini gözləsələr də, onun zəka və yumor hissi kimi xüsusiyyətlərdən daha əhəmiyyətli ola biləcəyi onlar üçün gözlənilməz olub.


Tədqiqatın nəticələri göstərir ki, insanın başqalarına münasibəti onun necə qəbul edilməsində mühüm rol oynayır. Xeyirxahlıq, qayğıkeşlik və yardımsevərlik yalnız insanlar arasında münasibətləri möhkəmləndirmir, həm də insanın cazibəsini artırır.


Beləliklə, başqalarının diqqətini cəlb etmək üçün yalnız xarici görünüşə diqqət yetirmək kifayət deyil. Səmimi münasibət, davamlı xeyirxahlıq və ehtiyacı olanlara dəstək göstərmək insanı daha cəlbedici edən əsas keyfiyyətlər sırasındadır.