“15 yaşımda artıq abortların ağır yükü altında əzilirdim. Gözümü açıb-yumunca özümü növbəti dəfə ginekologiya şöbəsində görürdüm...”
 




“Sərxoş vəziyyətdə avtomobilin sükanı arxasına keçmişdim. Özümü sanki avtomobillə bir bütöv hiss etmək, sürəti artırıb irəli şığımaq istəyirdim. Gözlərim yaşla dolmuşdu...Keçmişimdən həmişəlik uzaqlaşmaq istəyirdim...”
 
“Mən də işıqlı gələcəyə can atırdım. Mərhəmətin, xeyirxahlığın hökm sürdüyü, iffətin dəyərli sayıldığı, insanların niyyətlərinin və əməllərinin səmimiyyətlə ölçüldüyü bir dünyaya...”
 
"Boğazım düyünləndi, göz yaşlarım yanaqlarımdan süzüldü. Nəhayət, anladım ki, yanlış bir həyat yaşamışam. Özümü cəhalətin, günahların və mənəvi qaranlığın içində itirmişəm. Dəyişmək istəyirdim...”
 
“Yadda saxlayın: biz bu dünyada müvəqqətiyik. Elə bir gün gələcək ki, bu həyatda topladığımız hər şeyi geridə qoyub gedəcəyik....Söylədiyimiz hər sözə, bəslədiyimiz hər niyyətə, etdiyimiz hər əmələ görə YARADANIN qarşısında cavab verəcəyik...”
 
“Narkotik asılılığı ilə mübarizə aparan insanlar isə mənəvi dəstəklə yanaşı, tibbi və psixoloji yardıma da ehtiyac duya bilərlər. Onları qınamaq əvəzinə, həyatlarını yenidən qurmaq üçün dəstək olmaq vacibdir…”
 
Günahların qaranlığından mərhəmətə və ümidə doğru...
 
*** *** ***
 
...İnsan bəzən həyatının ən ağır anında özünü dəyişmək, keçmişin səhvlərindən uzaqlaşmaq və yenidən başlamaq istəyir. 
 
Moderator.az-ın “İslam-Today” nəşrində dərc olunmuş materialdan tərcümə edərək dəyərli oxuculara təqdim etdiyi qarşımızdakı hekayə narkotik asılılığının, peşmanlığın və mənəvi axtarışın fonunda insanın daxilində baş verən sarsıdıcı dəyişiklikdən bəhs edir, gerçək İslamın insan həyatındakı müdhiş rolunu təsdiqləyir:
 
“Mən onunla məsciddə qarşılaşdım. Gözləri kədərli, baxışları sönük idi. Dodaqları əsir, bədəni isə sanki bir kölgəni xatırladırdı. O, göz yaşlarını saxlamaq üçün dişlərini bir-birinə sıxırdı. Qurumuş yarpağa bənzəyirdi.
 
— Mənə kömək edin... Bu qaranlıqdan çıxmağıma kömək edin... Artıq dözə bilmirəm. Gücüm qalmayıb, mübarizə aparmağa taqətim yoxdur. Gələcəyə ümidim də qalmayıb. İstəyirəm ki, mənim səhvlərimi başqaları təkrarlamasın...
 
O, sözünə davam etdi:
 
— Gözəllik qorxunc bir silahdır — özü də ən gözlənilməz anda, insanın gənclik çağında partlamağa meyilli olan bir silah... Elə bir vaxtda ki, gözəlliklə çirkinlik çox zaman üz-üzə gəlir; ən kiçik bir səhv hələ yetkinləşməmiş, həyata yenicə qədəm qoyan gənc qəlblərdə xoşbəxtliyi kədərə çevirir, təbəssüm qanlı göz yaşları ilə qovuşur. Elə bir vaxtda ki, yeniyetməlik dövründə uşağın həyatı uçurumun lap kənarında dayanır...
 
“12 yaşımda bütün məktəbin ən gözəl qızı idim...”
 
Həmsöhbətim xatirələrini danışmağa başladı:
 
— Yadımdadır, 12 yaşımda təkcə sinifimizin deyil, bütün məktəbin ən gözəl qızı sayılırdım. Buna görə də ətrafımda mənə maraq göstərən oğlanlar erkən yaşlardan peyda olmuşdu. Həmyaşıdlarım mənə maraqlı gəlmirdi. Daha yaşlı, nüfuzlu və imkanlı kişilərlə ünsiyyətdə olmaq xoşuma gəlirdi...
 
Əvvəlcə hər şey mənə maraqlı görünürdü. Diqqət, nəvaziş, xoş sözlər, hədiyyələr, güllər... Özümü gözəllik kraliçası hesab edirdim. Lakin zaman keçdikcə həmin başgicəlləndirici görüşlərin acı bəhrələri ortaya çıxmağa başladı...
 
15 yaşımda artıq abortların ağır yükü altında əzilirdim. Gözümü açıb-yumunca özümü növbəti dəfə ginekologiya şöbəsində görürdüm. İstənməyən hamiləlikdən qurtulmaq üçün dəfələrlə xəstəxanaya aparılırdım. Neçə dəfə belə hadisə yaşadığımı belə xatırlamıram...
 
18 yaşımda ilk dəfə narkotik maddəni inyeksiya yolu ilə qəbul etdim. Çünki sərxoş olmaqla, baş verənləri unutmağa çalışmaqla belə ağrılarıma son qoya bilmirdim... Dünyaya gəlməmiş uşaqlarımın səslərini eşitdiyimi düşünür, qorxulu yuxular görür, özümü itirirdim. Bu düşüncələr məni dəli olmaq həddinə çatdırırdı.
 
Narkotik qəbul etməyə başlayandan sonra bu mənəvi-ruhi ağrılarım sanki arxa plana keçdi. Amma bu dəfə başqa bir ehtiyac yaranmışdı: keçmişi unutmaq deyil, növbəti dozanı tapmaq ehtiyacı...
 
...Günlər sürətlə keçirdi. Bəzən yalnız narkotik çatışmazlığının yaratdığı ağır vəziyyət zamanı zaman dayanmış kimi gəlirdi.
 
Bir anın içində dəyişən həyat...
 
— Təxminən bir ay əvvəl isə ən dəhşətli hadisə baş verdi...
 
Sərxoş vəziyyətdə avtomobilin sükanı arxasına keçmişdim. Özümü sanki avtomobillə bir bütöv hiss etmək, sürəti artırıb irəli şığımaq istəyirdim. Gözlərim yaşla dolmuşdu. Sinəmdə yanğı, ürəyimdə ağrı vardı. Keçmişimdən həmişəlik uzaqlaşmaq istəyirdim. Mən də işıqlı gələcəyə can atırdım. Mərhəmətin, xeyirxahlığın hökm sürdüyü, iffətin dəyərli sayıldığı, insanların niyyətlərinin və əməllərinin səmimiyyətlə ölçüldüyü bir dünyaya...
 
Birdən yolda, sanki yerin altından çıxmış kimi, üç-dörd yaşlarında bir uşaq peyda oldu. Hər şey gözlərimin qarşısında fırlandı. Bədənim titrəməyə başladı, əllərimi və ayaqlarımı hiss etmədim. Sanki dünyaya gəlmədən itirdiyim uşaqlarım ətrafımı sarmışdı. Gözləri yaşla dolu halda mənə baxır, pıçıldayırdılar:
 
“Dayan... Dayan, ana... Daha ölüm olmasın...”
 
Əyləci necə basdığımı, sükanı hansı istiqamətə çevirdiyimi xatırlamıram. Özümün avtomobilin yan pəncərəsindən yola necə düşdüyümü də bilmədim. Bir də gördüm ki, az əvvəl vurmaq təhlükəsi ilə üz-üzə qoyduğum balaca uşağın ayaqlarının önündəyəm...
 
Onun gözlərini xatırlayıram... Açıq mavi, təmiz, səma kimi aydın gözlərini... Bir az əvvəl az qala avtomobilin altında qalacaq həmin balaca qız mənə belə dedi:
 
— Xala... Xala, ağrıyır? Haranız ağrıyır?
 
Sonra o işıqlı gözlər gözümdən itdi...
 
Ətrafı qaranlıq bürüdü. Hər yer zülmətə qərq oldu. Soyuqdan donurdum. Heç nə görmür, heç nə hiss etmirdim.
 
Şüurumdan bir fikir keçdi:
 
“Bitdi... Hər şey bitdi... Deməli, ölüm belə gəlir...”
 
Qaranlığın içindən gələn səs…
 
Birdən zülmətin içindən ildırım kimi bir səs eşitdim. Qorxunc, əzəmətli bir səs... Sanki bu sözlər mənə ünvanlanmışdı:
 
“Sual verən bir nəfər baş verəcək əzab haqqında soruşdu... O əzab kafirlər üçündür və heç kəs onu dəf edə bilməz!.. O, (mələklərin) yüksəlmə yerlərinin (göylərin) sahibi olan Allah tərəfindəndir!..”
 
(Bu sözlər Qurani-Kərimin “Məaric” surəsinin ilk ayələrini xatırladır-S.L.)
 
Ayılıb gözlərimi açanda ağ tavan, ağ divarlar, ağ yataq dəsti və pəncərədən içəri süzülən günəş işığı gördüm.
 
Xəstəxanada idim...
 
Boğazım düyünləndi, göz yaşlarım yanaqlarımdan süzüldü. Nəhayət, anladım ki, yanlış bir həyat yaşamışam. Özümü cəhalətin, günahların və mənəvi qaranlığın içində itirmişəm. Dəyişmək istəyirdim...
 
İslamı qəbul etmək, Uca Allahdan bağışlanma diləmək istəyirdim. Çünki Allah mənə möhlət vermiş, yaşamaq üçün daha bir fürsət tanımışdı. Mənə həyatımı yenidən qurmaq imkanı verilmişdi...
 
— Mənə kömək edin... Bu qaranlıqdan çıxmağıma kömək edin...”
 
Bunları deyərkən hönkür-hönkür ağlamağa başladı.
 
Hər qaranlığın sonunda ümid işığı varmı?..
 
...Məlum olduğu kimi, insan nadir hallarda doğru cavabı elə ilk dəfədən tapa bilir. Çünki bu, yalnız seçilmiş, müdrik insanlara xas olan bir xüsusiyyətdir. İdrak və həqiqəti dərk etmə prosesi isə hər zaman sınaqlar və səhvlərlə müşayiət olunur.
 
Yadda saxlayın: biz bu dünyada müvəqqətiyik. Elə bir gün gələcək ki, bu həyatda topladığımız hər şeyi geridə qoyub gedəcəyik. Özümüzlə isə ömür adlandırdığımız bu zaman ərzində topladığımız əməlləri aparacağıq. Söylədiyimiz hər sözə, bəslədiyimiz hər niyyətə, etdiyimiz hər əmələ görə YARADANIN qarşısında cavab verəcəyik.
 
Qoy bütün əməllərimiz səmimi, həqiqi və hər şeydən öncə, Uca Allahın rizasına uyğun olsun.
 
Özünüzü qoruyun! Uca Allah sizi Öz hifzində saxlasın! Amin!..”
 
Müəllif: Gülnaz Sabitova
 
*** *** ***
Bu hekayə bizə həyatın faniliyini, hər bir əməlin məsuliyyətini və insanın yenidən başlamaq istəyinin əhəmiyyətini xatırladır. İnsan bu dünyada əbədi deyil. Bir gün topladığı sərvəti, sahib olduğu imkanları və qazandığı mövqeyi geridə qoyacaq. Özü ilə yalnız əməllərinin mənəvi məsuliyyətini aparacaq. Ona görə də hər bir sözümüzdə, niyyətimizdə və davranışımızda səmimi olmağa çalışmalıyıq. Səhvlərimizi etiraf etməkdən, kömək istəməkdən və doğru yola qayıtmaqdan çəkinməməliyik.
 
İslamda tövbə və Allahın mərhəmətinə ümid mühüm yer tutur. Səmimi tövbə insanın keçmişini dəyişdirməsə də, gələcəyini başqa istiqamətə yönəltməsinə yol aça bilər. Narkotik asılılığı ilə mübarizə aparan insanlar isə mənəvi dəstəklə yanaşı, tibbi və psixoloji yardıma da ehtiyac duya bilərlər. Onları qınamaq əvəzinə, həyatlarını yenidən qurmaq üçün dəstək olmaq vacibdir…
 
Uca Allah hər birimizə doğru yolu tanımağı, səhvlərimizdən nəticə çıxarmağı, səmimi tövbə etməyi və mərhəmətli olmağı nəsib etsin. Amin!..
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın