Neçə döyüşdən salamat çıxan polkovnik evində ölümün pəncəsindən necə döndü?..- Bir hərbçi xanımın xatirələri...
21 Oct 2026, 17:17 3 baxış 8 dəq oxuma
“Özüm də yoxladım, doğrudan da nəbzi vurmurdu, amma inanmaq istəmirdim... Deyirdim, həyəcandandır, yəqin, tuta bilmirəm...”
“Qarabağda Qələbəni görməmiş ölüm ona yasaq idi. Və bu Qələbəni görmək onun təbii, halal haqqı idi...”
Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırmaqda davam edirik:
(Əvvəli burada:)
…1995-ci ilin mart hadisələri başlayanda Mehmanı Bakıya çağırdılar…
Sonralar məni “OMON” bazasının yerləşdiyi, “8-ci kilometr” adlanan əraziyə apardı, bir beton səddin qarşısında dayanıb dedi: “Bu beton yuxarıdan atılan güllələrdən məni qorudu...” Bu sözlərdən sonra onu bir anlıq belə, itirmək qorxusu məni sarsıtdı…
Bir dəfə, saat 10–11 radələrində uşaqlarla birlikdə maşında gedərkən avtomobilimizi başqa bir maşınla vurmağa çalışdılar. Yalnız həyat yoldaşımın cəldliyi və soyuqqanlılığı bizi xilas etdi... Bizi vurmaq istəyən avtomobilin kimə məxsus olduğunu bilsə də, heç kəsə bu barədə danışmadı...
1995-ci ilin aprelində onu Müdafiə Nazirliyinə nazir müavini təyin etdilər. Özü danışırdı ki, o təqdimat vaxtı Prezident Heydər Əliyev belə deyib: “Səlimov “Milli Qəhrəman” adını istəmir, ona vəzifə verdim...”
Çox çətin günlər idi. Dövlət başçısı gecə yarısına qədər iş başında olur, dövlətin təməli qoyulurdu. Biz də arxa cəbhədə öz öhdəmizə düşən yükü layiqincə daşımağa çalışırdıq...
Uşaqlar böyüyür, məsuliyyət artırdı. Bəzən onların bu məsuliyyəti yetərincə hiss etmələri məni çox təsirləndirirdi. Atalarının təsadüfən onlarla keçirdiyi bir neçə gün uşaqlar üçün böyük bayrama çevrilirdi. Yayda Zaqulbada olduğumuz vaxtlar uşaqların asfaltın üstündə uzanıb atalarını gözləmələri heç yadımdan çıxmır. Ataları gəlməyincə evə girmirdilər. Fərhad onda balaca idi. Soruşurdu: “Hamı deyir ki, atamızın böyük vəzifəsi var. Bəs bizim atamızın vəzifəsi nədir?” Deyirdim: “Atanız polkovnikdir...” İstəmirdim ki, özlərini kimsədən üstün tutsunlar. Qızlar bir az böyük olduqları üçün məni başa düşürdülər...
Sırf Vətən sevgisi ilə...
...1999-cu ildə, 44 yaşında pensiyaya çıxdı. Uşaqlar “Ura, atamız bizimlədir!” deyə sevindilər. 10 gün dənizə getdilər, ataları olmadan keçən günlərin əvəzini çıxmağa çalışdılar. Onlar üçün fərq etmirdi: ataları vəzifədədir, yoxsa yox. Bu da bizim ailənin özəlliyi idi. Üç ay sonra pensiyası təyin olundu. Təqaüdə çıxanda cibində cəmi 200 manat pulu var idi. Uşaqlar böyüyür, tələbatları artırdı, amma o illəri də alnıaçıq yola verdik...
Sonra Türkiyədən dövlətə kömək məqsədilə gətirilmiş polietilen sexini işlətməyə başladı. Hər gün evə yorğun gəlirdi, amma heç vaxt gileylənməzdi. Məşğul olduğu hər bir işi dərindən mənimsəyirdi. O vaxtlar uşaqlarla gününü çox xoş keçirirdi... Fərhad da boş vaxtlarında sexdə ona kömək edirdi...
...Daha sonra tikinti işlərinə qoşuldu. Sumqayıtda sərmayədar dostlarının dəstəyi ilə iki çoxmərtəbəli bina tikdirdi. Həmin binalar digərlərindən fərqlənirdi. Gözəl və rahat binalar idi; tikintidə ən keyfiyyətli materiallardan istifadə olunmuş, öz adına layiq bir inşaat işi ortaya qoyulmuşdu...
Həyata Möcüzəvi Qayıdış...
...Fevral ayı idi. Bir gün Mehman işdən gəlib vanna qəbul edəcəyini bildirdi. Ondan əvvəl, axşam saat 9 radələrində oğlum dedi: “Ana, şəhərə çıxıram”. Dedim ki, atandan icazə al, sonra get...” Az keçmədi Fərhad qayıdıb dedi: “Ata xoruldayır, içəri girmədim”. Dərhal ağlıma gəldi ki, “xorultu” nədi - bəlkə dəm qazından zəhərlənib... Tələsik yüyürüb hamam otağının qapısını açdım... Gördüm ki, Mehman xırıldayır, əllərini sinəsinə sıxıb, ayaqları dartılıb, ağzından köpük gəlir. Əlimi atdım, nəbzini tuta bilmədim. Şokda idim... Az yaşına baxmayaraq artıq Fərhad ayıq tərpənib ona süni nəfəs verməyə başlamışdı. Özümə gəlib dedim: “Qaçın, təcili yardım çağırın!” Özüm süni nəfəs verməyə və ürək masajı etməyə başladım. Ağzındakı protezi güclə çıxardım. Dişləri kilidləndiyi üçün iki barmağım zədələndi...
Qonşumuz Səba xanıma zəng vurub dedilər ki, biz təcili yardıma zəng edə bilmirik, siz də zəng edin. Tibb bacısı olan Səba xanım gəldi, nəbzini yoxlayıb dedi: “Nərminə, nəbz yoxdur”. Özüm də yoxladım, doğrudan da nəbzi vurmurdu, amma inanmaq istəmirdim... Deyirdim, həyəcandandır, yəqin, tuta bilmirəm... Bir anlıq gözümün qabağına həyətdə onun cənazəsini qaldırdıqları mənzərə gəldi. Həyət adamla dolu idi, sanki kino lenti kimi gözümün önündən keçdi... Burnunu bərk basdım (bu, şokdan çıxarma üsuludur) və bərkdən qışqırdım: “Uşaqları, məni qoyub hara gedirsən?!” Qonşular səsimə yığıldılar. İndi də deyirlər ki, o qışqırıq hələ də qulaqlarındadır...
Birdən Səba xanım dedi: “Nəbz gəldi!” Elə həmin vaxt 4–5 təcili yardım maşını gəlib çatdı. Dedim ki, adrenalinim olmadı, vura bilmədim... Həkim isə dedi: “Xanım, təzyiqi 130/80-dir”. Onu Mərkəzi Kliniki Xəstəxanaya apardıq. Çatanda gördüm ki, 20-dən çox maşın gəlib. Qonşular, qohumlar Bakıxanovdan toplaşıb özlərini yetirmişdilər...
Onun belə bir vəziyyətdə sağ qalması həqiqətən möcüzə idi. Allahımız onu üçüncü dəfə bizə bağışladı (bir dəfə də kontuziya almışdı). Sanki Əzrail onunla gizlənpaç oynayırdı. Qarabağda Qələbəni görməmiş ölüm ona yasaq idi. Və bu Qələbəni görmək onun təbii, halal haqqı idi...
Xəstəxanada elektroşokdan sonra özünə gəldi. Bütün qonşular, o cümlədən Füzuli köçkünləri də orada idilər. Hamı yaxınlaşıb yardım təklif edirdi. Onların səmimi təklifləri məni çox kövrəltdi, geniş ürəkləri gözlərimi yaşartdı. Dedim ki, bu millət böyük millətdir. Özləri çətinlikdə olsalar da, bizi tək qoymadılar...
Ayıldıqdan sonra yanına anasını göndərdim. Zarafatla anasına dedi: “O dünyaya getdim, atamı gördüm, səni soruşmadı...” Sonra danışırdı: “Bir tunellə gedirdim, uzaqda bir qapı var idi. Yaxınlaşdım, qapını aça bilmədim. Əmim (atasına əmisi uşaqlarının dili ilə ‘əmi’ deyirdi) qapını açdı. Əynində ağ libas var idi, arxada isə gözəl bir çəmənlik görünürdü. Mənə dedi ki, ‘sən burada nə edirsən, get buradan!’ Qapını üzümə çırpdı. İndi də burnum ağrıyır...” Hirsimdən burnunu elə bərk basmışdım ki, ayılmışdı...
Təsadüfən, həmin gecə təcili yardım şöbəsində mənim bir pasiyentim anası ilə birlikdə növbədə olubmuş. Deyirlər ki, səhərə qədər bizimlə çox maraqlı söhbətlər edib. İndi də o gecəni xatırlayırlar...