Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib. 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanan müqavilənin təsdiqi iki dövlət arasındakı münasibətlərdə yeni bir dönəmin başlanğıcını qoyub.
Qeyd edək ki, bu müqavilə hər iki ölkəyə öz müdafiə və təhlükəsizliyini daha etibarlı şəkildə təşkil etməyə imkan verəcək ki, bu da təhdid və qarşıdurmaların genişləndiyi dünyamızda olduqca əhəmiyyətlidir.
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsinin imzalanması türk dünyasının birliyi və təhlükəsizliyi baxımından da mühüm önəm kəsb edir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər Türk Dövlətəlri Təşkilatının öz aktivliyini arırması, faktiki olaraq türk dövlətlərini ümumi maraq və mənafelər altında birləşdirməsi prosesi baş verir ki, bu konteksdə Azərbaycanla Qırğızıstan arasında belə bir müqavilənin imzalanması ümumtürk birliyinə töhfədir.
Azərbaycanla Qırğızıstan arasında imzalanan bu müqavilə, həm də onu deməyə əsas verir ki, türk dünyası öz təhlükəsizliyinin təmini yolunu özündə görür, məlum problemin etibarlı həlli üçün birgə səy və əmək sərf edir. Hansı ki, bu cür yanaşma bütün türk dünyasının təhlükəsizliyinə ciddi töhfə hesab edilə bilər.
Azərbaycanla Qırğızıstan arasındakı məlum müqavilə eyni zamanda mühüm çəkindirici əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz hərbi qüdrətini daha da artıran Azərbaycan, bu kimi müqavilələrlə beynəlxalq tərəfdaşalrının da sayını çoxaltmaqda, mümkün təhdid və təhlükələrə qarşı qlobal sipər formalaşdırmaqdadır.
İnanırıq ki, Azərbaycanla Qırğızıstan arasındakı müttəfiqlik münasibətləri uğurla inkişaf edəcək, milli təhlükəsizliklə yanaşı, regional və qlobal təhlükəsizliyə öz töhfəsini verəcək.
Seymur ƏLİYEV