Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı yeni açıqlama verilib. Kreml hesab edir ki, münaqişənin həlli istiqamətində proses irəliləyir, lakin döyüşlərin nə vaxt dayanacağı hələ məlum deyil.


Moderator.az xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakov “Vesti”yə açıqlamasında müharibənin bitməsinə nə dərəcədə yaxınlaşıldığı barədə danışıb.






Uşakov bildirib ki, münaqişənin sona çatmasına nə qədər vaxt qaldığını dəqiq söyləmək çətindir, lakin proses bu istiqamətdə gedir.


Onun açıqlaması Moskvanın danışıqların bərpası məsələsini müzakirə etdiyi bir vaxta təsadüf edir. Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndəsi Stiv Vitkoffla görüşündə Ukrayna və Vaşinqtonla danışıqların bərpasına hazır olduğunu bildirib.


Eyni zamanda, mediada ABŞ prezidenti Donald Trampın Vladimir Putin və Volodimir Zelenski arasında sülh razılaşmasına nail olunması üçün yeni təşəbbüslər irəli sürə biləcəyi barədə məlumatlar yayılıb. Dekabrda Mayamidə mümkün görüşlə bağlı iddialar da gündəmə gəlib.


Bununla belə, danışıqların bərpası müharibənin mütləq başa çatacağı demək deyil. Tərəflər arasında ərazi məsələləri və gələcək təhlükəsizlik təminatları ilə bağlı fikir ayrılıqları qalır.


Hələlik müharibənin başa çatacağı konkret tarix və ya sülh sazişinin imzalanması ilə bağlı rəsmi razılaşma açıqlanmayıb.