Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş nəfər yaralanıb.
Moderator.az-ın AFP-yə istinadən məlumatına görə, bu barədə iki yerli sakin xəbər verib.
Onların sözlərinə görə, hücum oktyabrın 20-də axşamı ştatın inzibati mərkəzi Mekeledən təxminən 85 kilometr cənub-qərbdə yerləşən Finarva yaşayış məntəqəsində baş verib.
"Pilotsuz uçuş aparatının zərbəsi keçi satıcılarına heyvanları maşına yükləyərkən endirilib", - adı açıqlanmayan yerli keşiş agentliyə bildirib.
O bildirib ki, ikisi uşaq olmaqla dörd nəfər hadisə yerində ölüb. "Mən bütün qurbanların meyitlərini dəfn etmək üçün şəxsən bükdüm", - keşiş əlavə edib.
Başqa yerli sakin ölənlərin sayını və hadisənin başvermə şəraitini təsdiqləyib. Onun sözlərinə görə, yaralıların xəstəxanaya təxliyəsi təcili yardım maşınının olmaması səbəbindən çətinləşib.
AFP qeyd edir ki, xəbərləri müstəqil şəkildə təsdiqləyə bilməyib. Efiopiya Federal Ordusunun nümayəndəsi hələlik agentliyin şərh istəyinə cavab verməyib.
Tiqray ştatında federal qoşunlarla üsyançılar arasında döyüşlər davam edir.