“Uzun illərdir ki, Azərbaycan mədəniyyətini Türkiyədə təmsil və təbliğ edirəm. Nəinki mən, digər azərbaycanlı sənətkarlar da mənimlə birlikdə qardaş ölkədə Azərbaycan musiqisini, teatr və kino sənətini təbliğ edirlər. Biz sənətçi olaraq öz işimizi görür, təbliğatımızı edirik. Necə deyərlər başımızı aşağı salıb işimizlə məşğuluq. Zatən sənətçinin də bir nömrəli işi və məqsədi budur. Biz siyasətçi deyilik. Meydanda ancaq rollarımızla, tamaşalarımızla, sənət əsərlərimizlə görünə bilərik”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova deyib.
Türkiyədə yaşayan aktrisa daha sonra əlavə edib:
“Azərbaycan müstəqil və hüquqi dövlətdir. Azərbaycan dövləti heç bir ölkənin, ələxsus qardaş Türkiyənin daxili işlərinə qarışmadığı kimi, Türkiyə Cumhuriyyətinin heç bir vətəndaşı da Azərbaycanın daxili işlərinə qarışa bilməz. Mən bu təxribatı yayan, iki ölkəni öz aləmlərində üz-üzə qoymaq istəyən insanları da şiddətlə qınayıram və insanları o təxribatlara inanmamağa çağırıram. Azərbaycanın daxili məsələsinə heç kim qarışmasın. Bizim cənab prezidentimiz nəyi necə və nə vaxt edəcəyini çox gözəl bilir. Bu gün verilən qərarlar sabahın sığortasıdır. Ölkəmiz üçün xeyirlisi nədirsə o da olsun. Bizim tək diləyimiz budur. Bütün qərarlara hörmətlə yanaşmaq lazımdır” - deyə aktrisa bildirib.