Türkiyənin Bartın şəhərində keçirilən futbol matçında 35 yaşlı Akın Karaaslan infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Moderator.az "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda ikinci turun oyunları çərçivəsində "Arıt Kayadıbispor" və "Gençlik Mimar Sinan Spor" komandaları Bartın Atatürk stadionunda qarşılaşıblar.
"Arıt Kayadıbispor"un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində "Gençlik Mimar Sinan Spor"un futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.
Futbolçunun vəziyyətinin ciddi olduğu məlum olduqdan sonra meydana təcili tibbi yardım briqadası və həkimlər çağırılıblar. Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra Karaaslan təcili tibbi yardım maşını ilə Bartın Dövlət Xəstəxanasına aparılıb.
Məlumata görə, infarkt keçirən futbolçu xəstəxanada angioqrafiya prosedurundan keçirilib.