İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Sakanın zədəsi səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Sami Mokbel məlumat yayıb.
25 yaşlı hücumçu UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyada "Bavariya" ilə keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün ilk dəqiqələrində zədələnərək əvəzlənib.
İlkin müayinələr Sakanın budun ön hissəsində yerləşən dördbaşlı əzələsində zədə olduğunu göstərib. Lakin zədələnən nahiyədə şişkinlik səbəbindən problemin ağırlığını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən futbolçu əlavə tibbi müayinədən keçib.
"Arsenal"ın oyunçunun ən azı altı həftə, mümkün ssenaridə isə səkkiz həftəyədək meydana çıxa bilməyəcəyindən narahat olduğu bildirilir. Zədənin dəqiq ağırlığı ilə bağlı yekun qiymətləndirmə gözlənilir.
Qeyd edək ki, Saka cari mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 11 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.