Həkimlər saqqızın tərkibindəki bəzi maddələrin sağlamlıq üçün potensial risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
 




Saqqız ağız qoxusunu aradan qaldırmaq və stressi azaltmaq üçün geniş istifadə olunur. Lakin alimlərin araşdırması onun çeynənməsi zamanı mikroplastik hissəciklərin ayrıldığını üzə çıxarıb.
 
Moderator.az “Daily Express”ə istinadən xəbər verir ki, ABŞ alimləri müxtəlif saqqız markalarını araşdıraraq bir ədəd saqqızın çeynənməsi zamanı 3 minədək plastik hissəciyin ayrıldığını müəyyən ediblər.
 
Tədqiqatın aparıcı müəllifi Sanjay Mohantinin sözlərinə görə, saqqızların əksəriyyətinin tərkibində elastik əsas, şirinləşdiricilər və dadlandırıcılar var. Təbii saqqızlarda bitki mənşəli polimerlərdən, sintetik məhsullarda isə polimer əsaslı materiallardan istifadə olunur.
 
Araşdırma necə aparılıb?
 
Təcrübə zamanı iştirakçılar dörd dəqiqə ərzində saqqız çeynəyib, hər 30 saniyədən bir tüpürcək nümunələri veriblər. Daha sonra nümunələr analiz edilib. Mikroplastik hissəciklərin hansı müddətdə ayrıldığını müəyyənləşdirmək üçün əlavə olaraq 20 dəqiqəlik müşahidə də aparılıb.
 
Nəticələr nə göstərib?
 
Təhlillər bir qram saqqızın çeynənməsi zamanı orta hesabla 100 mikroplastik hissəciyin ayrıldığını, bəzi nümunələrdə isə bu rəqəmin 600-ə çatdığını göstərib. Adi saqqızın çəkisi 2-6 qram arasında dəyişdiyindən, bir ədəd saqqızdan 3 minədək plastik hissəcik ayrıla bilər.
 
Alimləri təəccübləndirən məqamlardan biri təbii və sintetik saqqızların təxminən eyni miqdarda mikroplastik hissəcik buraxması olub. Hissəciklərin böyük hissəsi isə çeynəmənin ilk iki dəqiqəsində ayrılıb.
 
Tədqiqatın rəhbəri bildirib ki, saqqızlardan ayrılan mikroplastikin insan sağlamlığına mümkün təsirlərini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
 
Mikroplastikin insan orqanizminə təsiri hələ tam öyrənilmədiyindən, onun sağlamlıq üçün yaratdığı risklər də dəqiq müəyyənləşdirilməyib.