iPhone istifadəçilərini hədəf alan genişmiqyaslı haker kampaniyası aşkarlanıb. Hücumçular kriptovalyuta oğurlamaq və casus proqramlar yaymaq üçün minlərlə qanuni saytdan istifadə edirlər.
Moderator.az xəbər verir ki, bu barədə “Forbes” nəşri Report URI və iVerify şirkətlərinin araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, DeadTag adlı qrupla əlaqələndirilən kampaniya çərçivəsində aylıq auditoriyası təxminən 49 milyon nəfər olan 6 600-dən çox sayta zərərli kod yerləşdirilib. Onlardan 248-i Apple cihazları üçün casus proqram təminatının yayılmasında istifadə olunur.
Hakerlər köhnəlmiş saytların təhlükəsizlik boşluqlarından yararlanır və qurduqları infrastrukturu digər kibercinayətkarlara da təqdim edirlər.
Mütəxəssislər bildirirlər ki, Apple təhlükəsizlik boşluqlarını aradan qaldıran yeniləmələr yayımlayıb. Buna görə də istifadəçilərə iPhone-larını ən son əməliyyat sistemi versiyasına yeniləmək və şübhəli keçidlərdən uzaq durmaq tövsiyə olunur.