Rusiya ilə müharibə davam edərsə, Ukraynanın hərbi xərcləri 2027-ci ildə gündə 473 milyon dollara çata bilər.
Moderator.az xəbər verir ki, bu barədə TASS Ukrayna Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.
Hesablamalara görə, Ukraynanın gələn il hərbi xərclərinin ümumi həcmi təxminən 173 milyard dollar təşkil edə bilər. Bu məbləğə aktiv hərbi qulluqçulara ödənişlər, hərbi texnika, döyüş sursatları və təchizat vasitələrinin alınması daxildir.
Məlumatda qeyd olunur ki, hesablamalara keçmiş hərbçilərə və həlak olan hərbçilərin ailələrinə sosial dəstək xərcləri, eləcə də Müdafiə Nazirliyindən kənar qurumlar tərəfindən həyata keçirilən istehkamların tikintisi və digər dövlət xərcləri daxil edilməyib.
Müqayisə üçün bildirilib ki, 2026-cı ildə Ukraynanın gündəlik hərbi xərcləri orta hesabla 300 milyon dollar olub. İlin sonuna əlavə müdafiə xərcləri ilə bağlı müraciətlər də nəzərə alınarsa, bu göstərici 370 milyon dollara yüksəlir.
Beləliklə, müharibənin 2027-ci ildə də davam etməsi ssenarisində gündəlik hərbi xərclərin daha da artacağı proqnozlaşdırılır.