“Azərbaycanda bəbirlərin mühafizəsi layihəsi 2002-ci ildən başlamışdır. Kameralar 2006-cı ildən Talış və sonra Zəngəzur dağlarında quraşdırılmışdır. İlk bəbir fotosu Talış dağlarında 2007-ci ildə çəkilmişdi. Naxçıvanda ilk bəbir kameralara 2012-ci ildə düşmüşdü. 2023-də azad olmuş torpaqlarımızda Kəlbəcərdə çəkilmişdir. Bu vaxta kimi 20-si bala olmaqla cəmi 52 bəbir müxtəlif dövrdə kameralarımızdan keçmişdir”
Bunu Moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.
O daha sonra əlavə edib:
“Bu bəbirlər tarixən həmişə bizim ərazimizdə olmuşdur, sadəcə sayları XX əsrin 2-ci yarısında kəskin azalmışdır. Layihə müddətində onların sayları artmış və hazırda Zəngəzur milli parkında hər il 4-5 bala müşahidə olunur. Kameralardan keçən hər bir fərd məlumat bazasına yerləşdirilir və hər birinə adlar verilir. Banu adlandırdığımız bu ana bəbir də ilk dəfə 2019-cu ildə Zəngəzur MP ərazisində müşahidə olunmuşdur. 2024-cü ildə o 3 bala ilə qeydə alınmışdır. Bu yaxınlarda yenidən İDEA İctimai Birliyi tərəfindən quraşdırılan kameraya yeni 3 balasıyla düşmüşdür” deyə o bildirib.
Elşad Əsgərov yaradılacaq Şərqi Zəngəzur milli parkından da danışıb:
“Hazırda yaradılması nəzərdə tutulan Şərqi Zəngəzur milli parkı Kiçik Qafqazın yüksək dağlıq hissələrini-Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir. Respublikamızda bəbirlərin sıx yaşadığı ərazi isə Naxçıvandakı Zəngəzur milli parkıdır” deyə o bildirib.