“Babamın anım günü istirahət gününə düşdüyü üçün inanmıram ki, hansısa verilişdə xatırlansın, kimsə efir vasitəsilə desin. Bəlkə də deyiblər, amma mən görməmişəm. Bircə bunu bilirəm ki, Mirnazim Əsədullayevlə oğlu Toğrul, bir də ailə dostumuz Nazim babamın məzarını ziyarət ediblər. Biz getdik, gördük ki, məzarın üstündə gül var. Sonradan bildik ki, onlar gəlib. Başqa kimsə yazıb, başsağlığı verməyib”


Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xanəndə Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. 






O daha sonra əlavə edib:


“Amma istər anım günü olsun, istərsə də doğum günü Xalq artisti Zabit Nəbizadə Hacıbaba Hüseynovun məzarını ziyarət edir. Dəfərlərlə bizə də zəng edib ki, “gedirəm, bəlkə sizi də götürüm?”. Götürüb, aparıb da. Bu il bəlkə də başı qarışıqdır, heç kimi qınamırıq, heç kimdən nəsə ummuruq. Amma Zabit müəllimin bu diqqətini unuda bilmərik. Edən də sağ olsun, etməyən də. Bacım uzaqdadır, illərdir babamın məzarını ziyarət edə bilmir. İndi elə çətin dövrdür ki, insanlar öz doğmalarının məzarını belə ziyarət edə bilmirlər. Ya vaxt tapmırlar, ya da öz işləri ilə üst-üstə düşür. Ona görə də kimdənsə nəsə ummaq düzgün deyil” deyə o bildirib.


Sənətkarın nəvəsi bildirib ki, efirdə onun repertuarına müraciət edən müğənnilərin əlsəriyyəti babasının adını çəkmir:


“Mahnılarını bəh-bəhlə oxuyanlar bir dəfə onun efirdə adını çəkib, rəhmət oxumayıblar. Düzdür, ad çəkənləri də var, amma çox azdır. Onlar deyə bilərlər ki, bunu Hacıbaba müəllim ortaya çıxarıb, ərsəyə gətirib. Bunu demək elə də qlobal məsələ deyil. Onun ərsəyə gətirdiyi, ortaya çıxardığı mahnıları adını çəkmədən ifa edirlər. Ümumiyyətlə elə bil Hacıbaba adında sənətkar yoxdur, bu mahnını əzəldən bunlar oxuyublar. Bir qəzəli, təsnifi ömrünün axırına qədər oxuyan xanəndələrimiz olub. İndiki cavan xanəndələrdə də bu var. Axtarışda olmaq istəmirlər. Hazır mahnını oxuyursuz, heç olmasa bir kəlmə ad çəkin. Sizdən pul, var-dövlət, başqa nəsə istəmirik ki. Efirdə adını çəkməyəcəksənsə, niyə onun repertuarından nəsə oxuyursan?” deyə sənətkarın nəvəsi Fatimə Hüseyn deyib.