“ABŞ əslində İranı bombalarla deyil, dünyanın enerji və ticarət marşrutlarını dəyişdirməklə diz çökdərmək istəyir...”
02 Jun 2026, 09:30 2 baxış 8 dəq oxuma
“İran da, ABŞ da bu müharibəni bitirmək istəmədiyindən və zamana oynadığından “yaxşı bəhanə” tapıb Livan düyünündən sui-istifadə edirlər...”
“Vaxtilə Mərkəzi Asiyadan Anadoluya qədər uzanan Türk hegemoniyasına qarşı mübarizədə uduzan Avropa dövlətləri “İpək yolu” marşrutunun alternativini kəşf edərək faktiki olaraq həm Səfəviləri və Qacarları, həm də Osmanlını iqtisadi tənəzzülə uğrada bilmiş və dünya hegemoniyasındakı söz haqqını onların əlindən almışdır...”
“İran “mehriban düşmənçilik” status-kvosunu uzadaraq ABŞ-ın bu tükəndirmə savaşından nə zamansa bezib geri çəkiləcəyinə inanır. Düşüncəsində haqsız da deyil...”
**** **** ****
“İran Livana İsrailin son hücumları səbəbindən ABŞ-la danışıqların dayandığını bəyan edib. Hörmüz ətrafında ara-sıra atışmalar davam edir. Mövcud durumu necə şərh edərdiniz?”
Bu sualımıza cavab olaraq Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuz İranın Livana İsrailin hücumunu əsas gətirərək ABŞ-la danışıqları dayandırmasını gözlənilən addım olaraq qiymətləndirir:
“Hələ atəşkəs müzakirələri yeni başlayanda bu məsələ gündəmə gətirilmişdi. İsrail və ABŞ ordusu İranı bombaladığı sıralarda “Hizbullah” da müharibəyə qoşulmuş və İsrailin müxtəlif ərazilərini raket yağmuruna tutmuşdu. Nəticədə İsrail də Livanın paytaxtındakı “Hizbullah” mövqelərinə ağır zərbələr endirmişdi. Beləcə, Livanla İsrail arasında uzun illərdən bəri davam edən müharibə mühiti yenidən qızışmışdı. Qarşılıqlı bombardmanın ən kritik vaxtında İranla ABŞ arasında atəşkəs müzakirələri başlamışdı. “Hizbullah” da İrana müraciət edib Livanın da müzakirə masasına yatırılmasını istəmişdi. İrandan bu xahişə müsbət reaksiya gəlmişdi. O vaxtdan indiyə qədər İranla ABŞ müzakirələrinin çıxılmaz dalana dirənməsinin səbəblərindən biri də Livan məsələsidir. İran Livanı da ABŞ-la müharibənin bir cəbhəsi elan etmiş və atəşkəs qərarının bütün cəbhələrdə tətbiq olunmasını istəmişdi. ABŞ bu tələbə etiraz etməsə də, İsrail Livanla müharibəni özünün apardığını bildirmiş və Vaşinqtonun Təl-Əvivin əvəzinə qərar vermək hüququnun olmadığına eyham vurmuş, “Hizbullah”ı tam çökdürməyənə qədər atəşkəsə getməyəcəyini açıqlamışdı. Elə bu səbəbdən də İranla ABŞ arasında müzakirələrin getməsinə paralel olaraq İsrail də Livanı bombalayır”.
Analitikin fikrincə, həm ABŞ və İsrailin, həm də İranın bir-biri ilə daban-dabana zidd mövqedən çıxış etməsi və əsla güzəştə getmək istəməməsi Fars körfəzindəki müharibənin nə zamansa bitəcəyini şübhə altında qoyur:
“Hətta fikrimcə, Livan düyünü müharibənin əsl səbəbi yox, sadəcə bəhanəsidir. İran da, ABŞ da bu müharibəni bitirmək istəmədiyindən və zamana oynadığından “yaxşı bəhanə” tapıb Livan düyünündən sui-istifadə edirlər. İran öz proksi qüvvəsini heç vaxt tərk etməyəcəyini göstərərək lazım gələrsə, danışıqları dayandıra biləcəyini nümayiş etdirir. ABŞ isə İranın Livan israrının ondan asılı olmadığını, gərginliyin əsl məsuliyyətinin ondan kənar qüvvələrdən – İsrail və İrandan qaynaqlandığını, həmin barışmaz düşmənlərin isə ortaq məxrəcə gəlmək istəmədiyini göstərir. Beləcə, Fars körfəzindəki gərginliyi mümkün olduğu qədər uzatmağa çalışır”.
Siyasi şərhçi hesab edir ki, istər ABŞ-ın, istərsə də İranın müharibəni uzatmaq istəyi onların antaqonist olduğu qədər ortaq maraqlarından irəli gəlir:
“İran “mehriban düşmənçilik” status-kvosunu uzadaraq ABŞ-ın bu tükəndirmə savaşından nə zamansa bezib geri çəkiləcəyinə inanır. Düşüncəsində haqsız da deyil. İstər Yaxın Şərqdə, istərsə də Əfqanıstanda apardığı uzunmüddətli savaşlardan Birləşmiş Ştatlar məhz bu səbəbdən geri çəkilmişdi. Vyetnam, Koreya savaşlarının da böyük xərclərinə qatlanmaq istəməyən ABŞ ya müharibəni yarımçıq saxlamış, ya da ağ bayraq qaldıraraq qınına çəkilməyə məcbur olmuşdu. İranla savaşın böyük maliyyə xərclərinin öhdəsindən gələ bilməyən Vaşinqtonun bənzər addımlar atacağı istisna deyil.
ABŞ-ın bu müharibəni uzatmaq istəməsi də onun geo-siyasi maraqlarından irəli gəlir. Vaşinqton başa düşür ki, İran savaşı davam etdikcə, Hörmüz boğazı qapalı qalacaq. Nəticədə ABŞ-ın Çin, Avropa İttifaqı kimi rəqibləri enerji böhranları ilə üzləşəcək və iqtisadi baxımdan zəifləmə trendinə daxil olacaq. ABŞ isə öz növbəsində iqtisadi üstünlüyünü qoruyacaq və dünya hegemoniyasını davam etdirəcək.
Vaşinqtonun digər məqsədi də var – yeni beynəlxalq enerji marşrutu yaratmaq və bu marşrut üzərində dominant gücə çevrilmək. Bunun üçün isə Hörmüz boğazı qapalı qalmalı, bütün dünya, o cümlədən körfəz ölkələri alternativ keçid güzərgahlarına yönəlməlidir. Artıq inşasına başlanılan yeni enerji marşrutlarından Hörmüz boğazının tamamilə bay-pas edilməsi planlaşdırılır. Məsələn, Səudiyyə Ərəbistanı Fars körfəzindən çıxardığı nefti Qırmızı dənizə boru kəmərləri ilə daşımaq, BƏƏ isə körfəzdən Ədən dənizinə nəql etmək barədə düşünür. Bu plan baş tutarsa, Küveyt, İraq və Bəhreyn kimi ölkələr də öz təbii sərvətlərini İraq və Türkiyə üzərindən keçib Avropaya qədər uzanan “Qalxınma yolu” projesi ilə daşıyacaq. Qətər isə özünün mayeləşdirilmiş “LNG” qazını Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-Avropa marşrutları ilə Qərb bazarına çatdıracaq...
Yaxın Şərq İnstitutunun Terrorizm və Ekstremizmə Qarşı Mübarizə Proqramının direktoru Çarlz Lister də bir neçə gün əvvəl Londonda dərc olunan “Əl-Məcəllə” dərgisinə verdiyi açıqlamada dolayısıyla bu iddianı təsdiqləyərək bildirmişdi ki, əgər Suriya öz iqtisadi məqsədlərinə çatıb qlobal logistika mərkəzinə çevrilərsə, enerji və ticarət yollarında əhəmiyyətli dəyişikliklər baş verəcək. Dünyanın ticarət yolları su üzərindən yox, qurudan keçəcək. Zənnimcə, sizin də dediyiniz kimi, Fars körfəzində davam edən ara-sıra atışmalar da buna xidmət edir. ABŞ əslində İranı bombalarla deyil, dünyanın enerji və ticarət marşrutlarını dəyişdirməklə diz çökdərmək istəyir”.
Heydər Oğuzun fikrincə, qlobal ticarət yollarını dəyişdirməklə İran və Şərq ölkələrini çökdürmək Qərb ölkələrinin kəşf etdiyi yeni iqtisadi müharibə taktıkası deyil:
“Vaxtilə Mərkəzi Asiyadan Anadoluya qədər uzanan Türk hegemoniyasına qarşı mübarizədə uduzan Avropa dövlətləri “İpək yolu” marşrutunun alternativini kəşf edərək faktiki olaraq həm Səfəviləri və Qacarları, həm də Osmanlını iqtisadi tənəzzülə uğrada bilmiş və dünya hegemoniyasındakı söz haqqını onların əlindən almışdır. Və qlobal dəniz ticarəti marşrutu da məhz bu səbəbdən qurulmuşdur. İndi isə İranı eyni metodla məhv etmək məqsədi ilə qlobal dəniz ticarəti marşrutundan vaz keçib yenidən quru marşrutlarına qayıtmaq istəyirlər. Təbii ki, burada İsrailin də öz maraqları var. Çünki yeni ticarət yolları təkcə Türkiyədən yox, həm də İsrail üzərindən Avropaya uzana biləcək. 2023-cü ildə Hindistanda keçirilən “G-20” zirvəsində körfəz ərəb ölkələri arasında bağlanan “IMEC” (Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi) sazişində bu nəzərdə tutulurdu”.