Ermənistanda keçirilən seçkilərin nəticələri regionda sülh perspektivləri ətrafında müzakirələri yenidən gündəmə gətirib. Nikol Paşinyanın hakimiyyətini qoruması bir tərəfdən Ermənistan cəmiyyətinin yeni qarşıdurma istəmədiyini göstərsə də, bunun ölkənin dayanıqlı sülhə hazır olması anlamına gəlib-gəlmədiyi hələ də açıq qalır. Çünki real və uzunmüddətli sülh yalnız siyasi bəyanatlarla deyil, dövlət siyasətində və ictimai düşüncədə dərin dəyişikliklərlə mümkündür. Bəs seçkilərin nəticələri Ermənistanın bu istiqamətdə irəliləməsi üçün nə dərəcədə zəmin yaradır?
Milli Məclisin deputatı Nigar Arpadarai mövzu ilə bağlı Moderator.az-a açıqlama verib.
Deputat qeyd edib ki, burada zahirən bir-birinə yaxın görünsə də, əslində iki fərqli məsələni ayırd etmək vacibdir:
“Birinci məsələ ermənilərin müharibə istəyib-istəməməsidir. Düşünürəm ki, seçkilərin nəticələrini belə şərh etmək olar:
Ermənistan cəmiyyətinin böyük əksəriyyəti yeni müharibənin baş verməsini istəmir. Bunu demək, yəqin ki, ədalətli olar. Lakin hərbi əməliyyatların olmaması ilə dayanıqlı sülh eyni məna daşımır. Bunlar tamamilə fərqli vəziyyətlərdir. Müharibənin olmaması elə bir şərait yarada bilər ki, zaman keçdikcə həmin mühitdə müəyyən revanşist meyillər formalaşsın. Üstəlik, müharibənin olmaması hələ sülhün mövcudluğu demək deyil.
Dayanıqlı sülh isə tamamilə başqa bir vəziyyətdir. Bu halda Azərbaycan və Ermənistan beynəlxalq hüquq normaları, ikitərəfli mexanizmlər və qarşılıqlı öhdəliklər çərçivəsində hüquqi və siyasi təminatlar götürürlər. Nəticədə elə bir sistem formalaşır ki, müharibənin yenidən baş verməsi ehtimalı ya minimum səviyyəyə enir, ya da faktiki olaraq aradan qalxır. Ermənistan cəmiyyətinin məhz belə bir sülh modelinə hazır olduğunu göstərən aydın və birmənalı əlamətlərin artıq mövcud olduğunu söyləmək isə çətindir. Çünki söhbət həqiqi sülh müqaviləsindən və real sülh quruculuğundan gedirsə, Ermənistanda daha fundamental dəyişikliklər baş verməlidir”.
Nigar Arpadarai vurğulayıb ki, bu dəyişikliklərə konstitusiyanın yenilənməsi, tarix dərsliklərindən uzunmüddətli münaqişəni qidalandıran müddəaların çıxarılması və digər oxşar addımlar daxildir:
“Başqa sözlə, söhbət sistemli və ardıcıl bir prosesdən gedir. Bu prosesin müəyyən elementlərini artıq müşahidə edirik. Məsələn, "Artsax" ifadəsinin rəsmi sənədlərdən çıxarılması kimi addımlar gərginliyin azalmasına xidmət edir. Lakin bunlar hələlik daha çox ayrı-ayrı təşəbbüslər təsiri bağışlayır və sistemli transformasiyanın göstəricisi kimi görünmür. Belə bir sistemli yanaşmanın formalaşıb-formalaşmadığını isə zaman göstərəcək. Hazırda bunun üçün müəyyən imkanlar yaranıb və qarşıdakı dövrdə Paşinyan bu məsələyə həqiqətən sistemli yanaşdığını, yoxsa onu daha çox siyasi marketinq aləti kimi gördüyünü nümayiş etdirməli olacaq”.
Pərvin Şakirqızı