Lakin Paşinyanın partiyası son seçkilərdə konstitusiya çoxluğu, yəni, 70 mandat əldə edə bilməyib, bu səbəbdən konstitusiyaya dəyişiklik etmək və ya yenisini qəbul etmək üçün malik olduğu 64 səsə digər partiyalardan daha 6 səs əlavə olunmalıdlr. Belə ki, konstitusiya ilə bağlı referendum keçirmək üçün parlament üzvlərinin 3/2-nin dəstəyini, 70 deputatın səsini qazanmaq lazımdır. Hazırkı durumda Karapetyanın və ya Koçaryanın belə bir dəstək verməsi real görünmür.
Ancaq belə bir mürəkkəb vəziyyətin yaranması Azərbaycanın legitim tələbini dəyişmir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti və xalqı bu problemin həlli yollarını özləri tapmalı və sülh müqaviləsinin imzalanması yolunda əsas maneəni aradan qaldırmalıdırlar. Ermənistanın bu faktı əsas götürərək konstitusiyanı dəyişmək tələbindən yan keçməyə cəhd edərsə, bunun da heç bir faydası olmayacaq.
Belə olduğu təqdirdə nə Ermənistanla sülh müqaviləsinin imzalanması, nə də Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin tam şəkildə təsis edilməsi mümkün olacaq.
Əminəm ki, Türkiyə və Azərbaycan indiyədək olduğu kimi, bundan sonra da bu siyasəti koordinasiyalı şəkildə davam etdirəcəklər. Çünki Ermənistan konstitusiyası təkcə Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə qarşı da ərazi iddialarını özündə ehtiva edir.
Dünən Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı və sonradan həmin bəyanata edilən vacib dəyişikliyi, mövqenin daha aydın və dəqiq ifadə olunmasını alqışlayıram. Biz tarixdən dərs çıxartmışıq və bir daha ermənilərin “xoş” vədlərinə və ya hiyləsinə aldanmayacağıq.
Azay Quliyev, millət vəkili