Xalq artisti Naibə Allahverdiyeva atasının Ağdamın Mərzili kəndində yerləşən məzarını 35 il sonra tapıb.
 




O bu haqda Moderator.az-a danışıb:

“Mən neçə illərdir düşünürdüm ki, Cahid Hilaloğlu artıq unudulmuş qəhrəmanlar sırasındadır. Bu məni həddindən artıq çox üzürdü. Bilirsiniz ki, mənim də bəlli bir yaşım var. Yaş gedir, vaxt bir göz qırpımında uçur. Fikirləşirdim ki, mən onun ruhu qarşısında borcumu yerinə yetirə bilməyəcəm. Bu düşüncə məni narahat edirdi. Mənə elə gəlirdi ki, onun ruhu məndən inciklidir. Cahid Hilaloğlunun unudulması mənə çox pis təsir edirdi. Mən bir status paylaşdım və onu atam kimi təqdim etdim. Dəyərli ziyalımız, akademik Rafael Hüseynova təşəkkür edirəm. O Mədəniyyət kanalında Cahid Hialoğlunun qəhrəmanlığından söz açdı, məlumatlar bölüşdü. İllərdir Cahid Hilaloğlunun qəbrini axtarırdım. Sorağında idim ki, mən onun məzarını tapım. Çünki 1991-ci ildə öldürüldü və həmin ildə də Ağdamın Mərzili kəndindəki qəbirstanlıqda dəfn edildi. Bundan sonra müharibə başladı, torpaqlarımız işğal olundu. 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edildi. Mən yenə də onun məzarının yerini soraqlaşırdım. Bilirdim ki, Mərzili kəndində basdırılıb. Deyəndə ki, ermənilər bütün qəbirləri dağıdıb, çox ümidsizləndim. “Təzadlar” redaksiyasının rəhbəri Asif müəllimə öz təşəkkürümü bildirirəm. Onlar bu işdə araşdırma apardılar və Cahid müəllimin qohumlarından məzarla bağlı xəbər gəldi. Mən təcili halda Ağdamın Mərzili kəndinə getdim. Çoxdan Qarabağa getmək istəyirdim, sanki ayaqlarım getmirdi. Təsəvvür edin, mən Qarabağa gəlim və Cahid Hilaloğlunun məzarını tapmayım. Bu mənim üçün çox ağır bir yük idi. Mən onun məzarını ziyarət etdim. Bundan sonra özümü daha da xoşbəxt hiss etdim. Düzdür, məzarı dağıdıblar, tamam uçulmuş haldadır. Mən qəbirinin üstünə getdim və diz çökdüm. Bu anda ildırım çaxdı və güclü yağış yağdı. Elə ki, ayağımı maşına qoydum yağış kəsildi. Hamı təəccüb içində dedi ki, biz belə şey görməmişik. Sanki o Cahidin göz yaşları idi. Onun qəbrini dağıdıblar.. O bəlkə də demək istəyirdi ki, mən müstəqillik uğrunda canımı vermişəm, dağılmış məzarda yatmağa haqqım yoxdur. Belə qəhrəmanlarımızı unutmaq olmaz. O öz gəncliyini, öz həyatını göz önünə alaraq bizim üç rəngli bayrağımızı Qız qalasına sancıb. Buna görə 10 il sürgün olunub. Sürgündən sonra çox əzablar çəkib. Onun çəkdiyi əzablar mənim gözümün önündədir. Bunlar mənim yanımda yaşanıb. Bizim dövlətimiz öz qəhrəmanlarına həmişə sayğı göstərib, xatirəsini əbədiləşdirib. Mən ümidvaram ki, dövlətimiz bu addımı atacaq və onun xatirəsini əbədiləşdirəcəklər. Mən istəyirəm ki, Cahid Hilaloğlu haqqında hər bir azərbaycanlı bilsin. Onun buna haqqı var. Çox istərdim ki, onun faciəvi həyatı haqda dram əsəri yazılsın. Yetişən nəsil də bu qəhrəmanı tanımalıdır”.
 
Xalq artisti atasının məzarının tapılmasında kömək edən hər kəsə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan olub. Onun 1957-ci il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümündə Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancdığı və buna görə 10 il müddətinə həbs həyatı yaşadığı bildirilib.