“Hər bir azərbaycanlı bilir ki, Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə bağlıdır. Bu gün çox əlamətdar gündür. Mən də o xoşbəxt insanlardanam ki, bu bayramın təsdiqi üçün ilk müstəqil respublikanın deputatı kimi səs vermişəm. Mən həm də o xoşbəxt insanlardanam ki, Ulu Öndərimiz Heydər Əliyevlə hər iki hakimiyyəti dövründə çiyin-çiyinə çalışmışam. Bu gün onunla yaxın təmasda olan insanlar çox az qalıblar. Onlardan da biri mənəm. Bəlkə bir neçə ildən sonra mən də olmayacam, amma istəmirəm ki, bu gün kimlərinsə dediyi sözləri, arxivlərdən götürülmüş fikirləri təkrarlayım. Həmişə çalışmışam ki, onun dilindən eşitdiyim, söhbətlərindəki fikirləri oxuculara çatdıraq ki, gələcək nəsil bu dahi şəxsiyyətin hansı xarakterə, hansı xüsusiyyətlərə malik olduğunu bilsinlər”.







Bunu Moderator.az-a açıqlamasında Əmək qəhrəmanı, məşhur pambıqçı, Milli Məclisin 1-ci çağırış deputatı Tərlan Musayeva deyib.


O daha sonra əlavə edib:



“Heydər Əliyev millətini, xalqını, torpağını, dilini, dinini, irqini sevən bir insan idi. Bəlkə də o bizim üçün Allah tərəfindən bəxş edilmiş bir şəxsiyyət olub. Bəlkə də Azərbaycan belə bir şəxsiyyəti heç vaxt yetişdirə bilməyəcək, qismətimizə belə bir şəxsiyyət düşməyəcək. O hərtərəfli dahi insan idi. Onun sadəliyi, səmimiyyəti, alicənablığı, insanlarla ünsiyyəti hər adamda yox idi. Yaxşı dövlət başçısı, siyasətçi ola bilərsən, amma insani xüsusiyyətlərin hamısını özündə formalaşdıra bilməzsən. Heydər Əliyev bütün bu xüsusiyyətləri özündə cəmləmişdi. Onunla yaxından ünsiyyətimdə müsbət xüsusiyyətlərini daha açıq-aydın hiss edirdim. Bəlkə də sadə, zəhmətkeş biri olduğum üçün bu daha yaxından hiss edirdim. Mən onunla Milli Məclisdə yanaşı oturardım. Onda Siyasi bürodan azad olunmuşdu, deputat kimi fəaliyyət göstərirdi. Biz orada ata-bala kimi söhbətlər edirdik. O mənimlə elə söhbətləri bölüşürdü ki, bunların hamısı dövlət siyasəti idi. Bu insanın qəlbində bir bilsəydiniz ki, nə qədər narahatlıq var idi?! Ölkə üçün narahat idi. Heydər Əliyevin siması nə qədər sərt görünsə də, bir o qədər də daxilən mehriban, səmimi insan olub. Heydər Əliyev ikinci dəfə çox çətin şəraitdə hakimiyyətə gəldi. Ölkə siyasi, iqtisadi vəziyyətdən çökmüşdü. O vaxtkı rəhbərlik heç istəmirdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Çünki onun nüfuzundan, idarəçiliyindən, təcrübəsindən qorxurdular. Hakimiyyətdə olan insanlar çıxılmaz vəziyyətdə qalmışdılar. Amma yenə də istəmirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Sadə xalq, paytaxtdan kənarda olan insanlar hiss edirdilər ki, onlara yeni bir idarəçilik lazımdır və dövlətin köhnə nüfuzunu yalnız Heydər Əliyev özünə qayttara bilər. Ölkə xaos içində idi. Belə bir vaxtda bizə səriştəli dövlət başçısı lazım idi. Biz ayağa qalxdıq, çağırışlar topladıq. Ölkə ərazisində də iki tirəlik yaranmışdı. Hərə bir partiya yaradırdı, qruplaşma edirdilər. Bilinmirdi ki, ölkəni idarə edənlər kimlərdir?! Xalq ayağa qalxdı, istədi və tələb etdi ki, bu dövləti yalnız Heydər Əliyev yaşada bilər. Mən hər dəfə deyirəm ki, kaş Heydər Əliyev 10 il əvvəl gələrdi.. 1990-cı ildən sonra torpaqlarımız məhv edildi.. Mənim sahəm kənd təsərrüfatı idi. Heç əkən, biçən olmadı.. Sənaye obyektləri, iş yerləri dağıldı. Heydər Əliyev hakimiyyətə gələndə ölkəmiz çətin bir dövr yaşayırdı. Qoyub getdiyi, qurub yaratdığı dövlətdən əsər-əlamət belə qalmamışdı. Demək olar ki, sıfırdan başlamalı oldu. O bizim müstəqilliyimizin qurucusu və möhkəmləndiricisi olan bir lider oldu. Heydər Əliyev hakimiyyətə gələndə həm torpaqlarımız işğal altında idi, həm müharibə davam edirdi, həm də şəhidlər verirdik. Eyni zamanda dövlət siyasi, iqtisadi cəhətdən də bir iş görə bilmirdi.. Çörək, ərzaq qıtlığı yaşayırdıq. O birinci növbədə xarici dövlətlərin marağını öz ölkəmizə yönəltdi, neft müqavilələrinin bağlanması, iş adamlarının ölkəmizdə yerləşdirilib onlara şəraitin yaradılması Heydər Əliyev siyasətinin ilk mərhələsi oldu.



Azərbaycanın güclü ordusu, hərbi sursatı yox idi. Gənclərimiz heç nədən şəhid olurdular. Heydər Əliyev yeni ordu yaratmaq üçün atəşkəş əldə olunmasına nail oldu. Yeni gəncləri hərbi məktəblərə cəlb etdi. Hətta onları xarici ölkələrə hərbi təhsil almaq üçün göndərdi. Bütün bunların nəticəsi idi ki, biz 44 günlük müharibədə zəfər qazandıq. Heydər Əliyevlə sıx-sıx görüşürdüm, söhbətlər edirdik. Onun ən böyük problemi, yaralı yeri Qarabağ dərdi idi. Çox ürəkağrısı ilə söhbət edərdi, hətta kədərlənərdi.. Allah bu günləri görməyi ona nəsib etmədi. Amma davamçısı, cənab prezidentimiz İlham Əliyev atasından ona yadigar qalan bu siyasəti necə lazımdırsa yerinə yetirdi. Əlbəttə ki, Heydər Əliyevin ruhu bu gün şaddır. Heydər Əliyevin yetişdirdiyi, onun məktəbinin davamçısı olduğum üçün fəxr edirəm. Mən onu ata, o məni mənəvi qızı kimi qəbul edib. Heydər Əliyev Moskvada da, Naxçıvanda da işləyəndə onunla sıx əlaqə saxlayırdım. Bu fikirlərimi indi rahat deyə bilirəm, o vaxt mənə də təzyiqlər var idi. Bəzən deyirdilər ki, “sənə əmək adamı kimi hörmətimiz var, amma bu işlərə qarışma”. Heydər Əliyevi istəməyən insanlar mənə, ailəmə hücumlar edirdilər. O illərdə özümü fikirləşmirdim. Çünki pambıqçılıq, kənd təsərrüfatı məhv olub getmişdi.. O deyirdi ki, “qızım, mənə görə ailəni, özünü riskə atma, sənə ziyan edərlər”.. Onun bu sözləri məsuliyyətimi qat-qat artırırdı.. Bu gün çox sevinirəm ki, dövlətimiz tanınır, seçilir, sevilir və ölkə başçımız İlham Əliyev digər dövlət başçıları içərisində hörmətlə qarşılanır. Bu bizim üçün qürurdur. Bu Heydər Əliyevin arzularının yerinə yetməsi deməkdir” deyə Tərlan Musayeva bildirib.