Qlobal maliyyə bazarlarında qızılın qiymətinin tarixi maksimumlara yaxınlaşması investorların diqqətini yenidən bu “təhlükəsiz aktiv”ə yönəldib. Dünyada baş verən siyasi və iqtisadi qeyri-müəyyənliklər insanların və böyük maliyyə oyunçularının qızıla daha çox üstünlük verməsinə səbəb olur. ABŞ və İran ətrafında gərginliyin bir qədər azalması belə bazarlarda qiymətlərin dəyişməsinə birbaşa təsir göstərir. Bu şəraitdə qızıl həm riskdən qorunmaq, həm də gəlir əldə etmək üçün ən çox seçilən maliyyə vasitələrindən biri kimi ön plana çıxır.


Maraqlıdır, qızılın dünya bazarında rekord həddə bahalaşdığı bir şəraitdə Azərbaycanda hasilat həcmlərinin məhdud qalması hansı amillərlə izah olunur? Mövcud qiymət artımının ölkə iqtisadiyyatına, xüsusilə valyuta ehtiyatlarına və ixrac gəlirlərinə təsiri necə qiymətləndirilə bilər?






Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib. 


Ekspert bildirib ki, burada məsələ bir qədər fərqlidir. Qızıl hasilatının həcmləri istənilən səviyyədə artırıla bilməz, çünki mövcud ehtiyatlar məhduddur:


"Qızıl hasilatı neft sektorundan fərqli olaraq qısa müddətdə və bazar konyunkturasına uyğun şəkildə çevik tənzimlənə bilən sahə deyil. Hasilatın həcmi ölkənin mövcud ehtiyatları, yataqların geoloji xüsusiyyətləri, texniki imkanlar və investisiya həcmi əsasında müəyyənləşir.

Bu baxımdan, qızılın dünya bazarlarında bahalaşması avtomatik olaraq hasilatın istənilən həcmdə artırılması imkanı yaratmır. Azərbaycanın qızıl ehtiyatları kifayət qədər məhduddur və mövcud yataqlarda emal və hasilat maksimum səmərəlilik prinsipi əsasında həyata keçirilir.


Başqa sözlə, bazar qiymətlərindən asılı olmayaraq, hasilatın həcmi mövcud texnoloji imkanların yaratdığı çərçivədə formalaşır. Qızılın qiymətindəki artım və ya azalma isə daha çox Azərbaycanın yeraltı qızıl ehtiyatlarına deyil, Dövlət Neft Fondunun qızıl formasında saxlanılan aktivlərinə və bununla da ölkənin valyuta ehtiyatlarına təsir göstərir. Bu səbəbdən məsələyə mövcud resurslardan nə dərəcədə səmərəli istifadə olunduğu prizmasından baxmalıyıq.


Bu gün qızılın qiyməti 5-6 min dollar deyil, hətta 10 min dollar səviyyəsinə yüksəlsə belə, Azərbaycanın qızıl ixracını istənilən həcmdə artırması mümkün deyil. Çünki bu sahədə əsas məhdudlaşdırıcı amil bazar qiymətləri deyil, mövcud ehtiyatlar və hasilat imkanlarıdır. Qızılın alqı-satqısı isə, xüsusilə Dövlət Neft Fondunun investisiya fəaliyyəti çərçivəsində həyata keçirilən əməliyyatlar baxımından, ölkə üçün daha çox dividend yaradan istiqamət kimi qiymətləndirilə bilər".


Pərvin Şakirqızı