ABŞ və İran arasında uzun müddət davam edən gərginliyin aradan qaldırılmasına yönəlmiş 14 maddədən ibarət qarşılıqlı anlaşma sənədi imzalanıb. Saziş ABŞ Prezidenti Donald Trump və İran Prezidenti Masoud Pezeshkian tərəfindən rəsmiləşdirilib.
Razılaşmaya əsasən, hərbi əməliyyatların dayandırılması, qarşılıqlı suverenliyə hörmət və yaxın iki ay ərzində yekun sülh sazişinin hazırlanması üzrə danışıqların aparılması nəzərdə tutulur. Sənəddə eyni zamanda Hörmüz boğazında nəqliyyatın bərpası, sanksiyaların mərhələli yumşaldılması və İranın nüvə proqramı ətrafında müzakirələrin davam etdirilməsi kimi məsələlər əksini tapıb.
Maraqlıdır, ABŞ və İran arasında imzalanan memorandum regionda gərginliyin azalmasına və yeni əməkdaşlıq mərhələsinə keçidə səbəb ola bilərmi, yoxsa bu anlaşma daha çox tərəflərin öz mövqelərini möhkəmləndirməsinə xidmət edir?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Aydın Tağıyev açıqlama verib.
Ekspert bildirib ki, ABŞ və İran arasında imzalanan memorandum, Pakistanın vasitəçi rolunu üzərinə götürməsi ilə regionda yeni diplomatik dinamikanın formalaşmasına işarədir:
"Lakin bu sənədin mahiyyətini iki fərqli prizmadan qiymətləndirmək mümkündür. Hesab edirəm, Memorandumun imzalanması tərəflərin birbaşa qarşıdurmadan uzaqlaşmaq niyyətini göstərir. Digər tərfdən də Pakistanın vasitəçi kimi çıxış etməsi regional güclərin balanslaşdırıcı rolunu gücləndirir.
Fikrimcə Diplomatik sənəd gərginliyin azaldılması və enerji, ticarət, təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni platforma yarada bilər.
Burda ABŞ üçün bu sənəd İranı diplomatik çərçivəyə salmaq, nüvə məsələsini gündəmdə saxlamaq vasitəsidir.
İran isə sənədi qəbul etməklə özünün “müzakirələrə açıq” imicini gücləndirir, lakin strateji maraqlarından geri çəkilmir.
Pakistanın vasitəçiliyi regionda yeni diplomatik nüfuz qazanmaq cəhdi kimi görünür. Bu, İslamabadın həm ABŞ-la, həm də İranla münasibətlərini balanslaşdırmaq və özünü regional sabitlik aktoru kimi təqdim etmək strategiyasına uyğundur.
Hesab edirəm, Memorandum gərginliyi qismən yumşalda bilər, lakin onun əsas funksiyası tərəflərin mövqelərini möhkəmləndirmək və gələcək danışıqlar üçün siyasi çərçivə yaratmaqdır. Əməkdaşlıq mərhələsinə keçid yalnız sənədin ardınca konkret addımlar atılarsa mümkün olacaq".
Pərvin Şakirqızı