“Azərbaycan təhsil sisteminin qarşısında duran əsas problem forma deyil, məzmundur…”-EKSPERT
19 Jun 2026, 18:18 2 baxış 11 dəq oxuma
“Təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…”
“Dünyanın qabaqcıl ölkələri təhsilə xərc kimi deyil, investisiya kimi yanaşırlar…”
“Siyasi elmlərdə və idarəetmə nəzəriyyəsində “simvolik siyasət” anlayışı geniş yayılmışdır. Bu yanaşmaya görə bəzi qərarlar real problemlərin həllinə deyil, ictimai rəyin idarə olunmasına xidmət edir…”
“Təhsil sistemlərinin uğuru zahiri atributlarla deyil, öyrənmə nəticələri ilə ölçülür…”
“Dərsliklər təhsil sisteminin “intellektual konstitusiyası” hesab edilə bilər. Azərbaycanda son iyirmi beş il ərzində dərsliklərlə bağlı müzakirələr fasiləsiz davam edir…”
“Sosioloji baxımdan repetitorluğun geniş yayılması təsadüfi hadisə deyil. Bu, məktəb sisteminə olan etimadın azalmasının göstəricisidir…”
“Müəllimin dəyəri onun geyimində deyil, şagirdlərdə yaratdığı intellektual təsirdə ölçülür…”
“Əgər süni intellekt məlumatı daha sürətli təqdim edə bilirsə, məktəbin funksiyası nə olmalıdır? Cavab aydındır: məktəb informasiyanın ötürülməsindən daha çox insan təfəkkürünün inkişafı ilə məşğul olmalıdır…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsilə simvolik islahatlar, yoxsa system transformasiyası lazımdır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan təhsilinin prioritetlər böhranı və süni intellekt dövrünün çağırışları...
“Bu gün ölkələrin zənginliyi neftlə, qazla, torpaqla deyil, insan kapitalının keyfiyyəti ilə müəyyən edilir. Bu səbəbdən təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…”
Tarix göstərir ki, dövlətlərin yüksəlişi və ya tənəzzülü onların təhsil sistemlərinin vəziyyəti ilə müəyyən olunur. Sənaye inqilablarından başlayaraq müasir bilik iqtisadiyyatına qədər bütün inkişaf mərhələlərində təhsil milli tərəqqinin əsas mexanizmi olmuşdur.
Müasir dövrdə təhsil yalnız sosial institut deyil. O, iqtisadi artımın, milli təhlükəsizliyin, texnoloji inkişafın və sosial sabitliyin strateji resursuna çevrilmişdir. Məhz buna görə dünyanın qabaqcıl ölkələri təhsilə xərc kimi deyil, investisiya kimi yanaşırlar.
Azərbaycan da son 30 ildə təhsil sisteminin modernləşdirilməsi istiqamətində müəyyən addımlar atmışdır. Yeni kurikulumlar, müəllimlərin işə qəbulu sisteminin yenilənməsi, məktəb infrastrukturunun yaxşılaşdırılması, rəqəmsallaşma layihələri və beynəlxalq qiymətləndirmə proqramlarında iştirak bu istiqamətdə görülən işlərin nümunəsidir. Lakin bütün bunlara baxmayaraq, ETN-dən fərqli olaraq cəmiyyətdə və hökumətdə təhsilin keyfiyyəti ilə bağlı narahatlıq davam edir. Bu narahatlığın bir səbəbi də təhsil sisteminin qarşısında duran fundamental problemlərlə, ETN-nin gündəmdə saxlamaq istədiyi, müzakirə etdiyi səthi məsələlər arasındakı uyğunsuzluqdur.
Bu gün əsas müzakirə mövzusu nə olmalıdır?..
Dərsliklərin keyfiyyəti? Müəllim hazırlığı? Şagirdlərin funksional savadlılığı? Süni intellekt dövründə yeni kompetensiyalar? Yoxsa müəllimlərin necə geyinməsi? Bu sual inzibati qərarın deyil, bütövlükdə təhsil siyasətinin mahiyyətinin müzakirəsidir…
Simvolik islahatlar nəzəriyyəsi və təhsil siyasəti…
Siyasi elmlərdə və idarəetmə nəzəriyyəsində “simvolik siyasət” anlayışı geniş yayılmışdır. Bu yanaşmaya görə bəzi qərarlar real problemlərin həllinə deyil, ictimai rəyin idarə olunmasına xidmət edir. Təhsil sistemlərində də oxşar proses müşahidə olunur.
Simvolik islahatlar adətən aşağıdakı xüsusiyyətlərlə seçilir: yüksək görünürlük, ictimai rezonans, sürətli tətbiq imkanları, aşağı siyasi risk, ölçülə bilən görüntü effekti…
Əvəzində sistem islahatları uzunmüddətli olur, ciddi maliyyə tələb edir, müqavimətlə qarşılaşır, nəticələri gec görünür. Nəticədə qərarvericilər bəzən sistem problemlərindən daha çox simvolik dəyişikliklərə üstünlük verirlər.
Prioritetlərin yerdəyişməsi fenomeni…
Təhsil siyasətində ən təhlükəli proseslərdən biri prioritetlərin dəyişdirilməsidir. Bu vəziyyətdə əsas problemlər dərslik böhranı, müəllim hazırlığının keyfiyyəti, məktəbin nüfuzu, şagird nailiyyətləri, innovasiya bacarıqları ikinci plana keçir. Onların yerini isə daha görünən mövzular tutur: məktəbli forması, müəllim forması, davranış kodeksləri, inzibati nəzarət mexanizmləri. Bu yanaşma müəyyən dövrdə ictimai diqqəti yönləndirə bilər. Lakin təhsilin real nəticələrinə ciddi təsir göstərmir. Çünki təhsil sistemlərinin uğuru zahiri atributlarla deyil, öyrənmə nəticələri ilə ölçülür…
Dərslik problemi təhsil sisteminin intellektual böhranıdır…
Təhsil sisteminin əsas sütunlarından biri dərslikdir. Dərslik sadəcə tədris vasitəsi deyil. O, cəmiyyətin gələcək insan modelini formalaşdıran ideoloji və intellektual sənəddir. Bu baxımdan dərsliklər təhsil sisteminin “intellektual konstitusiyası” hesab edilə bilər. Azərbaycanda son iyirmi beş il ərzində dərsliklərlə bağlı müzakirələr fasiləsiz davam edir…Müşahidə olunan əsas problemlər faktoloji səhvlər, ağır dil, yaş xüsusiyyətlərinə uyğun olmayan məzmun, təkrarlanan mövzular, metodik çatışmazlıqlar, əzbərçiliyə meyillilikdir…
Problemin daha dərin tərəfi isə dərsliklərin böyük hissəsinin hələ də sənaye dövrünün məntiqi ilə hazırlanmasıdır. Müasir iqtisadiyyat artıq məlumatı yadda saxlamağı deyil, məlumatla işləməyi tələb edir. Lakin mövcud dərsliklərin əhəmiyyətli hissəsi hələ də məlumatın mexaniki ötürülməsinə əsaslanır…
Repetitorluq məktəbin institusional zəifləməsinin göstəricisi…
Sosioloji baxımdan repetitorluğun geniş yayılması təsadüfi hadisə deyil. Bu, məktəb sisteminə olan etimadın azalmasının göstəricisidir. Əgər valideynlər övladlarının məktəbdə deyil, repetitor yanında öyrəndiyini düşünürlərsə, bu artıq fərdi deyil, sistem problemidir. Repetitorluğun geniş yayılması aşağıdakı nəticələrə gətirib çıxarır: məktəbin təhsil monopoliyası zəifləyir, sosial bərabərsizlik artır, təhsilin kommersiyalaşması sürətlənir, məktəbə ictimai etimad azalır. Nəticədə məktəb əsas öyrənmə məkanı olmaq funksiyasını itirməyə başlayır…
Beynəlxalq təcrübədə təhsil keyfiyyətinin yeni meyarları…
Müasir dövrdə təhsil sistemlərinin qiymətləndirilməsində ən nüfuzlu mexanizmlərdən biri “PISA” tədqiqatlarıdır. “PISA”-nın fəlsəfəsinə görə təhsil sisteminin uğuru şagirdin nə qədər məlumat bilməsi ilə deyil, həmin məlumatdan necə istifadə etməsi ilə ölçülür. Bu yanaşma təhsildə yeni anlayışların formalaşmasına səbəb olmuşdur: funksional savadlılıq, problemlərin həlli bacarığı, tənqidi düşünmə, yaradıcı yanaşma, əməkdaşlıq kompetensiyası. “PISA” məhz bu bacarıqları ölçür. Bu baxımdan məktəbin əsas missiyası dəyişir. Məktəb artıq informasiya deposu deyil, düşüncə laboratoriyası olmalıdır…
Süni intellekt və təhsil fəlsəfəsinin dəyişməsi…
Bəşəriyyət tarixində ilk dəfə olaraq insanın intellektual fəaliyyətinin əhəmiyyətli hissəsi maşınlar tərəfindən yerinə yetirilə bilir. Generativ süni intellekt sistemləri mətn yazır, kod yaradır, diaqnostika aparır, təhlil edir, yaradıcı məhsullar istehsal edir. Bu vəziyyət təhsilin ənənəvi məqsədlərini yenidən düşünməyi tələb edir. Əgər süni intellekt məlumatı daha sürətli təqdim edə bilirsə, məktəbin funksiyası nə olmalıdır? Cavab aydındır: məktəb informasiyanın ötürülməsindən daha çox insan təfəkkürünün inkişafı ilə məşğul olmalıdır…
Müəllim artıq bilik mənbəyi deyil, öyrənmə memarıdır…
XX əsrdə müəllim sinifdə əsas bilik mənbəyi idi. XXI əsrdə isə bilik hər yerdə mövcuddur. Bu səbəbdən müəllimin funksiyası dəyişir. Yeni müəllim fasilitator, mentor, kouç, öyrənmə dizayneri, yaradıcı lider rolunu oynayır. Belə müəllimin əsas resursu onun şəxsiyyətidir. Şəxsiyyət isə standartlaşdırılmır. Müəllimin dəyəri onun geyimində deyil, şagirdlərdə yaratdığı intellektual təsirdə ölçülür…
Təhsil və insan kapitalı nəzəriyyəsi…
İqtisadçı alimlər tərəfindən formalaşdırılmış insan kapitalı nəzəriyyəsinə görə dövlətlərin əsas sərvəti insanın bilik və bacarıqlarıdır. Bu nəzəriyyə XXI əsrdə daha da aktuallaşmışdır. Bu gün ölkələrin zənginliyi neftlə, qazla, torpaqla deyil, insan kapitalının keyfiyyəti ilə müəyyən edilir. Bu səbəbdən təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…
Standartlaşdırma və yaradıcılıq dilemması…
Sənaye dövrünün məktəbi standart insan yetişdirmək üçün qurulmuşdu. Lakin süni intellekt dövrünün iqtisadiyyatı fərqli düşünən insanlara ehtiyac duyur. İnnovasiya fərqlilikdən, yaradıcılıqdan, risk götürməkdən, qeyri-standart düşüncədən yaranır. Buna görə müasir təhsil nəzəriyyələri standartlaşdırmanı deyil, fərdiləşdirməni prioritet hesab edir.
Gələcəyin məktəbi fabrik deyil. Gələcəyin məktəbi ideyalar ekosistemidir. Azərbaycan təhsil sisteminin qarşısında duran əsas problem forma deyil, məzmundur. Əsas məsələ müəllimlərin necə geyinməsi deyil, şagirdlərin necə düşünməsidir…
Əgər məktəb tənqidi düşünən, yaradıcı, təşəbbüskar, məsuliyyətli, innovativ vətəndaş yetişdirə bilmirsə, simvolik dəyişikliklər sistemin mahiyyətini dəyişməyəcək. XXI əsrin təhsil siyasəti inzibati nəzarət üzərində deyil, insan potensialının inkişafı üzərində qurulmalıdır…
Təhsil tarixinin ən böyük dərsi budur: böyük dəyişikliklər formadan deyil, ideyadan başlayır…
Azərbaycan təhsilinin gələcəyi də vahid forma tipli layihələrindən deyil, keyfiyyətli müəllimdən, güclü dərslikdən, müasir pedaqogikadan, süni intellektə uyğun kurikulumlardan və insan kapitalının inkişafını prioritet hesab edən yeni təhsil fəlsəfəsindən asılı olacaqdır…”