Rubrikamızın növbəti müsahibi Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu oldu.
Deputatla Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun toplantısındakı çıxışında səsləndirilən iqtisadi, geosiyasi və geoiqtisadi məqamlarla bağlı həmsöhbət olduq.
Moderator.az həmin müsahibəni təqdim edir:
– Hikmət müəllim, İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun toplantısındakı çıxışında iqtisadi məsələlərlə yanaşı, geosiyasi və geoiqtisadi məqamlar da xüsusi yer tuturdu. Sizcə, bu çıxış Azərbaycanın gələcək inkişaf strategiyası baxımından hansı əsas mesajları özündə ehtiva edirdi?
– Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun toplantısındakı çıxışı yalnız iqtisadi hesabat xarakteri daşımırdı. Çıxışın ümumi məntiqi göstərirdi ki, burada həm ötən dövrün nəticələrinə qiymət verilir, həm də Azərbaycanın gələcək strateji inkişaf istiqamətləri müəyyənləşdirilir. Şübhəsiz ki, bank və maliyyə sistemi iqtisadiyyatın ən mühüm seqmentlərindən biridir. Bu sistemin fəaliyyəti isə real iqtisadiyyatın yaratdığı imkanlar üzərində qurulur. Azərbaycan müstəqillik illərində iqtisadiyyatını formalaşdırmaqla yanaşı, onun maliyyə və bank əsaslarını da yaradıb. Bu sistem iqtisadiyyatın əldə etdiyi maliyyə resurslarının tədavül, ödəniş və yığım vasitəsi kimi funksiyalarını təmin edir, milli valyutanın sabitliyinə xidmət göstərir, vətəndaşların maliyyə sistemində iştirak imkanlarını genişləndirir.
Nəticə etibarilə iqtisadi inkişaf təkcə gəlir formalaşdırmır, həm də sosial ədalətin və rifahın möhkəmlənməsinə xidmət edir. Prezident iqtisadi mövzulara toxunsa da, çıxışında daha geniş mənada müasir beynəlxalq reallıqlara və gələcək perspektivlərə diqqət çəkdi. Burada həm geosiyasi, həm də geoiqtisadi baxımdan mühüm mesajlar yer alırdı. Xüsusilə Azərbaycanın malik olduğu iqtisadi resursların tükənən sərvətlərdən dayanıqlı və uzunmüddətli inkişaf modelinə çevrilməsi ilə bağlı strateji yanaşma diqqəti cəlb edirdi.
Əgər əvvəlki mərhələdə Azərbaycan əsasən neft və qaz ehtiyatlarını hasil edib dünya bazarlarına çıxarırdısa, bu gün artıq yeni inkişaf mərhələsindən söhbət gedir. Çünki karbohidrogen ehtiyatları tükənən resurslardır. Dövlətin əsas vəzifəsi həmin resurslardan əldə olunan gəlirləri gələcək nəsillər üçün davamlı iqtisadi sistemə çevirməkdir. Prezidentin çıxışında da məhz bu strateji baxış öz əksini tapırdı. Azərbaycan son illərdə iki mühüm istiqamətdə böyük nailiyyətlər əldə edib. Bunlardan biri hərbi-siyasi müstəvidə qazanılan uğurlar, digəri isə geoiqtisadi sahədə əldə olunan nəticələrdir. Torpaqlarımızın işğaldan azad olunması uzun illər davam edən hazırlıq mərhələsinin nəticəsi idi.
Bu müddətdə siyasi, iqtisadi və hərbi komponentlərin elə bir vəhdəti formalaşdırıldı ki, Azərbaycan 30 il davam edən münaqişəyə 44 günlük Vətən müharibəsi ilə son qoydu, daha sonra isə lokal antiterror tədbirləri nəticəsində ölkənin tam suverenliyini təmin etdi. Lakin bu nəticələr təkcə maliyyə resursları hesabına əldə olunmayıb. Bunun üçün güclü iqtisadiyyatın, güclü ordunun və milli gücün bütün komponentlərinin vahid məqsəd ətrafında səfərbər edilməsi lazım idi. Siyasi nəzəriyyə də göstərir ki, resursların həcmi nə qədər böyük olsa da, onları milli maraqlara xidmət edən real gücə çevirən amil siyasi iradə və milli diplomatiyadır.
Neft də, qaz da, iqtisadi imkanlar da özlüyündə potensialdır. Həmin potensialı nəticəyə çevirən isə düzgün siyasi qərarlar və milli maraqlara söykənən diplomatiyadır. Məhz buna görə Azərbaycan həm hərbi meydanda, həm də diplomatik müstəvidə uğur qazana bildi. Tarixdə çoxsaylı nümunələr var ki, dövlətlər döyüş meydanında qalib gəlsələr də, diplomatik masada məğlub olublar. Bəzən isə diplomatik üstünlük əldə olunsa da, hərbi nəticələri qorumaq mümkün olmayıb. Azərbaycanın fərqi ondan ibarətdir ki, o, hər iki müstəvidə qalib gəlməyi bacardı. Prezidentin çıxışında verilən əsas mesajlardan biri də məhz bundan ibarət idi ki, Azərbaycan yeni siyasi reallıqlar fonunda əldə etdiyi uğurları davamlı iqtisadi inkişaf və regional əməkdaşlıq modelinə çevirməyə çalışır. Bu isə ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
– Prezident İlham Əliyev çıxışında Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələrinə və yeni kommunikasiya marşrutlarının formalaşmasına xüsusi diqqət ayırdı. Bu proses Azərbaycanın regional və qlobal mövqeyini necə dəyişir?
– Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın yeni geoiqtisadi reallıqlar fonunda oynadığı roldur. Son illər ərzində ölkəmiz yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda beynəlxalq nəqliyyat və logistika qovşağı kimi formalaşma mərhələsinə daxil olub. Azərbaycanın tarixən üzləşdiyi əsas geostrateji məhdudiyyətlərdən biri açıq okeanlara birbaşa çıxışının olmaması idi. Bu amil təbii olaraq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını müəyyən mənada məhdudlaşdırırdı. Lakin son illərdə həyata keçirilən iri infrastruktur layihələri nəticəsində Azərbaycan bu çatışmazlığı böyük ölçüdə kompensasiya etməyə nail olub. Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməkdədir.
Prezidentin çıxışında da vurğulanan əsas məqamlardan biri məhz ölkəmizin yeni qlobal kommunikasiya marşrutlarının formalaşmasında oynadığı roldur. Bəzi ekspertlər bu marşrutları hətta XXI əsrin yeni quru-Süveyş kanalı kimi xarakterizə edirlər. Lakin burada mühüm bir məqam var. Bu layihələrin tam reallaşması Azərbaycanın son illərdə formalaşdırdığı yeni siyasi reallıqlarla birbaşa bağlıdır. Çünki regionda davamlı sülh və təhlükəsizlik olmadan iri iqtisadi layihələrin tam potensialla işləməsi mümkün deyil. Məhz bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Söhbət təkcə bir nəqliyyat xəttindən deyil, bütövlükdə regionun iqtisadi xəritəsini dəyişə biləcək strateji layihədən gedir.
Azərbaycan üzərindən keçəcək kommunikasiya xətləri geniş ortaq iqtisadi maraqlar sistemi formalaşdıra bilər ki, bundan təkcə region dövlətləri deyil, beynəlxalq maliyyə institutları da faydalanmaqda maraqlı olacaqlar. Bu marşrutların bir istiqaməti Çinə, digər istiqaməti isə Avropaya qədər uzanır. Beləliklə, layihənin reallaşması yalnız regional deyil, həm də qlobal iqtisadi əhəmiyyət daşıyır. Bu baxımdan gələcəkdə təkcə regional maliyyə institutlarının deyil, müxtəlif beynəlxalq bank və maliyyə strukturlarının da bu proseslərdə iştirakı daha da aktuallaşa bilər.
Bütün bu proseslərin fonunda diqqət çəkən daha bir mühüm məqam Türk Dövlətləri Təşkilatının formalaşdırdığı yeni əməkdaşlıq məkanıdır. Prezident İlham Əliyevin çıxışından da aydın görünürdü ki, formalaşmaqda olan yeni dünya düzənində Azərbaycan öz geostrateji mövqeyi, iqtisadi imkanları və yaratdığı nəqliyyat-kommunikasiya infrastrukturu hesabına regionun əsas güc mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Bu gün Azərbaycan təkcə milli maraqlarını təmin edən dövlət kimi deyil, həm də region ölkələrinin maraqlarını uzlaşdıran, iqtisadi əməkdaşlıq platformaları yaradan və uzunmüddətli sabitliyin iqtisadi əsaslarını formalaşdıran mühüm aktor kimi çıxış edir. Prezidentin çıxışında verilən əsas mesajlardan biri də məhz bundan ibarət idi.
– Siz çıxışın geosiyasi məzmununa toxundunuz. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər fonunda Azərbaycanın Cənubi Qafqazdakı yeni geosiyasi mövqeyini və xüsusilə Şuşanın strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri yeni geosiyasi reallıqların qiymətləndirilməsi idi. Bu reallıqları daha dərindən anlamaq üçün məsələyə təkcə iqtisadi və siyasi deyil, həm də geostrateji prizmadan yanaşmaq zəruridir. Azərbaycanın son illərdə həyata keçirdiyi iri layihələr, əldə etdiyi hərbi-siyasi uğurlar və formalaşdırdığı yeni regional əməkdaşlıq modeli göstərir ki, bütün proseslərin mərkəzində suverenlik amili dayanır. Suverenliyin tam təmin olunması isə Azərbaycanın öz strateji coğrafiyasına tam nəzarət etməsi deməkdir.
Bu kontekstdə Şuşanın xüsusi əhəmiyyəti var. Tarixi proseslərə baxdıqda aydın olur ki, Cənubi Qafqaz uğrunda aparılan mübarizələrdə Azərbaycanın geostrateji mövqeyi hər zaman həlledici rol oynayıb. Hələ 1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinə gedən proseslər regionun strateji əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir. Məhz bu səbəbdən Qarabağ və xüsusilə Şuşa tarix boyu geosiyasi mübarizənin mərkəzində dayanıb. Çünki Şuşa təkcə şəhər deyil, Azərbaycanın siyasi, hərbi və strateji təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir.
Bu kontekstdə klassik geosiyasi nəzəriyyələrə istinad etmək də mümkündür. Halford Makkinderin məşhur tezisinə görə, Avrasiyaya nəzarət edən dünya siyasətinə təsir imkanları əldə edir. Bu yanaşmanı Cənubi Qafqaz miqyasında tətbiq etsək, belə bir nəticəyə gəlmək olar ki, Şuşaya nəzarət edən Azərbaycana, Azərbaycana nəzarət edən isə bütövlükdə regiona təsir imkanları qazanır.
Tarixi dinamika da bunu təsdiqləyir. İki əsr əvvəl bölgəyə təsir göstərmək istəyən güclər ilk növbədə Qarabağın və Şuşanın strateji rolunu nəzərə alırdılar. Bu gün isə reallıq dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Şuşa üzərində nəzarəti təmin edib. Bu isə təkcə hərbi nəticə deyil, eyni zamanda Azərbaycanın Cənubi Qafqazdakı yeni geosiyasi mövqeyinin formalaşması deməkdir. Öz sərhədlərinə və suveren hüquqlarına tam nəzarət edən Azərbaycan artıq regiondakı mövqeyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər də məhz bu yeni reallığın həm təsviri, həm də strateji proyeksiyası kimi çıxış edir. Bu reallıq eyni zamanda region ölkələri üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın təşəbbüsü ilə formalaşan iqtisadi və nəqliyyat layihələri Gürcüstan və Ermənistan da daxil olmaqla region dövlətlərinin öz maraqlarını yenidən qiymətləndirməsinə zəmin yaradır. Çünki bu model qarşıdurma deyil, əməkdaşlıq məntiqinə əsaslanır. Beləliklə, Prezidentin çıxışının əsas mesajlarından biri də budur ki, Azərbaycan artıq təkcə öz təhlükəsizliyini təmin edən dövlət deyil, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas aktorlardan birinə çevrilib. Şuşanın strateji əhəmiyyəti və suverenliyin tam bərpası isə bu yeni mərhələnin əsas dayaqlarını təşkil edir.
– Ermənistanda keçirilən seçkilərdən sonra regionda sülh perspektivləri yenidən müzakirə olunur. Sizcə, bu seçkilərin nəticələri Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, sülh sazişi və Zəngəzur dəhlizinin açılması baxımından hansı imkanları yaradır?
– Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri yeni siyasi reallıqlar fonunda davamlı sülhün qurulması ilə bağlı verilən mesajlar idi. Doğrudur, bu fikirlər birbaşa şəkildə ifadə olunmasa da, ümumi məntiqdən aydın görünür ki, Ermənistanda keçirilən seçkilərdən sonra regionda uzunmüddətli sülhün formalaşması üçün müəyyən yeni imkanlar yaranıb. Bu prosesi yalnız siyasi hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Seçkilər eyni zamanda sosial hadisədir. Çünki səsvermə təkcə hakimiyyətin müəyyənləşdirilməsi deyil, həm də cəmiyyətin hansı ideyaları, hansı siyasi xətti və hansı gələcək modeli dəstəklədiyini göstərən mühüm göstəricidir.
Son illərdə Ermənistanın siyasi həyatında ciddi transformasiya müşahidə olunur. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyi zaman “Qarabağ Ermənistandır və nöqtə” tezisini irəli sürürdü. Lakin 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar onu fərqli nəticələrə gətirdi və faktiki olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edən siyasi xətt formalaşdı.
Burada əsas məqam təkcə siyasi rəhbərliyin mövqeyi deyil. Daha mühüm faktor Ermənistan cəmiyyətinin hansı nəticəyə gəlməsidir. Əgər uzun illər “Qarabağ Ermənistandır” ideyası ilə yaşayan cəmiyyət bu gün həmin yanaşmadan imtina edən siyasi kursa dəstək verirsə, bu, artıq ictimai şüur səviyyəsində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Məhz buna görə bəzən səsləndirilən “sülh dövlətlər arasında deyil, xalqlar arasında formalaşır” fikrinin müəyyən həqiqət payı var. Təbii ki, burada söhbət romantik yanaşmadan yox, reallıqların sosial qəbulundan gedir. Ermənistan cəmiyyətində müşahidə olunan bu dəyişikliklər gələcək sülh prosesinin sosial bazasının formalaşması baxımından əhəmiyyətlidir.
Bu baxımdan ehtiyatlı nikbinlik üçün müəyyən əsaslar mövcuddur. Xüsusilə də Prezident İlham Əliyevin əvvəlki çıxışlarında səsləndirdiyi fikirlər kontekstində. Dövlət başçısı qeyd etmişdi ki, uyğun şərtlər formalaşarsa, Zəngəzur dəhlizinin 2028-ci ilə qədər reallaşması mümkündür. Burada “uyğun şərtlər” dedikdə ilk növbədə Ermənistanda formalaşacaq siyasi iradə və qəbul ediləcək qərarlar nəzərdə tutulur. Lakin sülh prosesinin tam reallaşması üçün hələ də vacib addımların atılması zəruridir. Azərbaycanın mövqeyi bu baxımdan aydındır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddiaları aradan qaldırılmalı və bununla bağlı hüquqi-siyasi baza formalaşdırılmalıdır.
Yalnız bundan sonra sülh sazişinin imzalanması üçün real və dayanıqlı zəmin yarana bilər. Bu kontekstdə Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr, Konstitusiya Məhkəməsinin mövqeyi və referendum ehtimalı xüsusi diqqət mərkəzindədir. Eyni zamanda iki ölkə arasında davam edən diplomatik təmaslar da sülh gündəliyinin aktual olaraq qaldığını göstərir.
Hesab edirəm ki, əgər Ermənistan yaranmış tarixi fürsəti düzgün qiymətləndirə bilsə, region yeni inkişaf mərhələsinə keçid edə bilər. Çünki sülh təkcə siyasi razılaşma deyil, eyni zamanda iqtisadi əməkdaşlıq, kommunikasiya xətlərinin açılması, regional inteqrasiya və ümumi rifahın artması deməkdir.
Eyni zamanda zaman amili də burada həlledici rol oynayır. Cənubi Qafqaz geosiyasi baxımdan mürəkkəb regiondur və burada böyük güclərin maraqları daim toqquşur. Ona görə də mövcud imkan pəncərəsi sonsuz deyil. Vaxtında qəbul edilməyən qərarlar bu fürsətlərin itirilməsi riskini də yaradır. Bu mənada qarşıdakı dövr həm Azərbaycan-Ermənistan münasibətləri, həm də bütövlükdə regionun gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilə bilər. Əgər Ermənistan konstitusion səviyyədə Azərbaycana qarşı ərazi iddialarından imtina edərsə, tezliklə sülh sazişinin imzalanması və ardınca Zəngəzur dəhlizinin reallaşması üçün real imkanlar formalaşa bilər. Bu isə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yaranmasına xidmət edər.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor