"Son illərdə uşaqlar və yeniyetmələr arasında telefon və sosial şəbəkə istifadəsinin sürətlə artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub".
 




Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında psixoloq, psixoterapevt Elmir Əkbər deyib.
 
Onun sözlərinə görə, bir sıra ölkələrdə azyaşlıların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı addımlar atılır:
 
"Mütəxəssislər hesab edirlər ki, bu cür məhdudiyyətlər müəyyən risklərin qarşısını almağa kömək etsə də, problemin əsas həlli ailədən və valideyn məsuliyyətindən başlayır. Sosial şəbəkələrdə yayılan zorakılıq, təhqir, kibertəqib, təhlükəli çağırışlar və müxtəlif manipulyativ məzmunlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bəzi hallarda yeniyetmələr internetdə rast gəldikləri təhlükəli oyunların və ya çağırışların təsiri altında özlərinə zərər verir, hətta intihara qədər gedib çıxan hadisələr baş verir. Mütəxəssislərin fikrincə, belə halların kökündə çox vaxt uşağın psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməməsi dayanır".

Psixoloq hesab edir ki, məsuliyyəti yalnız məktəbin, dövlətin və ya sosial şəbəkələrin üzərinə qoymaq düzgün yanaşma deyil:
 
"Uşağın davranışına görə ilk növbədə valideyn cavabdehdir. Valideyn övladı ilə sağlam və səmimi münasibət qurmalı, onun həm real həyatda, həm də rəqəmsal mühitdə davranışlarını izləməli və düzgün istiqamətləndirməlidir. Təəssüf ki, bütün ailələrdə valideyn-övlad münasibətləri eyni səviyyədə deyil. Bəzi uşaqlar problemlərini ailələri ilə bölüşə bilmir, nəticədə çıxış yolunu sosial şəbəkələrdə və ya təsadüfi virtual tanışlıqlarda axtarırlar. Bu isə onların müxtəlif risklərlə üzləşməsinə səbəb olur. Maraqlıdır ki, son illərdə cinayət törədən və ya cinayət qurbanına çevrilən yeniyetmələr arasında həm imkanlı, həm də imkansız ailələrdən olan uşaqlara rast gəlinir. Bu da göstərir ki, məsələ maddi imkanlardan çox, ailədaxili ünsiyyət və nəzarətlə bağlıdır".
 
E.Əkbər qeyd edib ki, uşaqların internetdə aqressiv davranış nümayiş etdirməsi, başqalarını təhqir etməsi və ya təhlükəli qruplara qoşulması çox vaxt onların daxili problemlərinin əlamətidir:
 
"Əgər valideyn övladı ilə açıq ünsiyyət qura bilirsə, uşaq sosial şəbəkədə hər hansı problem və ya narahatlıqla qarşılaşdıqda bunu ilk olaraq ailəsi ilə paylaşacaq. Mütəxəssislərin diqqət çəkdiyi digər vacib məqam isə psixoloji dəstəyin əhəmiyyətidir. Cəmiyyətdə hələ də psixoloq və psixoterapevtə müraciət etməyə qarşı müəyyən stereotiplər qalmaqdadır. Halbuki psixologiya insan davranışını və ruh halını öyrənən elm, psixoterapiya isə yaranmış problemlərin aradan qaldırılmasına kömək edən tibbi yanaşmadır. Buna baxmayaraq, bir çox insanlar peşəkar yardıma müraciət etmək əvəzinə müxtəlif qeyri-elmi üsullara üstünlük verirlər".
 
Psixoloq uşaqlar arasında baş verən bir çox mənfi halların qarşısını almaq üçün maarifləndirmənin əsas vasitələrdən biri olduğunu vurğulayıb:
 
"Valideynlər uşaqların yaş xüsusiyyətlərini, psixoloji ehtiyaclarını və rəqəmsal təhlükələri daha yaxşı tanımalıdırlar. Bu istiqamətdə media qurumlarının da rolu böyükdür. Məlumatlandırıcı materiallar valideynlərin mövcud risklər barədə məlumatlılığını artırır və onları daha məsuliyyətli davranmağa təşviq edir. Nəticə etibarilə, telefon və sosial şəbəkələr özlüyündə təhlükə mənbəyi deyil. Təhlükə onların nəzarətsiz və məqsədsiz istifadəsindən yaranır. Uşaqların sağlam inkişafı üçün ailə, məktəb, dövlət qurumları və media birlikdə fəaliyyət göstərməli, xüsusilə valideynlər övladları ilə etibarlı münasibət qurmağa çalışmalıdırlar. Bu halda uşaqlar həm virtual, həm də real həyatda qarşılaşdıqları risklərdən daha yaxşı qoruna bilərlər".