Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdi etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. 
 




Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır. 
 
Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.
 
29 iyun 2026-cı il tarixində Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi altında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan tezislər göstərir ki, ölkənin rəqəmsal transformasiya siyasəti artıq yalnız daxili idarəetmənin modernləşdirilməsi ilə məhdudlaşmır. Sənəddə əks olunan prioritetlər Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar üçün cəlbediciliyinin artırılması və regional innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində yeni mərhələnin əsas konturlarını müəyyən edir.
 
Azərbaycanın regional texnologiya mərkəzi hədəfi və Digital Nomad Visa planı
 
Fəaliyyət Planında əsas hədəflərdən biri Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi kimi müəyyənləşdirilir. Bu yanaşma rəqəmsal inkişafın yalnız texniki və inzibati islahat olmadığını, eyni zamanda ölkənin beynəlxalq iqtisadi və texnoloji nüfuzunun artırılmasına xidmət edən strateji siyasət olduğunu göstərir.
 
İnnovasiya bölməsində qarşıya qoyulan ən iddialı məqsədlərdən biri Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi planıdır. Bunun üçün sənəddə bir neçə istiqamət xüsusi vurğulanır:
 
* beynəlxalq vençur kapitalı fondlarının cəlb edilməsi;
 
* “Fondlar Fondu” modelinin yaradılması, (“Fondlar Fondu” (Fund of Funds – FoF) modeli dövlətin və ya iri institusional investorun ayrı-ayrı startaplara birbaşa investisiya etməsi əvəzinə, vençur kapitalı fondlarına və ya digər investisiya fondlarına sərmayə yatırması mexanizmidir);
 
* innovativ məhsulların dövlət satınalmalarında təşviqi;
 
* açıq dövlət məlumatlarının biznes və startaplar üçün əlçatan olması;
 
* beynəlxalq investorların fəaliyyətini asanlaşdıran hüquqi mexanizmlərin hazırlanması.
 
Bu tədbirlər yalnız yerli innovasiya ekosisteminin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq texnologiya investisiyaları üçün regional platformaya çevrilməsinə xidmət edir.
 
Sənəddə ilk dəfə olaraq “Rəqəmsal Səyyah” (Digital Nomad Visa) vizasının tətbiqi nəzərdə tutulur. Bu təşəbbüs son illərdə dünyanın bir çox ölkəsində uğurla tətbiq edilən beynəlxalq modelə əsaslanır. Belə vizalar yüksək ixtisaslı İT mütəxəssislərinin, proqramçıların, sahibkarların və innovasiya sahəsində çalışan müstəqil peşəkarların ölkədə yaşayıb fəaliyyət göstərməsinə imkan yaradır. Bunun nəticəsində ölkəyə yeni biliklər, texnologiyalar, investisiyalar və beynəlxalq əməkdaşlıq imkanları daxil olur.
 
Azərbaycan üçün bu yanaşma həm insan kapitalının zənginləşdirilməsi, həm də ölkənin qlobal texnologiya xəritəsində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
Strateji Tərəfdaşlıq Xartiyasının ABŞ-la təklif etdiyi əməkdaşlıq imkanları
 
10 fevral 2026-cı ildə imzalnan Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya da rəqəmsallaşdırma sahəsində birgə faəliyyətləri özündə ehtiva edir.
 
Regional Bağlantılar adlanan Bölmə İ-də Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək enerji və data bağlantısı və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər.
 
Xartiyadakı Bölmə II ümumilikdə Azərbaycan–ABŞ strateji tərəfdaşlığını klassik enerji əməkdaşlığından daha geniş müstəviyə çıxararaq, rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya, yüksək texnologiyalar və bilik iqtisadiyyatı sahələrini ikitərəfli əməkdaşlığın yeni strateji sütunları kimi müəyyən edir. Bu yanaşma Azərbaycanın regional texnologiya və rəqəmsal innovasiya mərkəzinə çevrilməsi məqsədini dəstəkləyən mühüm institusional çərçivə formalaşdırır.
 
Rəqəmsal transformasiya istiqamətində Xartiya süni intellekt sahəsində strateji tərəfdaşlığın qurulmasını, AI data mərkəzlərinin yaradılmasını, rəqəmsal infrastrukturun inkişafına sərmayələrin təşviqini, kosmik sənaye sahəsində əməkdaşlığın genişləndirilməsini və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin inkişafını nəzərdə tutur.
 
Sənəddə həmçinin beynəlxalq qabaqcıl təcrübəyə əsaslanan birgə tədqiqat və inkişaf (R&D) proqramlarının, innovasiya platformalarının, vençur və innovasiya maliyyələşdirmə mexanizmlərinin, kibertəhlükəsizlik və süni intellekt üzrə sektor təşəbbüslərinin formalaşdırılması, texnologiyaların kommersiyalaşdırılması və erkən mərhələli innovasiyaların dəstəklənməsi əsas istiqamətlər kimi müəyyən edilir.
 
Xartiya eyni zamanda texnologiya transferi, texniki yardım, istedadların hazırlanması, yüksək ixtisaslı rəqəmsal kadr potensialının inkişafı, transsərhəd və Trans-Xəzər rəqəmsal bağlantılarının genişləndirilməsi, eləcə də hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq rəqəmsal infrastrukturun və süni intellekt ekosisteminin birgə inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
 
Azərbaycan-Aİ: rəqəmsal transformasiya, süni intellekt və bağlantılar üzrə əsas prioritetlər
 
2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında “Prezidentlər rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyətini etiraf ediblər, innovasiyanı, iqtisadi dayanıqlılığı və inkişafı gücləndirmək, həmçinin davamlı və artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək məqsədilə bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.”
 
Prezidentlər Azərbaycan və Avropa İttifaqı rəqəmsal transformasiya, innovasiya və inkişaf etməkdə olan texnologiyalar sahəsində əməkdaşlığı strateji tərəfdaşlığın yeni istiqamətlərindən biri kimi qiymətləndirirlər. Tərəflər süni intellekt (AI) və digər qabaqcıl texnologiyaların iqtisadi inkişaf, innovasiya, məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılmasında artan rolunu vurğulayaraq, dayanıqlı və inkişafyönümlü rəqəmsal ekosistemin formalaşdırılması məqsədilə bu sahədə əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.
 
Bəyanatda Azərbaycanın Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafında oynadığı strateji rol xüsusi qeyd olunur. Avropa İttifaqı "Qlobal Qapı" (Global Gateway) təşəbbüsü çərçivəsində nəqliyyat, logistika və rəqəmsal əlaqələrin inkişafına yönəlmiş layihələrə dəstəyini bir daha təsdiqləyib və bu məqsədlə Azərbaycan–Aİ İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıb.
 
Ümumilikdə, birgə mətbuat bəyanatı göstərir ki, Azərbaycan–Aİ əməkdaşlığı artıq yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. Rəqəmsal transformasiya, süni intellekt, innovasiya, rəqəmsal bağlantılar və yeni texnologiyalar tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsas sütunlarından biri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Avropa, Qara dəniz hövzəsi və Mərkəzi Asiya arasında regional rəqəmsal bağlantı və innovasiya mərkəzi kimi rolunun daha da gücləndirilməsinə xidmət edir.
 
Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen cari il iyul ayının 1-də Bakıda mətbuat konfransında bu fikirləri davam etdirərək bəyan edib ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın yeni mərhələsini formalaşdırmaq məqsədilə Avropa İttifaqı–Azərbaycan Bağlantı Tərəfdaşlığının (EU–Azerbaijan Connectivity Partnership) yaradılmasını təklif edir. Bu tərəfdaşlıq nəqliyyat, enerji və rəqəmsal bağlantıları vahid platformada birləşdirərək Azərbaycanın Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji əlaqələndirici mərkəz kimi rolunu daha da gücləndirməyi hədəfləyir. Bu məqsədlə Avropa İttifaqı "Global Gateway" proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal keçid layihələrinə 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə dövlət və özəl investisiyalar hesabına 2 milyard avroya qədər ümumi investisiyanın cəlb edilməsinə imkan yaradacağını açıqlayıb.
 
Avropa İttifaqı Azərbaycanı artıq təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa–Qafqaz–Mərkəzi Asiya arasında rəqəmsal bağlantılar, texnologiyalar, data axınları və gələcəyin rəqəmsal iqtisadiyyatı üçün strateji regional mərkəz kimi görür və bu istiqamətdə uzunmüddətli investisiya və institusional əməkdaşlığı genişləndirmək niyyətindədir.
 
Rizvan Nəbiyev,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru