Xoşbəxtlik nə yüksək vəzifə, nə bahalı avtomobil, nə də uğurlu evliliklə təmin olunur. Psixoterapevt Mixail Litvak hesab edirdi ki, insanın daxili rahatlığı yalnız özünü tanımaq və gündəlik vərdişlərini dəyişməklə mümkündür.
Moderator.az xəbər verir ki, bu barədə "lipetsknews.ru" nəşri yazıb.
Özünüzü dinləyin və əvvəlcə özünüz üçün yaşayın
Mixail Litvak hesab edirdi ki, xoşbəxtlik insanın əvvəlcə özünü tanımasından başlayır. Onun fikrincə, gündəlik həyatın səs-küyü, sosial şəbəkələr və ətrafdakı insanların fikirləri çox vaxt insanın öz istəklərini eşitməsinə mane olur. Buna görə də o, vaxtaşırı telefon və digər diqqət yayındıran vasitələrdən uzaq qalaraq tək qalmağı tövsiyə edirdi.
Psixoterapevt sağlam eqoizmin də vacib olduğunu vurğulayırdı. O bildirirdi ki, insan əvvəlcə öz fiziki və psixoloji vəziyyətini qaydaya salmalıdır. Çünki tükənmiş və yorğun insan nə özünə, nə də başqalarına həqiqi fayda verə bilir.
Başqalarını deyil, öz həyatınızı dəyişin
Litvakın fikrincə, başqalarını tənqid etmək və ya daim onların davranışını müzakirə etmək insanı irəli aparmır. Əvəzində insan öz reaksiyalarını, hisslərini və qərarlarını analiz etməlidir. O, həmçinin hər kəsin rəğbətini qazanmağa çalışmağın mənasız olduğunu deyirdi.
Psixoloqun sözlərinə görə, daim başqalarının gözləntilərinə uyğun yaşamaq insanı yorur və öz hədəflərindən uzaqlaşdırır. Əgər insan hər gün özünü tükənmiş hiss edirsə, bu, çox vaxt onun öz məqsədləri üçün deyil, başqalarının istəkləri naminə yaşadığını göstərir.
Xoşbəxtliyi gələcəyə saxlamayın
Psixoterapevt "imtahandan sonra", "ev alandan sonra" və ya "təqaüdə çıxandan sonra xoşbəxt olacağam" düşüncəsini yanlış hesab edirdi. Onun fikrincə, xoşbəxtlik gələcəkdə qazanılacaq mükafat deyil, insanın bugünkü həyat tərzidir. Litvak bildirirdi ki, insanın qarşısındakı ən böyük maneələr xarici çətinliklər deyil, daxili qorxular və özünə inamsızlıqdır.
Bu qorxuları qəbul edib onların səbəbini anlamaq dəyişimin ilk addımıdır. Psixoloq Aleksey Petrov da bu yanaşmanı dəstəkləyərək vurğulayır ki, xoşbəxtlik başqalarının qaydalarını təkrarlamaqdan deyil, insanın özünə "Mən əslində nə istəyirəm?" sualını verməsindən başlayır.