Bu günlərdə Amerika Mərkəzi kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ABŞ-ın Pensilvaniya ştatında bildirib ki, Ukrayna qüvvələri tərəfindən süni intellektlə təchiz olunmuş hücum dronlarının kütləvi istifadəsi səbəbindən Ukraynadakı döyüş meydanında rus əsgərinin orta ömrü 20-30 dəqiqə arasındadır. MKİ direktoru: “döyüş meydanına gələn rus əsgərinin orta ömrü 20-30 dəqiqədir, çünki süni intellektlə təchiz olunmuş dronlar çox ixtisaslaşmış və ucuz öldürücü maşınlara çevrilib".
Birbaşa əlaqəsi olmasa da, sovet dövründə çəkilmiş məşhur “Qaçış” filmini xatırladım. Bulqakovun əsərləri əsasında çəkilmiş “Qaçış” filmində Türkiyəyə mühacirət etmiş ağqvardiyaçı general Xludovla, digər general Çernota arasında maraqlı bir dialoq səhnəsi var. General Xludov Rusiyaya gedən gəmiyə minmək istəyir və deyir ki, vətənə-Rusiyaya qayıtmağa qərar verib. General Çernota: ”Gəmidən düşəndə sənin vətəndə ömrün gəmi ilə ən yaxın divar arasındakı məsafə qədər olacaq. Səni divara dirəyib güllələyəcəklər”. Rusiyada isə Ukrayna cəhbəsinə gedən əsgərə real situasiyanı xəbərdar edən yoxdur, əksinə yalan vədlər, maliyyə, şöhrət, orden, medal nağıllarından bəhs edirlər.
Rusiyanın istər insan, istərsə də təbii resursları Ukraynanın imkanlarından artıq olsa da, orduda canlı qüvvə çatışmazlığı beşinci ilə keçən müharibədə açıq hiss olunur, amma Putin nə qədər çətin olsa da müharibəni davam etdirməyi planlaşdırır.
Rusiya hərbi Z-kanalları Kremlin Dövlət Duması seçkilərindən sonra (18-20 sentyabr tarixlərinə planlaşdırılan) elan edə biləcəyi yeni bir səfərbərlik barədə məlumat verir. İndiyədək “könüllü” müqavilə bağlamağı stimullaşdırmağa yönəlmiş diqqət bir sıra səbəblərə görə cəbhənin ehtiyaclarını ödəmir. Eyni zamanda Afrika, Asiya ölkələrindən cəlb edilmiş və davam edən, amma getdikcə rəsmi etirazlarla müşayət olunan muzdlu döyüşçü dəstələri gün keçirməklə məşğul olduğundan uğur əldə etmək çətinləşir.
Ümumi sayı 1,2 milyonu əhatə edəcəyi planlaşdırılan bu səfərbərlik cəbhədə üstünlük yaratsa da, daxildə də bir o qədər gərginlik yarada bilər. Bu yeni ümumi səfərbərlik dalğasının məqsədi cəbhədəki vəziyyəti dəyişdirmək və Ukraynanın rekord qıran pilotsuz təyyarə hücumlarına cavab verməkdir. Rusiyanın Ukrayna üzərində əhəmiyyətli say üstünlüyünə baxmayaraq, Kiyev əsasən hücum dronlarındakı innovasiyalar sayəsində Moskvanın irəliləməsini cilovlaya bilib. Hətta, Amerika rəsmiləri iddia edirlər ki, Rusiya həftədə təxminən 7000 əsgər itirir, Ukrayna prezidenti Volodymyr Zelenski isə "düşmən hədəflərinin" 80%-dən çoxunun dronlar tərəfindən məhv edildiyini iddia edir. Faktiki olaraq verilən itkilər cəlb edilən qüvvələrdən çoxdur.
Amma, seçkilərə qədər ümumi səfərbərlik elan edilməsi gözlənilmir. Bu addım həm hüquqi, həm də təhlükəsizlik baxımından problemlər yaradır. Kreml bilir ki, ümumi səfərbərliyi əsaslandırmaq üçün ilk növbədə Xüsusi Hərbi Əməliyyat deyil, Ukrayna ilə müharibə apardığını bildirməli və müharibə vəziyyətinə uyğun olaraq ümumi səfərbərlik elan etməlidir. Bu isə, parlament seçkiləri ərəfəsində kütləvi etirazlara səbəb ola bilər və seçki nə qədər saxtalaşdırılsa da, formal xarakter daşısa da kütlənin müqavimət amili seçkilərə təsirsiz ötüşməyə bilməz. Xüsuslə, Moskva və Sankt -Pterburq şəhərlərinin bu səfərbərliyə etiraz edəcəyi indidən proqnozlaşdırılır. Onsuz da, gərgin günlərini yaşayan Rusiya prezidentinin siyasi baxımdan nüfuzu bu addımla daha da sarsıla bilər.
Yeni səfərbərlik ölkənin kütləvi tərk edilməsi təhlükəsini də qaçılmaz edəcək. Müharibənin ilk günlərində tərk edənlər hələ də geri dönməyib. İndiki səfərbərlikdə rəsmi olaraq sərhədlər açıq qalsa da, Rusiyadan çıxmaq "texniki problemlər", "sərtləşdirilmiş nəzarət" və qonşu dövlətlərdəki digər qeyri-rəsmi tədbirlər səbəbindən faktiki olaraq mümkün olmayacaq. Bütün baş verə biləcək gərginlikləri, təbii ki, Putin də bilir və bu səbəbdən tammiqyaslı səfərbərlik elan edəcəyi şübhə yaradır, çünki yeni səfərbərlik sadəcə kütləvi etirazlar deyil, eləcə də onları təchiz etmək və təlimləndirmək üçün əhəmiyyətli maliyyə vəsaiti tələb edəcək. Yəni, vəziyyət hərtərəfli şəkildə Kreml sahibini başqa çıxış yolları axtarmağa məcbur edəcək. Çıxış yolunun artıq Çində yox, yenə də Vaşinqtonda axtarılacağı indidən hiss olunur.
Dünən Manilada ABŞ Dövlət katibi Marko Rubio ilə 30 dəqiqəlik görüş keçirən Rusiya XİN rəhbəri Sergey Lavrov Ukraynaya silah verilməsinə etiraz edib. Müharibəni başlayan, Ukrayna ərazisini işğal edən Rusiya indi o qədər çətinliklə üzləşib ki, açıq şəkildə etiraz edir ki, Ukraynaya silah verilməsin. Yəni, dünya imkan versin ki, işğal siyasətimi bitirim, sonra atəşkəsdən danışaq. Nə qədər çirkinlik nümayiş etdirməlisən ki, işğalçılığına imkan verilməsini xahiş edəsən. Bu, Rusiyanın ağır iqtisadi, hərbi durumundan xəbər verir. Rusiya getdikcə daha çox - iqtisadi, siyasi və hərbi baxımdan - problemlərlə üzləşir və bu, hər gün üst-üstə gəlir.
Vaxt amili Ukraynanın xeyrinədir. Amma, hər zaman belə olmaya da bilər.
İlham İsmayıl