Əvvəlcədən belə deyək: “MİLYONÇU” OLMAQ ÜÇÜN MİLYON MƏLUMAT BİLMƏK LAZIM DEYİL...
Bu mövzuda danışmağımın müəyyən əsasları var.
Dünyagörüşü sahəsində indiyədək iki kitabım nəşr olunub:
“Dünyagörüşü ilə bağlı 1111 sual – 1111 cavab” — 2019
“Dünyagörüşü atlası” — 2026
Bundan əlavə, müxtəlif dövrlərdə dövlət qulluğu və digər dövlət orqanlarının dünyagörüşü mərhələsinə, eləcə də bilik yarışlarına hazırlaşan şəxslər üçün hazırlıqlar və təlimlər keçmişəm.
Müəyyən bilik yarışlarında iştirakçı olmuşam.
Bəzi yarışlarda isə dəfələrlə ekspert kimi suallar hazırlamış, münsiflər heyətində təmsil olunmuşam.
Həmçinin bəzi bilik yarışları oyunlarında sual müəlliflərindən biri olmuşam.
Həmin layihələrin bir hissəsi məxfilik öhdəlikləri ilə bağlı olduğundan onların adlarını və təfərrüatlarını heç vaxt açıqlaya bilmərəm! Çünki bu, əxlaqi baxımdan düzgün olmamaqla yanaşı, xüsusilə qadağandır!
Lakin bəzi intellektual oyunlarla bağlı iştirak etdiyim layihələrdə məxfilik müqavilələrində nəzərdə tutulan müddətlər keçdiyinə görə, qarşılıqlı razılaşma və hüquqi qaydalar çərçivəsində paylaşılması mümkün olan bəzi faydalı məqamları gələcəkdə yarışmaq istəyənlər üçün zaman-zaman açıqlayacağam.
Bu yazı həmin silsilənin başlanğıcı sayıla bilər.
Bilik yarışlarında uğur qazanmaq üçün çox şey bilmək vacibdir. Amma nəyi, necə və hansı anda xatırlamağı bacarmaq bəzən bildiyiniz məlumatın həcmindən də mühüm olur.
Elə yarışçı var ki, evdə ekran qarşısında bütün suallara cavab verir, studiyada isə aparıcının “Əminsiniz?” sualından sonra öz ad-soyadına belə şübhə etməyə başlayır. Çünki bilik yarışı sadəcə yaddaş sınağı deyil. Burada dünyagörüşü ilə yanaşı:
diqqət;
məntiq;
sualı düzgün oxumaq;
həyəcanı idarə etmək;
riskləri hesablamaq;
düzgün anda dayanmaq;
bəzən də ilk sağlam ehtimala etibar etmək bacarığı sınanır.
Həm şəxsi təcrübəmə, həm də dünya bilik yarışlarında uğur qazanmış şəxslərin yanaşmalarına əsaslanaraq “Milyonçu” və digər bilik yarışlarında iştirak etmək istəyənlər üçün tövsiyələrimi bölüşürəm:
Sualı cavablandırmağa deyil, əvvəlcə onu anlamağa çalışın!
Bilik yarışlarında ən çox səhv məlumatsızlıqdan deyil, tələskənlikdən yaranır.
Sualı oxuyarkən xüsusilə bu sözlərə diqqət edin:
ilk;
son;
ən çox;
ən az;
yalnız;
əvvəl;
sonra;
istisnadır;
deyil;
aid deyil;
səhvdir.
Bəzən yarışçı sualın 90 faizini bilir, amma sonundakı bircə "yalnız" və ya “deyildir” sözünə diqqət yetirmədiyinə görə məğlub olur. Başqa sözlə, cavabı bilir, sualı isə oxumur.
Unutmayın ki, sual müəllifinin sizdən nə soruşmaq istədiyini dəqiqləşdirmədən qətiyyən variantlara keçməyin. Çünki variantlar bəzən kömək etmək üçün deyil, diqqətinizi yayındırmaq üçün ordadırlar.
Hər uzun sual çətin, hər qısa sual asan deyil!
Uzun sualda əlavə məlumatlar bəzən cavaba aparan yol xəritəsidir. Tarix, məkan, peşə, müəllif, əsər adı və ya müəyyən hadisə təsadüfən qeyd edilməyə bilər.
Qısa sual isə bəzən bir cümləlik tələlər ola bilir. Məsələn, sualda “nisbilik nəzəriyyəsi” ifadəsi işlədilibsə, beyniniz dərhal Albert Eynşteynə yönələ bilər. Lakin peşəkar sual müəllifi məhz bu avtomatik reaksiyanızı nəzərə alaraq fizika sahəsində başqa aliminin adını (məsələn, Bohr) soruşa bilər.
Deməli, ilk çağırış cavab ola bilər, amma hökm deyil.
Sual müəllifinin beynini təqlid edərək düşünməyi vərdiş halına salın!
Özünüzdən soruşun:
“Mən bu sualı hazırlasaydım, doğru cavabı hansı ipucları ilə gizlədər, yanlış variantları necə seçərdim?”
"Yaxşı" yanlış variantlar təsadüfi adlardan ibarət olmur. Onlar doğru cavabla müəyyən üzvü əlaqəyə malik ola bilir. Məsələn:
eyni dövrə aiddir;
eyni peşədəndir;
oxşar adda əsəri var;
eyni ölkədəndir;
eyni filmdən epizodla bağlıdır;
tez-tez bir-biri ilə qarışdırılır.
Ona görə variantlardan biri sizə çox tanış görünürsə, dərhal sevinməyin. Böyük ehtimal ki, məhz tanış olduğu üçün ora yerləşdirilib. Unutmayın ki, müftə pendir siçan tələsində olar!
Kitabı sadəcə oxumayın - ən əsası özünüzü sorğuya çəkin!
Bir məlumatı dörd-beş dəfə oxumaq insana “mən bunu bilirəm” hissi verə bilər. Lakin kitab bağlanan kimi cavab yaddaşdan çıxmırsa, həmin məlumat hələ sizin deyil.
Daha faydalı üsul belədir:
Mövzunu oxuyun və qavrayın.
Kitabı bağlayın.
Özünüzə sual verin.
Cavabı yaddaşınızdan tapmağa çalışın.
Səhvinizi dərhal yoxlayın.
Bir neçə gün sonra həmin suala yenidən qayıdın.
Yaddaşla bağlı araşdırmalar göstərir ki, məlumatı sadəcə yenidən oxumaqdansa, onu yaddaşdan çağırmağa çalışmaq və təkrarları müəyyən fasilələrlə etmək uzunmüddətli mənimsəməni gücləndirir.
Unutmayın ki, bilik yarışına hazırlaşarkən kitabın altından xətt çəkmək gözəldir, amma beynin altından xətt çəkmək üçün özünü sınağa çəkməlisən.
“Məlumat anbarı” deyil, “məlumat xəritəsi” yaradın!
Hər şeyi eyni səviyyədə öyrənməyə çalışmaq mümkün deyil. Biliklərinizi kateqoriyalara bölün:
coğrafiya;
tarix;
ədəbiyyat;
incəsənət, rəssamlıq və heykəltaraşlıq
kino və cizgi filmləri;
musiqi;
idman;
elm və texnologiya;
fəlsəfə, məntiq və psixologiya;
süni intellekt;
heyvanlar və bitkilər;
hüquq və dövlətçilik;
aktual hadisələr;
dil, məntiq və söz oyunları və s.
Sonra zəif və güclü tərəflərinizi müəyyənləşdirin. Məsələn, tarixdən yaxşısınızsa, bütün vaxtınızı yenə tarixə sərf etməyin. Çünki yarışda sizi çox vaxt güclü olduğunuz sahə deyil, boş buraxdığınız sahə məğlub edir.
Dünyanın aparıcı viktorina yarışlarında suallar müxtəlif mövzu blokları üzrə qurulur. Məsələn, "Dünya Bilik Yarışı"nda iştirakçının yalnız bir istiqamətdə güclü olması kifayət etmir. müxtəlif sahələr arasında tarazlıq tələb olunur.
Xəbərləri oxuyun, amma yalnız başlıqları deyil!
Bir çox yarışın aktual sualları son aylarda gündəmdə olan hadisələrdən hazırlanır.
Lakin “filankəs mükafat aldı” məlumatını bilmək kifayət etmir. Bunları da öyrənin:
Mükafatı hansı əsərinə görə aldı?
Daha əvvəl kimlər qazanmışdı?
Hadisə harada baş verdi?
Təşkilat nə vaxt yaradılıb?
Həmin şəxsin ölkəsi, peşəsi və əsas fəaliyyəti nədir?
Təcrübəli viktorina ustalarının tövsiyələrindən biri gündəlik xəbərləri müntəzəm izləməkdir. Çünki yaxşı sual müəllifi gündəmin özünü deyil, gündəmdən açılan ikinci və üçüncü qapını soruşur.
Unutmayın: Başlığı oxuyan hadisəni bilir.
Məqaləni oxuyan isə sualın cavabını!
Uşaq ensiklopediyalarını görməzdən gəlməyin!
Bu məsləhətim ilk baxışda qəribə görünə bilər. Ancaq uşaq və yeniyetmələr üçün hazırlanmış ensiklopediyalar böyük məlumatı sadə, qısa və yadda qalan formada təqdim edir.
“Jeopardy!” yarışının rekordçu iştirakçılarından James Holzhauer də hazırlıq zamanı kitabxana və kitab mağazalarının uşaq bölməsindəki məlumat kitablarından geniş istifadə etdiyini bildirib. Onun fikrincə, bu kitablar müxtəlif mövzulara sürətlə toxunur və məlumatı cansıxıcı şəkildə təqdim etmir.
Etiraf edək ki, bəzən 600 səhifəlik elmi əsərdən yadımızda qalan yalnız üz qabığı olur, rəngli uşaq ensiklopediyasındakı bir şəkil isə illərlə unudulmur.
Cavabın özünü deyil, əgər belə demək mümkündürsə, “ailə"sini də öyrənin!
Tutaq ki, cavab rəssam Pablo Pikassodur. Bununla kifayətlənməyin.
Onunla birlikdə bunları da xatırlayın:
doğulduğu ölkə;
yaşadığı dövr;
əsas əsərləri;
məşğul olduğu sahələr;
müasirləri;
tez-tez qarışdırıldığı şəxslər.
Məlumatları bir-birindən ayrı daşlar kimi deyil, bir-birinə bağlı şəbəkə kimi öyrənin! Yaddaş haqqında aparılan araşdırmalarda da güclü viktorina iştirakçılarının məlumatlar arasında daha çox və daha çevik əlaqə qurduqları göstərilir.
Unutmayın ki, beyində bir məlumat digərini çağırmalıdır. Çünki yarış zamanı sizə bütün ünvan verilməyəcək, bəzən sadəcə qapının rəngi deyiləcək.
Əvvəlki yarışları izləyin, amma tamaşaçı kimi yox!
Verilişə baxarkən aparıcıdan əvvəl cavab verməyə çalışın.
Özünüzə vaxt qoyun.
Səhv etdiyiniz sualları yazın.
Kateqoriyalar üzrə nəticənizi hesablayın.
Cavabı nə üçün səhv seçdiyinizi araşdırın.
“Bilmirdim” ümumi cavabdır. Səhvin əsl səbəbi daha konkret olmalıdır:
- İki şəxsi qarışdırdım.
- Tarixi düzgün xatırlamadım.
- Sualdakı inkarı görmədim.
- İlk ehtimalımı səbəbsiz dəyişdim.
- Variantlardan birini heç tanımadığım üçün onu avtomatik sildim.
Unutmayın ki, səhvin səbəbini tapmayan yarışçı eyni səhvi başqa sualda yenidən edir!
Kömək hüquqlarını qorxudan deyil, ehtiyacdan istifadə edin!
“Milyonçu” tipli yarışlarda kömək vasitələri yalnız bilmədiyiniz suallar üçün deyil, əminlik dərəcənizi artırmaq üçün də mövcuddur.
Məsələn, iki cavab arasında qalmısınızsa və səhv cavab böyük itki yaradacaqsa, köməkdən istifadə etmək zəiflik deyil.
Amma hər çətin görünən sualda kömək işlətmək də düzgün deyil. Bəzən sualın daxilində kifayət qədər ipucu olur. Əvvəlcə:
Sualı yenidən oxuyun.
Mümkünsüz variantları çıxarın.
Qalan variantlar arasındakı fərqi tapın.
Əminlik səviyyənizi qiymətləndirin.
Sonra kömək vasitəsinə qərar verin.
Dünya üzrə “Who Wants to Be a Millionaire?” tarixinin ən məşhur qaliblərindən John Carpenter son suala qədər heç bir köməkdən istifadə etməmişdi. Finalda isə “dosta zəng” hüququnu cavabı soruşmaq üçün deyil, atasına qalib gələcəyini demək üçün işlətdi. Bu gözəl hadisədir, amma hamının Carpenter olması məcburi deyil. Kömək hüquqları verilibsə, istifadə etmək ayıb deyil.
Riskinizi bilmədən cavab verməyin!
Eyni sual yarışın əvvəlində və sonunda eyni mənanı daşımır!
Aşağı məbləğli sualda risk etmək məntiqli ola bilər. Ancaq böyük mükafat mərhələsində səhv cavab ciddi itkiyə səbəb olacaqsa, qərar başqa cür qiymətləndirilməlidir.
Özünüzdən soruşun:
Cavaba nə qədər əminəm?
Səhv etsəm nə itirəcəyəm?
Dayansam nə qazanacağam?
Ehtimalım biliyə əsaslanır, yoxsa sadəcə hissə?
Unutmayın ki, Ylyarışmada məqsəd bütün suallara cavab vermək deyil. Məqsəd mövcud qaydalar daxilində ən doğru qərarı verməkdir!
Bəzən “bilmirəm” deyib dayanmaq da ağıllı cavabdır. Çünki cəsarətlə ehtiyatsızlıq eyni şey deyil!
İlk cavabınızı səbəbsiz dəyişməyin!
İlk ağla gələn cavab həmişə doğru deyil. Lakin onu dəyişmək üçün konkret əsasınız olmalıdır.
Bu əsas:
Sualdakı yeni gördüyünüz ipucu;
Tarixi uyğunsuzluq;
Coğrafi ziddiyyət;
Variantlardan birini mümkünsüz edən fakt ola bilər.
Unutmayın ki, sadəcə “bu qədər asan ola bilməz” deyib doğru cavabdan uzaqlaşmaq təhlükəlidir!
Bəzən sual həqiqətən asandır. Sual müəllifinin hər dəfə sizi uçurumun kənarına gətirmək kimi bir niyyəti də yoxdur təbii ki. Arada özü də mərhəmətli olur.
Həyəcanı yalnız yarış günü idarə etməyə çalışmayın!
Evdə sakit otaqda cavab verməklə kamera, işıq, aparıcı, tamaşaçı və vaxt təzyiqi altında cavab vermək eyni deyil.
Hazırlıq zamanı süni yarış şəraiti yaradın:
Kameranı açın;
Vaxt məhdudiyyəti qoyun;
Sualları başqa biri səsləndirsin;
Fasiləsiz bir neçə mərhələ oynayın;
Hər mərhələyə şərti mükafat və itki müəyyən edin.
Psixologiyada yüksək təzyiq altında insanın real bacarığından aşağı nəticə göstərməsi tanınan hadisədir. Buna görə yarış təzyiqinə də bilik qədər məşq etmək lazımdır.
Unutmayın ki, yarış günü ürəyiniz sürətlə döyünürsə, bu, heç nə bilmədiyiniz anlamına gəlmir. Sadəcə orqanizminiz də verilişdə iştirak etmək istəyir!
Sürət tələb olunan yarışlarda texniki bacarığı ayrıca məşq edin!
Bəzi yarışlarda cavabı bilmək kifayət etmir, düyməni vaxtında basmaq da lazımdır.
“Jeopardy!” yarışında siqnal çox tez verildikdə sistem iştirakçını qısa müddətə bloklaya bilər. Buna görə çempionlar sadəcə reaksiya sürətini deyil, aparıcının cümləni bitirdiyi anı tutmağı məşq edirlər. Yarışın rəsmi mənbələri də düymə zamanlamasınķn nəticələrə ciddi təsir göstərdiyini qeyd edir.
Deməli, qaydaları əvvəlcədən öyrənmək vacibdir:
▪️cavab yazılıdır, yoxsa şifahi?
▪️səhv cavaba cərimə varmı?
▪️düyməni nə vaxt basmaq olar?
▪️cavabı dəyişmək mümkündürmü?
▪️sualın təkrarı istənilə bilərmi?
Unutmayın ki, bəzən bilik yarışını ən çox bilən deyil, formatı ən yaxşı anlayan qazanır!
Etibarlı mənbə ilə işləyin!
Unutmaq olmsz ki, internetdə bir məlumatın yüz saytda təkrarlanması onun yüz dəfə doğru olduğu anlamına gəlmir. Ola bilər, bir nəfər səhv yazıb, qalan 99 nəfər də onu köçürüb.
Məlumatı mümkün qədər:
Rəsmi qurumların saytından;
Ensiklopedik və akademik mənbələrdən;
Mötəbər nəşrlərdən;
Muzey, universitet və beynəlxalq təşkilatların materiallarından yoxlayın.
Xüsusilə rekordlar, ilk hadisələr, tarixlər, təxəllüslər və statistik göstəriciləri ən azı iki etibarlı mənbə ilə dəqiqləşdirmək faydalıdır.
Yarışçı yanlış məlumat öyrənəndə bir sualı itirir.
Sual müəllifi yanlış məlumat yazanda isə bütün yarışın etibarını riskə atır.
“Mən bunu heç vaxt bilmərəm” dediyiniz mövzuları qətiyyən arxa plana atmayın!
Bir çox insan özünə əvvəlcədən sərhəd qoyur:
“Mən rəssamlıqdan baş çıxarmıram.”
“Opera mənlik deyil.”
“İdman suallarını onsuz da tapa bilməyəcəyəm.”
Heç kim sizdən bütün opera əsərlərini və ya bütün dünya çempionatlarının nəticələrini bilməyi tələb etmir. Əvvəlcə həmin sahənin əsaslarını öyrənin:
- ən məşhur şəxslər;
- əsas terminlər;
- rekordlar;
- simvolik əsərlər;
- tez-tez soruşulan hadisələr.
Unutmayın ki, bilik yarışı üçün hər mövzuda professor olmaq lazım deyil. Bəzən bir sahənin “əlifba"sını bilmək belə iki variantı aradan qaldırmağa kifayət edir!
Dünyagörüşünüzü yarış üçün deyil, həyat üçün genişləndirin!
Yalnız sual çıxacaq deyə oxunan məlumat tez unudulur. Maraqla öyrənilən bilik isə uzun müddət qalır.
Muzeyə gedin.
Sənədli film izləyin.
Xəritəyə baxın.
Yeni sözlərin mənşəyini araşdırın.
Səfər etdiyiniz şəhərin tarixini oxuyun.
Bir filmdə adı çəkilən əsərin müəllifini tapın.
Unutmayın ki, yaxşı yarışçı hər yerdə sual görür! Başqası Eyfel qülləsinə baxır, yarışçı isə düşünür: “Hündürlüyü neçə metrdir, memarı kimdir və əvvəlcə hansı münasibətlə tikilmişdi?”
Dünyagörüşü bir gecədə yaranan məlumat yığını deyil. O, illərlə davam edən marağın nəticəsidir.
SON SÖZÜMƏ GƏLİNCƏ...
Bilik yarışması məktəb imtahanı deyil.
İmtahan çox vaxt bilmədiyinizi müəyyənləşdirir. Bilik yarışı isə bildiklərinizi tapıb üzə çıxarmaq, onlar arasında əlaqə qurmaq və həmin biliyi doğru anda istifadə etmək bacarığınızı sınayır.
Burada məğlubiyyət də faydalıdır. Çünki bilmədiyiniz hər sual gələcəkdə öyrənə biləcəyiniz yeni mövzunun qapısıdır.
Yaxın vaxtlarda bilik yarışlarında iştirak etmək istəyənlər üçün ayrıca olaraq:
Suallardakı gizli ipucları;
Doğru və aldadıcı variantların quruluşu;
Son iki variant arasında seçim;
Kömək hüquqlarından istifadə strategiyası;
Yarış həyəcanının idarə edilməsi;
Dünyagörüşünün sistemli inkişafı;
Sual müəlliflərinin ən çox istifadə etdiyi üsullar barədə daha konkret nümunələr paylaşacağam.
Bəzi nümunələr uzun illər sual hazırlayan və yarış prosesinin görünən tərəfi ilə yanaşı, mətbəxində də olmuş bir insanın müşahidələri olacaq.
Unutmayın: Bilik yarışında qalib yalnız ən çox bilən deyil. Bildiyini düzgün oxuyan, vaxtında xatırlayan və soyuqqanlılıqla istifadə edən şəxsdir!
Yunis Xəlilov
Araşdırmaçı-hüquqşünas