Təxminən 2 min il əvvəl Yer üzündə dillərin sayı 75 minə çata bilərdi. Bu gün dünyada təxminən 7 min dil mövcuddur. Lakin yeni kompüter modelləşdirməsi göstərib ki, bu, bəşəriyyətin keçmiş dil zənginliyinin yalnız kiçik bir hissəsidir. 


Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Scientific American" nəşri yazıb.






Bəşəriyyətin itirilmiş dil "qızıl əsri"


Tədqiqatçılar hesab edir ki, eramızdan əvvəl 1000-ci ildən eramızın 1000-ci ilinə qədər olan dövrdə Yer üzündə dillərin sayı ən yüksək həddə çatıb. Həmin "qızıl dövrdə" insanlar on minlərlə fərqli dildə danışırdı. Alimlərin fikrincə, kənd təsərrüfatının inkişafı əhalinin artmasına imkan yaratdıqca dillərin sayı da yüksəlib və təxminən 2 min il əvvəl 20-75 min arasında olub.


Dillərin zirvədən enişi


Daha sonra böyük dövlətlərin və imperiyaların yaranması ilə dil müxtəlifliyi azalmağa başlayıb. Tədqiqatçılar hesab edir ki, Roma imperiyası kimi çoxmillətli güclər bir çox dillərin yox olmasına təsir göstərib. Harvard Universitetinin dil təkamülü üzrə tədqiqatçısı, məqalənin əsas müəllifi Demian Blazi bildirib ki, müəyyən mərhələdə bəzi dillər sürətlə yayılaraq ətrafındakı digər dilləri sıradan çıxarıb.


Qədim dillərin böyük hissəsi yazılı iz buraxmadığı üçün alimlər onların tarixini kompüter modelləri vasitəsilə bərpa etməyə çalışıblar. Hesablamalara görə, 12 min il əvvəl Holosen dövrünün başlanğıcında dünyada təxminən 5-6 min dil ola bilərdi. Hazırda isə dillərin sayı sürətlə azalır. Hər bir neçə həftədən bir dünyada daha bir dil yox olur.


Dil müxtəlifliyinin sirri hələ də açılmayıb


Tədqiqatçılar bildirir ki, dil itkiləri çox vaxt son 500 ildəki müstəmləkəçiliklə əlaqələndirilsə də, ilk böyük cəmiyyətlər də dil müxtəlifliyini azaldıb. Blazinin sözlərinə görə, bunun üçün nəhəng imperiyaya ehtiyac yoxdur, daha kiçik icmalar belə dil müxtəlifliyinin itirilməsinə səbəb ola bilər. Bəzi dilçilər hesab edir ki, mövcud dillər insanın bioloji və nevroloji xüsusiyyətləri ilə məhdudlaşır.


Lakin Blazi düşünür ki, keçmişdə itirilmiş dillər daha zəngin və qeyri-adi xüsusiyyətlərə malik ola bilərdi. Bununla belə, bütün alimlər "linqvistik qızıl əsr" nəzəriyyəsi ilə razılaşmır. Havay Universitetinin dilçisi Layl Kempbell hesab edir ki, qədim dövrlər haqqında belə dəqiq nəticələr çıxarmaq çətindir və araşdırma müəyyən qədər fərziyyələrə əsaslanır. 


Kaliforniya Universitetinin professoru Coanna Nikols isə qeyd edir ki, hətta minlərlə dil eyni dövrdə mövcud olsa belə, onların bir-birindən nə qədər fərqləndiyi dəqiq bilinmir. Onun fikrincə, qədim dünya çoxsaylı qarşılıqlı anlaşılabilən dialektlərin qarışdığı böyük bir dil kontinuumu ola bilərdi.