Alimlər müəyyən ediblər ki, bitki mənşəli qidalarda lif və bəzi həzm olunmayan zülalların çatışmazlığı bəzi bağırsaq bakteriyalarını alternativ qida mənbəyi axtarmağa vadar edir. Bu zaman onlar bağırsağın daxili səthini qoruyan selik (mukus) qatını parçalamağa başlayırlar.
Moderator.az xəbər verir ki, bu barədə "SciTechDaily" nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bitki mənşəli qidaların sağlamlığa təsiri yalnız bağırsaq bakteriyalarının nə ilə qidalanmasından deyil, həm də onların qoruyucu selik qatına yönəlib-yönəlməməsindən asılıdır.
Araşdırma göstərib ki, əvvəllər diqqətdən kənarda qalan lif və bəzi bitki zülalları bağırsaq mikrobları üçün mühüm qida mənbəyidir. Bu maddələr bakteriyaların bağırsağın qoruyucu qatını parçalamaq əvəzinə qidadan istifadə etməsinə şərait yaradır. Eyni zamanda, onlar bağırsaq sağlamlığı və maddələr mübadiləsi üçün faydalı hesab olunan metabolitlərin yaranmasını da təşviq edir.
Alimlərin fikrincə, əldə edilən nəticələr qidalanma, bağırsaq mikrobiomu və insan maddələr mübadiləsi arasındakı əlaqənin indiyədək düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir. Bu, həmçinin orqanizmdə əmələ gələn bir sıra bioloji aktiv maddələrin mənşəyi ilə bağlı mövcud təsəvvürlərə yeni baxış formalaşdırır.
Tədqiqat zamanı alimlər pəhrizin bağırsaq bakteriyalarının fəaliyyətinə necə təsir etdiyini araşdırıblar. Məlum olub ki, lif və həzm olunmadan yoğun bağırsağa çatan bəzi bitki zülalları mikrobların maddələr mübadiləsini fenilalanin yolu istiqamətində dəyişdirir. Bu isə faydalı metabolitlərin miqdarını artırır, zərərli metabolitlərin isə azalmasına səbəb olur.
Mütəxəssislər xatırladırlar ki, lif uzun illərdir bağırsaq bakteriyalarının əsas qida mənbələrindən biri kimi tanınır. Yeni araşdırma isə göstərib ki, bəzi bitki zülalları da tam həzm olunmadan yoğun bağırsağa çatır və bakteriyalar tərəfindən lif kimi istifadə olunur.
Eksperimentlər zamanı alimlər sabit izotoplarla işarələnmiş zülallar vasitəsilə qida maddələrinin həzm sistemi boyunca hərəkətini izləyiblər. Bu üsul onların hansı metabolitlərin qidadan, hansılarının isə orqanizmin öz toxumalarından əmələ gəldiyini müəyyən etməsinə imkan verib.
Nəticələr göstərib ki, faydalı fenollar əsasən həzm olunmamış bitki zülallarından yaranır. Zərərli fenollar isə daha çox bakteriyalar orqanizmə məxsus zülalları, o cümlədən bağırsağın daxili səthini örtən qoruyucu selik qatındakı zülalları parçalayarkən əmələ gəlir.
Selik təbəqəsi bağırsağın normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. O, təkcə bağırsağın səthini nəmləndirib qorumaqla kifayətlənmir, həm də zərərli mikroorqanizmlərə və müxtəlif təsirlərə qarşı mühüm müdafiə baryeri rolunu oynayır.
Mütəxəssislərin fikrincə, bu nəticələr gələcəkdə pəhriz vasitəsilə bağırsaq mikrobiomunun tənzimlənməsi və yeni müalicə üsullarının hazırlanması istiqamətində mühüm imkanlar aça bilər. Bununla yanaşı, tədqiqatın bir hissəsinin heyvan modelləri üzərində aparıldığı nəzərə alınmalı və nəticələrin insanlarda tam təsdiqlənməsi üçün əlavə klinik araşdırmalara ehtiyac olduğu vurğulanır.