“Ratkliffin səfərindən dərhal sonra Ukrayna məsələsində böyük bir dönüş gözləmək üçün bir səbəb yoxdur...”
 




“MKİ rəhbərinin səfərini ABŞ-ın Rusiya ilə münasibətlərinin yaxşılaşması və ya gərginləşməsi kimi şərh etmək doğru olmaz...”
 
“3 mümkün ssenarini nəzərdən keçirərdim. Lakin bu ssenarilərin sərhədlərinin harada kəsişdiyini bilməmiz mümkün deyil. Yenə də faktlarla ehtimalları qarışdıraraq 3 ssenari üzərində dayanaq...”
 
“Hazırda ictimaiyyətə verilən məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (“CIA”) direktoru Con Ratkliff (John Ratcliffe) avqustun 25-də Moskvaya gedib və Rusiya xüsusi xidmətlərinin nümayəndələri ilə görüşüb. O, Putinlə ya görüş tələb etməyib, ya da görüşmək istəsə də, görüşə bilməyib. Kremlin məlumatına görə, Putin görüşün nəticələri barədə dərhal məlumatlandırılıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də sonradan Ratkliff ilə “işgüzar görüş” keçirdiyini təsdiqləyib.
 
Səfərin ən real izahı Rusiya ilə ABŞ arasında ən həssas məsələlər üzrə birbaşa, yüksək səviyyəli kommunikasiya kanalının acıq və işlək vəziyyətdə saxlanılmasıdır. Belə kanallar diplomatik münasibətlər faktiki olaraq böhran vəziyyətində olanda daha da əhəmiyyətli olur. Ona görə də bu kanalların açıq saxlanılmasında bütün tərəflər maraqlıdır”. 

Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin Rusiyaya son səfəri haqda əlavə məlumatlarınız yoxdur ki? Sizcə, bu səfər Rusiyanın Ukrayna və Avropaya qarşı bundan sonrakı gedişlərinə,  təsir göstərə biləcəkmi?” suallarını cavablandırarkən 
Amerikada yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
 
“Bu görüşün əsas məqsədi yalnız Ukrayna məsələsini müzakirə etməklə məhdudlaşmaya da bilər. Hər halda, ələ alınan mövzuların daha geniş bir ərazini və daha çox məsələni əhatə etmə ehtimalı yuksəkdir. ABŞ mediasında bu səfərin əsas məqsədlərindən birinin Rusiyanın hər hansı bir NATO ölkəsinə qarşı mümkün məhdud hərbi əməliyyatının qarşısının alınması ilə bağlı olduğu barədə məlumatlar yayılıb. ABŞ kəşfiyyatının son qiymətləndirmələrində Rusiyanın NATO-nun iradəsini sınaqdan keçirmək ehtimalından narahatlıq ifadə edildiyi bildirilir. Bu, onu göstərir ki, ABŞ mövcud kanallardan istifadə edərək Rusiyaya öz mövqeyini və narahatlıqlarını çatdırır. Bu baxımdan Ratkliffin Moskvaya getməsi ciddi məna kəsb edir. Bunu ABŞ-ın Rusiya ilə münasibətlərinin yaxşılaşması və ya gərginləşməsi kimi şərh etmək doğru olmaz”, - deyə davamında konfliktoloq diqqətə çatdırıb. 
 
“Bu səfər zamanı Ukrayna məsələsinin əsas gündəmdə olduğunu da istisna etmək olmaz. Burada daha maraqlı bir məqam var. “Axios”-un məlumatına görə, Ratkliff Moskvadakı görüşlər zamanı Tramp – Putin – Zelenski üçtərəfli sammiti ideyasını irəli sürüb. Bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. Ona görə də bunu fakt kimi deyil, bir media iddiası kimi qəbul etmək lazımdır.
 
Belə bir görüş təklifi Putin tərəfindən qəbul edilsə belə, onun baş tutması üçün münbit şəraitin hələ formalaşmadığını da qeyd etmək lazımdır. Bu məlumat doğrudursa, səfərin məqsədlərindən biri Rusiyanın danışıqlara qayıtmağa nə dərəcədə hazır olduğunu yoxlamaq ola bilər.
 
Qeyd edək ki, Moskva ilə Vaşinqton arasında danışıqlar kanalının açıq saxlanması öz-özlüyündə Rusiyanın Ukraynaya qarşı hərbi strategiyasını dəyişəcəyinə zəmanət vermir. Hazırda Kremli təmsil edənlər sülh danışıqlarının “dərin fasilə” vəziyyətində olduğunu bildirirlər. Qısacası, Rusiyanın geri addım atması üçün hələ ki, ciddi bir səbəb yoxdur. Ona görə də Ratkliffin səfərindən dərhal sonra Ukrayna məsələsində böyük bir dönüş gözləmək üçün bir səbəb yoxdur”,- siyasi təhlilçi vurğulayıb.
 
Əli Əskərli hesab edir ki, “ən ciddi məsələ Avropa üçün daha narahatedici - yuxarıda da qeyd etdiyimiz - bir durumun mövcudluğudur. Ehtimal daxilində olduğunu nəzərə alaraq iddia etsək ki, ABŞ kəşfiyyatı Rusiyanın yaxın illərdə NATO ölkələrindən birinə qarşı məhdud, lokal və “sınaq xarakterli” hərbi əməliyyat ehtimalını ciddi qiymətləndirir və Ratkliffin Moskvaya göndərilməsi bununla bağlıdır, o zaman bu səfər çox fərqli məna kəsb edir. Bu halda Vaşinqton Putinə NATO ərazisinə toxunmanın təhlükələri haqqında bir mesaj çatdırmış ola bilər. Bu, səfərin ən ciddi mümkün izahlarından biridir. ABŞ mediasında Ratkliffin Rusiyaya məhz belə bir xəbərdarlıq apardığı barədə bir neçə mənbəyə əsaslanan məlumat yayılıb. Lakin nə Vaşinqton, nə də Moskva bunu rəsmi şəkildə təsdiqləyib...”
 
Ardınca konfliktoloq 3 mümkün ssenarini  nəzərdən keçirib:
 
“Yuxarıda bu səfərlə bağlı həm faktların, həm də ehtimalların mövcudluğunu qeyd etdik. Bir qədər daha uzağa getmək istəsək, mən 3 mümkün ssenarini nəzərdən keçirərdim. Lakin bu ssenarilərin sərhədlərinin harada kəsişdiyini bilməmiz mümkün deyil. Yenə də faktlarla ehtimalları qarışdıraraq 3 ssenari üzərində dayanaq.
 
Birinci ssenariyə görə, Vaşinqton Moskvanın Ukraynada hərbi vəziyyəti dəyişdirmək üçün yeni, daha böyük hücuma hazırlaşmasından narahatdır və Ratkliff bunu birbaşa Rusiya rəhbərliyinə çatdırıb... 
 
İkinci ssenariyə görə, ABŞ Rusiya ilə Ukrayna üzrə yeni danışıqlar formatının mümkünlüyünü yoxlayır. Üçtərəfli Tramp – Putin – Zelenski görüşü barədə məlumat iddialrı doğrudursa, bu, kifayət qədər ciddi diplomatik təşəbbüs olardı... 
 
Üçüncü ssenariyə görə, Ukrayna danışıqları ilə yanaşı, ABŞ və Rusiya arasında daha geniş geo-siyasi “paket” üzrə ilkin fikir mübadiləsi gedib. Yəni Ukrayna, NATO, Avropa təhlükəsizliyi və hətta İran məsələləri bir-birindən ayrı deyil, daha böyük ABŞ – Rusiya münasibətləri çərçivəsində müzakirə olunub. Bu ehtimal xüsusilə ona görə diqqətəlayiqdir ki, səfər İranla bağlı böhranın da kəskinləşdiyi bir vaxtda baş verib...”
 
“Bəs səfər Rusiyanın sonrakı addımlarına təsir edə bilərmi?” –deyə sual edən professor mümkün ehtimalları ortaya qoyub:
 
“Potensial olaraq, bu səfər Rusiyanın sonrakı addımlarına təsir edə bilər, amma təsirin istiqaməti hələ bəlli deyil, dərəcəsini isə ölçmək imkanımız yoxdur. Ratkliffin əsas mesajı “Ukraynada danışıqlara qayıdın” olubsa, Rusiya müəyyən taktiki güzəştlərə getməsi mümkündür. Əsas mesaj “NATO ərazisinə hücum etməyin” olubsa, onda Moskva Ukraynada daha aqressiv davranmaqla NATO ilə birbaşa toqquşma arasında fərq qoymağa çalışa bilər.
 
Burada əks təsir göstərə biləcək bir ehtimal da var. Rusiya ABŞ-ın çəkindirmə qabiliyyətinin zəif olduğuna qənaət gətirsə, bu səfəri Vaşinqtonun zəifliyinin bir göstəricisi kimi qəbul edib daha da şiddətli və riskli davranış tərzinə  keçə bilər. Bu sonuncu variant sülh adına ən təhlükəli ssenaridir...”
 
“Bir daha qeyd edək ki, hazırda Avropada Rusiya ilə bağlı narahatlıq yalnız Ukrayna ilə məhdudlaşmır. Reuters-ə görə, NATO rəsmiləri Rusiyanın Avropada hibrid fəaliyyətlərini artırdığını bildirirlər; söhbət sabotaj, kiber-hücumlar, dron insidentləri və digər “boz zona” fəaliyyətlərindən gedir.
 
Bütün bunları nəzərə alaraq qeyd edək ki, Ratkliffin səfərini “sülh razılaşması hazırlanır” kimi də, “Rusiya müharibəni genişləndirəcək” kimi də oxumaq doğru olmaz. Bütün dəyərləndirmələr onu göstərir ki, Vaşinqton Moskvanın niyyətləri barədə kifayət qədər ciddi narahatdır, buna görə də “CIA” direktorunu birbaşa Moskvaya göndərdi. Eyni zamanda, ABŞ Rusiya ilə əlaqə kanalını bağlamaq istəmir. Əksinə, ən həssas məsələlərdə birbaşa danışa bilmək üçün bu kanalı acıq tutmaq istəyir. “CIA” direktorunun Moskvaya getməsini özlüyündə diplomatik yaxınlaşma kimi qiymətləndirmək doğru olmaz; bəzən belə səfərlər yaxınlaşmadan əvvəl xəbərdarlıq, mövcud bir böhranın idarə olunması və ya qarşı tərəfin real niyyətlərinin yoxlanılması üçün edilir.
 
Son olaraq burada vacib bir sual daha soruşmaq lazımdır: Ratkliff Moskvaya Rusiyanın nə edəcəyini öyrənmək üçün getmişdi, yoxsa Putinə ABŞ-ın nə edəcəyini çatdırmaq üçün? Əgər ikinci variantdırsa, bu səfərin əhəmiyyəti ilk baxışda göründüyündən xeyli daha böyükdür”,-deyə sonda Əli Əskərli vurğulayıb.
 
Sultan Laçın