Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirakı Azərbaycanın regiondakı və daha geniş coğrafiyadakı diplomatik imkanlarını bir daha gündəmə gətirir.


Azərbaycan ŞƏT-in üzvü deyil, lakin Prezident İlham Əliyevin sammitə dəvət olunması Bakının Mərkəzi Asiya, Türk dünyası və Avrasiyanın aparıcı dövlətləri ilə əlaqələrində artan rolundan xəbər verir.






 Sammitdə Rusiya, Çin, Türkiyə, İran və Ermənistan liderlərinin də iştirak etməsi isə görüşü Azərbaycan üçün daha maraqlı və əhəmiyyətli edir.


Moderator.az olaraq, ölkə başçısının Bişkek səfərinin Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq imkanları və qarşıdakı diplomatik gündəlik baxımından əhəmiyyətini Milli Məclisin deputatı Azay Quliyevlə müzakirə etdik.



Həmin müsahibəni təqdim edirik:


– Azay bəy, Sizcə, Prezident İlham Əliyevin ŞƏT sammitinə dəvət olunması və Azərbaycanın bu platformada fəal iştirakının artırılması Bakının Avrasiyanın yeni geosiyasi düzənində mövqeyini nə dərəcədə gücləndirir?


– Bəli, məncə ŞƏT-in Bişkek Sammitində Azərbaycanın Prezidenti cənab İlham Əliyevin iştirakı sadəcə protokol xarakteri daşımır, onun daha böyük geosiyasi əhəmiyyətı vardır. Ən maraqlı məsələ budur ki, Azərbaycan ŞƏT-in tam hüquqlu üzvü deyil, amma onun Prezidenti təşkilatın ən yüksək səviyyəli toplantılarında ardıcıl olaraq iştirak edir. Bu isə dövlətimizə olan etimadın və ehtiyacın ən bariz göstəricisidir.


Buraya bir fikrimi də əlavə etmək istərdim ki, Azərbaycanın ŞƏT-də fəal iştirakını “Rusiya-Çin blokuna yaxınlaşma” kimi yox, Bakının Avrasiyanın müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını genişləndirməsi kimi qiymətləndirmək daha düzgündür.


Baxmayaraq ki, ŞƏT özü NATO və ya Avropa İttifaqı tipli inteqrasiya bloku deyil, üzvlər arasında ciddi ziddiyyətlər də var. Məsələn, Çin–Hindistan və Hindistan–Pakistan münasibətləri təşkilat daxilində vahid siyasi xətt yaratmağı çətinləşdirir. Məhz elə bunun nəticəsi idi ki, keçən il Hindistanın dar düşüncəli vetosuna görə Azərbaycan bu quruma tam hüquqlu üzv ola bilmədi.


Lakin Azərbaycanın xarici siyasəti və strateji mövqeyi ölkəmizi Avrasiyanın logistika qovşağı kimi ŞƏT üçün əvəzsiz tərəfdaşa çevirib. Bakı ŞƏT kimi nəhəng Avrasiya platformasından öz milli maraqları üçün məharətlə istifadə etməkdədir.


Bu cür platformalarda iştirak etməklə əldə etdiyimiz digər bir strateji qazanc isə ondan ibarətdir ki, Azərbaycan bununla nümayiş etdirir ki, bir çoxlarından fərqli molaraq o, Rusiya-ABŞ- Aİ-Çin arasında “seçim etməli olan” ölkə deyil, o qlobal güclərlə qarşılıqlı maraqlar əsasında müstəqil siyasət yürüdən “orta güc” statsunda olan bir ölkədir.


 Orta dəhliz, şərq-qərb, şimal-cənub nəqliyyat qovşağında Azərbaycan kimi strateji mövqeyə malik ikinci bir dövlət yoxdur. Bu isə ölkəmizin mövqeyini və manevrə imkanlarını kifayət qədər gücləndirir. Ona görə də cənab Prezidentin Bişkek Sammitində iştirakının ikitərəfli və çoxtərəfli görüşlər baxımından kifayət qədər məhsuldar olacağını indidən söyləmək olar.


– Mümkün Əliyev–Putin və Əliyev–Paşinyan təmaslarını nəzərə alsaq, Bişkek sammiti Azərbaycan üçün hansı konkret siyasi və strateji nəticələri doğura bilər?


– Bəli, məncə Əliyev–Putin görüşünün baş tutması tamamilə mümkündür və hazırkı gərginlik fonunda belə bir görüş baş tutarsa, onun adi protokol görüşü olmayacağı ehtimalı yüksəkdir. 


Son günlər Moskva ilə Bakı arasında ritorikanın sərtləşməsi, 27 avqustda Azərbaycan səfirliyinin Moskvadakı qonaq evinin qarşısında təxribat xarakterli plakatların yerləşdirilməsi və Azərbaycanın bununla bağlı Rusiyadan araşdırma tələb etməsi münasibətlərdə gərginliyin davam etdiyini göstərir.


 Kremlin birbaşa dəstəyilə Rusiya mediasının, ayrı-ayrı rəsmilərinin və ekspertlərinin ölkəmizə qarşı hücumlara və həyasızcasına etdikləri təhdidlərə Azərbaycan qəti və ləyaqətli şəkildə cavab verir. Moskva ilə Bakı arasında belə bir informasiya qarşıdurması davamlı xarakter alsa, bu heç kimin maraqlarına uyğun olmaz.


Belə görüş olarsa, Putin böyük ehtimalla münasibətlərin “strateji tərəfdaşlıq” xarakterinin qorunmasından danışacaq. Əgər doğrudanda belə bir isətk olarsa, Azərbaycan da buna “yox” deməz.


Lakin bunun baş tutması üçün isə ilk növbədə Kreml tərəfindən Rusiya ərazisində Azərbaycana qarşı təxribatlar dayandırılmalı, dövlət qurumlarının və media strukturlarının anti-Azərbaycan ritorikasına son qoyulmalı, Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyi tam təmin edilməli, soydaşlarımıza qarşı qurama cinayət təqibləri ləğv edilməli və iki tərəfli münasibətlərə xələl gətirən bu cür avantüristlərin və təxribatçıların fəaliyyətinə siyasi və hüquqi qiymət verilməlidir. Onda münasibətlərin düzəlməsi şərtlərini nəzərdən keçirmək olar.


Eyni zamanda burada vacib məqamı da vurğulamaq istərdim. Rusiya bir şeyi dəqiq anlamalıdır ki, hazırda Cənubi Qafqazda əvvəlki təsir imkanlarının əhəmiyyətli hissəsini itirib, Moskvanın Bakıya siyasi təzyiq göstərə biləcəyi dövr və ya “əvvəlki münasibət modeli” artıq geridə qalıb və onun bu cür addımları vəziyyəti daha da çətinləşdirir və nəzarətdən çıxmaq təhlükəsi yaradır. Belə bir vəziyyətin davam etməsi isə ilk növbədə Rusiyanın özünə zərər vurur.


Əlbəttə, Azərbaycan da Rusiya ilə münasibətləri tamamilə pozmaq və gərginliyi artırmaq istəmir, amma özünə qarşı olan şovinist yanaşmanı da birmənalı rədd edir. Bizim yanaşmamız sadədir: “Biz Rusiya ilə rəqib deyilik və problemlərin körüklənməsini də istəmirik, ancaq münasibətlər yalnız qarşılıqlı hörmət və suverenlik prinsipi əsasında davam edə bilər”.


Ona görə də hesab edirəm ki, görüşdə əsas sual belə olacaq: “Rusiya Azərbaycanla münasibətləri ölkəmizin maraqlarna uyğun hansı yeni şərtlərlə davam etdirə bilər?”


Əliyev–Paşinyan arasında mümkün görüşə gəldikdə isə burada məsələlər daha aydındır. Bizim Ermənistanla ikitərəfli gündəliyimiz heç kimə sirr deyil. 


Bura sülh və normallaşma prosesinin növbəti mərhələsi, Zəngəzur dəhlizinin bir hissəsi olan TRİPP yolunun tezliklə açılması, Ermənistanın konstitusiyasının dəyişdirilməsi prosesinin sürətləndirilməsi , 4 anklav kəndimizin geri qaytarılması, ticari və iqtisadi əlaqələrin artırılması.


Başqa sözlə baş tutması gözlənilən görüşün məzmununu və mahiyyətini bir cümlə ilə belə ifadə edərdim: “Paşinyan Azərbaycanın sülh gündəliyinin hesabına seçkiləri qazandı və indi onun ev tapşırıqlarının və üzərinə götürdüyü öhdəliklərin icrasının vaxtıdır”.


Pərvin Şakirqızı 


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.