Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəallığının artması ölkənin müxtəlif siyasi və iqtisadi platformalarda mövqeyini daha da möhkəmləndirir. Bakı fərqli güc mərkəzləri ilə qarşılıqlı maraqların uzlaşdığı istiqamətlərdə əməkdaşlığı inkişaf etdirərək, regional proseslərdə öz rolunu genişləndirir və yeni diplomatik imkanlardan yararlanır.


Bu baxımdan Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirakı Azərbaycanın xarici siyasət gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır.






Moderator.az ölkə rəhbərinin səfərinin mümkün nəticələri, Azərbaycanın bu platformadakı mövqeyi və Bişkek görüşlərinin yarada biləcəyi diplomatik imkanlarla bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədlinin fikirlərini öyrənib.


Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammitində iştirakı Azərbaycanın Avrasiyada formalaşan yeni geosiyasi və geoiqtisadi arxitekturada mövqeyinin gücləndiyini göstərir:


"Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında seçim edən deyil, onlarla milli maraqlar əsasında əməkdaşlıq qura bilən müstəqil siyasi aktor kimi çıxış edir.


ŞƏT bu gün yalnız təhlükəsizlik platforması deyil. Çin, Rusiya, Hindistan, Mərkəzi Asiya dövlətləri və digər mühüm aktorların iştirakı ilə təşkilat getdikcə nəqliyyat, iqtisadiyyat, enerji, təhlükəsizlik və yeni texnologiyalar üzrə geniş Avrasiya əməkdaşlıq məkanına çevrilir.


Azərbaycanın bu platformada fəallığının artması xüsusilə Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutları baxımından əhəmiyyətlidir. Bakı artıq sadəcə tranzit ölkə deyil, Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən əsas qovşaqlardan biridir.


Bişkek sammitinin Azərbaycan üçün ikinci mühüm istiqaməti regional diplomatiyadır. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün keçirilən görüş göstərir ki, Bakı və İrəvan münasibətlərin normallaşdırılması prosesini getdikcə daha çox birbaşa dialoq əsasında davam etdirməyə üstünlük verirlər. 


Görüşdə sülh gündəliyinin möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası, iqtisadi və ticarət əlaqələri, eləcə də regional bağlantılarla bağlı praktiki məsələlərin müzakirəsi bu prosesin artıq yalnız siyasi bəyanatlar mərhələsində qalmadığını göstərir.


Burada daha geniş geosiyasi məqam da var. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması artıq yalnız Cənubi Qafqaz məsələsi deyil. Bu proses Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən yeni kommunikasiya sisteminin formalaşmasına birbaşa təsir göstərir. Buna görə də Azərbaycanın yaratdığı nəqliyyat və logistika imkanları ŞƏT məkanı üçün də strateji əhəmiyyət qazanır.


Rusiya Prezidenti Vladimir Putinlə mümkün təmaslara gəldikdə isə, belə bir görüş baş tutarsa, onu Azərbaycan-Rusiya münasibətlərində mövcud məsələlərin ən yüksək siyasi səviyyədə müzakirəsi üçün imkan kimi qiymətləndirmək olar. Azərbaycanın mövqeyi burada da kifayət qədər aydındır: qarşılıqlı hörmət, suverenlik və milli maraqlar əsasında praqmatik münasibətlərin davam etdirilməsi.


Hesab edirəm ki, Bişkek sammitinin əsas siyasi nəticəsi Azərbaycanın geosiyasi çəkisinin daha aydın görünməsidir. Bakı eyni zamanda Çinlə strateji əməkdaşlığı inkişaf etdirir, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı məkanı ilə inteqrasiyanı dərinləşdirir, Rusiya ilə münasibətlərini praqmatik əsaslarda qurur, Ermənistanla birbaşa sülh gündəliyini irəli aparır və Qərblə tərəfdaşlığını davam etdirir.


Başqa sözlə, Azərbaycan artıq Avrasiyada baş verən proseslərin yalnız iştirakçısı deyil, müxtəlif coğrafiyaları, iqtisadi marşrutları və siyasi platformaları birləşdirə bilən dövlətlərdən biridir. Prezident İlham Əliyevin ŞƏT sammitinə yüksək səviyyədə dəvət olunması və burada aparılan ikitərəfli təmaslar da onu göstərir ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında seçim edən deyil, onlarla milli maraqlar əsasında əməkdaşlıq qura bilən müstəqil siyasi aktor kimi çıxış edir.


Həmçinin ŞƏT-in Bişkek gündəliyində təhlükəsizliklə yanaşı iqtisadiyyat, nəqliyyat, süni intellekt və digər əməkdaşlıq istiqamətləri üzrə sənədlərin nəzərdə tutulması Azərbaycanın Orta Dəhliz və regional bağlantılarla bağlı rolunu önə çıxarmağa imkan verir".


Pərvin Şakirqızı