Son dövrlərdə süni intellekt texnologiyalarının sürətli inkişafı foto, video və səs materiallarının əvvəlkindən daha asan şəkildə dəyişdirilməsinə imkan yaradır. Bu imkanlar bir tərəfdən yeni texnoloji imkanlar açsa da, digər tərəfdən şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edilməsi, real olmayan məzmunun hazırlanaraq həqiqi görüntü kimi təqdim olunması və sosial şəbəkələrdə yayılması kimi hüquqi və şəxsi təhlükəsizlik məsələlərini də gündəmə gətirir.


Xüsusilə insanın fotosunun və ya səsinin süni intellekt vasitəsilə dəyişdirilərək onun adından saxta video, audio və ya digər məzmun hazırlanması şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin, eləcə də şəxsin öz görüntüsü və fərdi məlumatları üzərində hüquqları baxımından mühüm suallar yaradır.






Maraqlıdır, şəxsin fotosu və ya səsi onun razılığı olmadan süni intellekt vasitəsilə dəyişdirilərək sosial şəbəkələrdə yayıldıqda, həmin şəxsin hansı hüquqi müdafiə imkanları var və zərərçəkən ilk olaraq hansı addımları atmalıdır?


Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərov açıqlama verib. 



Hüquqşünas bildirib ki, son dövrlərdə informasiya texnologiyalarının sürətlə inkişafı rəqəmsal dünyada fərdi məlumatların kütləvi şəkildə toplanması və istifadəsi məsələlərini gündəmə gətirib. Məxfilik və məlumat təhlükəsizliyi, xüsusilə şəxsi məlumatların qorunması, həm fərdlər, həm də cəmiyyətlər üçün böyük önəm daşıyır:


"Geniş fəlsəfi elementlərə malik olduğu üçün etik davranış qaydaları yaradılışın başlanğıc nöqtələrində yer tutur və bu səbəbdən də istənilən mənfi və ya müsbət təzahürün yaranmasında birbaşa rola malikdir.


Ona görə də hər hansı hüquqi aktda təsbit olunub-olunmamasından asılı olmayaraq etik dəyərlərə malik olan şəxs üçün yüksək etik davranış mədəniyyəti təkcə nəzakətli davranmaq deyil, bu – etik prinsiplərə xidmət etməkdir, xidmətdə və dövlət qulluğunda dürüstlükdür, vicdanlılıqdır, məsuliyyətdir, özünü mənfi təzahürlərdən qoruya bilməklə yanaşı, digər şəxslərin hüquqlarına hörmət edə bilməkdir, yəni ədalətli davrana bilməkdir.


Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir.


Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnun olduğunu bəyan edir. Qeyd olunan maddədə göstərilmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.


Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.


Qanunvericiliyə görə süni intellekt (AI) texnologiyalarından istifadə edərək şəxsin razılığı olmadan onun görüntüsünü və ya səsini manipulyasiya edənlər, saxta materiallar (deepfake) hazırlayan və yayanlar cinayət məsuliyyətinə cəlb edilir.


Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib.


Qanuna əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor