Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.



Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək. Bəs bu hal evlərin maya dəyərinə necə təsir edəcək?







Asbest - incə liflərdən ibarət mineral maddədir. Onun yüksək istilik müqaviməti, kimyəvi maddələrə dayanıqlığı və uzunömürlülüyü səbəbindən uzun illər tikinti materialları, izolyasiya məhsulları, sement və şifer istehsalında geniş istifadə olunub. Azərbaycanda da bu material xüsusilə dam örtüklərində tətbiq olunub.



Son elmi araşdırmalar göstərir ki, asbestin lifləri insan orqanizminə daxil olduqda ağciyər xərçəngi, mezotelyoma və xroniki ağciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, asbest bütün formalarda kanserogen hesab olunur. Liflər nəfəs yolu ilə daxil olduqda xəstəliklərin inkişafı illərlə davam edə bilər və müalicəsi çətindir.

 


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.



Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.



BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.