Gəncə şəhər "Mərkəzi Univermaq" ticarət mərkəzinin Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) 18.267 manatdan artıq borcu yaranıb.
Bu barədə Moderator.az-a MKTİB-dən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 01.01.2020-ci il tarixində aylıq 1000 manat xidmət haqqı nəzərdə tutulmaqla müqavilə bağlanıb. Birliyin 1C ödənişlərə nəzarət proqramında əks olunan məlumatlara əsasən, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi tərəfindən 01.01.2020-ci il tarixindən etibarən xidmət haqqı üzrə bəzi aylarda ödənişlər həyata keçirilməmiş, xüsusilə 2026-cı ilin fevral ayından etibarən 7 aylıq xidmət haqqı üzrə hər hansı ödəniş edilməyib. 2020-ci ildən bugünə kimi Birlik tərəfindən mütəmadi olaraq hər gün “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə xidmət göstərilir. Nəticədə, göstərilmiş bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə həmin obyekt üzrə ümumilikdə 18267,84 manat məbləğində debitor borc yaranıb. Yaranmış debitor borcun ödənilməsi ilə bağlı “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyinə dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilmiş, borcun ödənilməsi zərurəti diqqətə çatdırılmışdır. Lakin edilmiş müraciətlərə baxmayaraq, mövcud debitor borc bu günədək əsassız şəkildə ödənilməyib.
Bununla yanaşı 2025-ci ilin dekabr ayında “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin daxilində fəaliyyət göstərən bir sıra satış obyektlərinin fəaliyyəti dayandırılaraq həmin ərazidə “Tam Store” MMC tərəfindən iri həcmli market fəaliyyətə başlamışdır. Bununla əlaqədar, “Tam Store” MMC ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 15.12.2025-ci il tarixindən aylıq 450 manat xidmət haqqı müəyyən edilməklə ayrıca müqavilə bağlanıb.
Qeyd olunanlarla əlaqədar “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyi tərəfindən Birliyə rəsmi müraciət edilərək, “Tam Store” MMC ilə ayrıca müqavilə bağlanmasını əsas gətirməklə, obyekt üzrə aylıq xidmət haqqının 1000 manatdan 750 manata endirilməsi xahiş edilib. Müraciət nəzərə alınaraq, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi üzrə aylıq xidmət haqqı 1000 manatdan 750 manata endirilmişdir. Lakin aylıq xidmət haqqının azaldılmasına və Birlik tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin mütəmadi olaraq göstərilməsinə baxmayaraq, həmin obyekt tərəfindən xidmət haqqı üzrə ödənişlər əsassız şəkildə həyata keçirilməyib.
Əlavə olaraq bildiririk ki, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi məqsədilə obyektin yaxınlığında tutumu 1,1 kubmetr olan 6 ədəd konteyner yerləşdirilib. Həmin konteynerlərdən, həmçinin Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzildən ibarət yaşayış massivinin məişət tullantılarının toplanması və daşınması məqsədilə istifadə olunur və tullantıların mütəmadi olaraq, hər gün daşınması təmin edilir. Aparılan hesablamalara əsasən, Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzil üzrə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ümumilikdə 4288 manat məbləğində debitor borc yaranıb.