“Lakin burada əsas məsələ praqmatik siyasət yürütməkdir. Azərbaycan yalnız bugünkü iqtisadi mənfəəti deyil, gələcəkdə yarana biləcək riskləri də nəzərə almalıdır...”
 




Azərbaycanın həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlıq münasibətləri qurması ölkəmizin xarici siyasəti və iqtisadi inkişafı baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, dünyanın iki aparıcı gücü arasında dərinləşən geo-siyasi və geo-iqtisadi rəqabət Bakı qarşısında müəyyən riskləri də gündəmə gətirir. 
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkib. Dövlət başçısı Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını son dövrün iki tarixi hadisəsi kimi qiymətləndirərək hər iki ölkənin dünyanın iki supergücü olduğunu vurğulayıb. Prezident onların arasında müəyyən rəqabətin mövcudluğuna da toxunub.
 
Bəs Azərbaycan bu rəqabət şəraitində hansı siyasəti yürütməli, Çinlə iqtisadi əməkdaşlığını hansı istiqamətlərdə genişləndirməli və mümkün təzyiqlərin qarşısını necə almalıdır?..
 
Beynəlxalq məsələlər üzrə siyasi analitik, siyasət üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a açıqlamasında bu məsələlərə münasibət bildirib.
 
“Çinlə ABŞ arasında rəqabət, əsasən, iqtisadi və ticarət maraqları üzərində cəmləşir” deyən analitikin sözlərinə görə, Çinlə ABŞ arasında müəyyən mənada yeni soyuq müharibə xarakteri alan rəqabət müşahidə olunur. Bu qarşıdurmanın əsas istiqamətlərindən biri ticarət, texnologiya və iqtisadi üstünlük uğrunda mübarizədir.
 
“Çinlə ABŞ arasında rəqabət bundan sonra da davam edə bilər. Bununla belə, bu iki dövlətin imkanları və qlobal siyasətdəki mövqeləri eyni deyil. ABŞ hərbi, siyasi, texnoloji və iqtisadi imkanları ilə hərtərəfli supergüc statusuna malikdir. Çin isə xüsusilə istehsal, ticarət və sənaye potensialı baxımından dünyanın aparıcı güclərindən biridir və qlobal iqtisadiyyatda mövqelərini genişləndirir.
 
Belə şəraitdə dövlətlər bir-birinin iqtisadi maraqlarına toxunduqda ticarət məhdudiyyətləri, tariflər və digər iqtisadi təzyiq vasitələri gündəmə gəlir. Buna görə də Çinlə ABŞ arasındakı rəqabəti yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə dünya iqtisadiyyatına təsir edən proses kimi qiymətləndirmək lazımdır”, – deyə analitik bildirib.
 
Azərbaycanın hər iki güclə strateji tərəfdaşlığı mühüm üstünlükdür...
 
Teymur Qasımlı qeyd edib ki, Azərbaycanın həm Vaşinqton, həm də Pekinlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməsi ölkənin xarici siyasətində mühüm imkanlar yaradır.
 
Xatırladaq ki, Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat 23 aprel 2025-ci ildə imzalanıb. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası isə 10 fevral 2026-cı ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanıb.
 
Analitikin fikrincə, Azərbaycanın əsas vəzifəsi bu münasibətləri bir-birinə qarşı qoymadan, hər iki ölkə ilə əməkdaşlığın imkanlarından milli maraqlar naminə istifadə etməkdir.
 
“Azərbaycanın həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlığı ölkəmizə müxtəlif istiqamətlərdə yeni imkanlar açır. Çinlə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, ABŞ ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı Azərbaycanın maraqlarına uyğun ola bilər.
 
Lakin burada əsas məsələ praqmatik siyasət yürütməkdir. Azərbaycan yalnız bugünkü iqtisadi mənfəəti deyil, gələcəkdə yarana biləcək riskləri də nəzərə almalıdır. Eyni zamanda, Rusiya, İran və digər regional aktorlarla münasibətlər də xarici siyasətimizin formalaşmasında nəzərə alınmalı amillərdəndir”, – deyə o vurğulayıb.
 
Çinin Azərbaycandakı iqtisadi fəaliyyəti hansı imkanları yaradır?..
 
Teymur Qasımlı bildirib ki, Çin müxtəlif ölkələrdə nəqliyyat, logistika, sənaye və texnologiya sahələrinə sərmayə yatırmaqla iqtisadi təsir imkanlarını genişləndirir. Azərbaycanın tranzit ölkə kimi mövqeyi isə Pekinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkəmizə əlavə imkanlar yarada bilər.
 
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və Şərqlə Qərb arasında əlaqələndirici rol oynaması Çinlə əməkdaşlığın inkişafı üçün əhəmiyyətlidir.
 
“Azərbaycan tranzit ölkə kimi öz imkanlarından səmərəli istifadə etməlidir. Çinlə iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb olunması, ticarət dövriyyəsinin artırılması və nəqliyyat-logistika imkanlarının inkişafı ölkəmizin iqtisadiyyatına töhfə verə bilər.
 
Ancaq hər bir layihənin şərtləri, iqtisadi səmərəliliyi və uzunmüddətli nəticələri diqqətlə qiymətləndirilməlidir. Xarici investisiyalar ölkənin iqtisadi inkişafına xidmət etməli, strateji infrastruktur üzərində nəzarət və milli təhlükəsizlik məsələləri də nəzərdən kənarda qalmamalıdır”, – deyə siyasi analitik nəzərə çatdırıb.
 
Çinin Ermənistan və Gürcüstandakı fəaliyyəti də diqqətdə saxlanılmalıdır...
 
Qasımlı bildirib ki, Çinin Cənubi Qafqazdakı iqtisadi fəaliyyəti Azərbaycanla məhdudlaşmır. Pekin Ermənistanla elmi-texnoloji və iqtisadi əməkdaşlığı inkişaf etdirir, Gürcüstanda isə nəqliyyat infrastrukturu və liman layihələrinə maraq göstərir.
 
Məsələn, Gürcüstanın Anakliya dərin dəniz limanı layihəsində Çin-Sinqapur konsorsiumu iştirakçı namizəd kimi çıxış edib. Bununla belə, layihə ilə bağlı prosesləri Çinin Gürcüstan limanlarını satın alması kimi təqdim etmək düzgün olmaz. Gürcüstan hökumətinin 2026-cı ilin iyulunda açıqladığı modelə əsasən, limanın əsas dəniz və liman infrastrukturu dövlətin mülkiyyətində qalmalıdır.
 
Analitik hesab edir ki, region ölkələrinin Çinlə iqtisadi əlaqələrinin genişlənməsi Azərbaycan üçün həm rəqabət, həm də əməkdaşlıq imkanları yaradır.
 
“Azərbaycan regionda baş verən prosesləri diqqətlə izləməli, digər ölkələrin Çinlə münasibətlərinin inkişafını öz iqtisadi və geosiyasi maraqları baxımından da qiymətləndirməlidir. Burada məqsəd rəqabətdən çəkinmək deyil, yaranan imkanlardan daha səmərəli istifadə etməkdir”, – deyə o qeyd edib.
 
ABŞ–Çin rəqabəti Azərbaycan üçün təhlükə yarada bilərmi?..
 
Teymur Qasımlının fikrincə, böyük dövlətlər arasında rəqabətin mövcudluğu avtomatik olaraq Azərbaycanın seçim qarşısında qalacağı anlamına gəlmir. Bununla belə, ayrı-ayrı layihələrin strateji əhəmiyyəti artdıqca tərəfdaşların maraqları arasında ziddiyyətlər yarana bilər.
 
“Hazırda Azərbaycanın Çinlə iqtisadi əməkdaşlığının özlüyündə ciddi təhlükə yaratdığını söyləmək üçün əsas görmürəm. Ancaq heç bir dövlətlə münasibətlərdə gələcək risklərin tamamilə istisna edilməsi də doğru olmaz. Beynəlxalq münasibətlər dəyişkəndir və böyük dövlətlərin siyasətindəki dəyişikliklər yeni vəziyyət yarada bilər.
 
Xüsusilə ABŞ-də Donald Tramp administrasiyasının xarici siyasət qərarlarının iqtisadi və geosiyasi nəticələrini əvvəlcədən dəqiq müəyyənləşdirmək həmişə mümkün olmur. Buna görə də Azərbaycan ABŞ ilə əməkdaşlığını inkişaf etdirərkən Çinlə münasibətlərini də milli maraqlarına uyğun şəkildə davam etdirməlidir”, – deyə analitik bildirib.
 
O əlavə edib ki, Rusiya və İran kimi regional aktorların Azərbaycanın Qərb dövlətləri ilə əlaqələrinə münasibəti də nəzərə alınmalıdır. Bununla belə, ayrı-ayrı dövlətlərin mümkün narahatlıqları Azərbaycanın müstəqil xarici siyasət yürütmək hüququnu müəyyənləşdirməməlidir.
 
“Əsas məqsəd Azərbaycanın iqtisadi inkişafı və milli maraqları olmalıdır...”
 
Teymur Qasımlı hesab edir ki, Azərbaycan ABŞ, Çin və digər dövlətlərlə münasibətlərində iqtisadi perspektivlərlə yanaşı, geosiyasi və təhlükəsizlik risklərini də ölçüb-biçməlidir.
 
Onun sözlərinə görə, ölkəmiz müxtəlif güc mərkəzləri ilə əməkdaşlığı qarşıdurma vasitəsinə çevirməməli, əksinə, bu münasibətlərdən iqtisadiyyatın şaxələndirilməsi, tranzit imkanlarının genişləndirilməsi, texnologiyaların cəlb edilməsi və əhalinin rifahının yüksəldilməsi üçün istifadə etməlidir.
 
Analitik vurğulayıb ki, Azərbaycanın xarici siyasətində əsas meyar hansısa böyük dövlətin maraqlarına uyğunlaşmaq deyil, milli maraqların qorunması və uzunmüddətli inkişaf üçün əlverişli şəraitin yaradılması olmalıdır.
 
“Azərbaycan hər üç istiqamətdə – ABŞ, Çin və regional dövlətlərlə münasibətlərində – yaranan imkanları düzgün qiymətləndirməli, iqtisadi əməkdaşlığın faydalarını artırmalı və mümkün riskləri əvvəlcədən nəzərə almalıdır. Əsas məqsəd böyük dövlətlər arasındakı rəqabətin tərəfinə çevrilmək deyil, bu rəqabətin yaratdığı imkanlardan Azərbaycan dövlətinin və xalqının inkişafı naminə istifadə etməkdir”, – deyə Teymur Qasımlı fikrini yekunlaşdırıb.
 
Sultan Laçın