“Sumqayıtda sahibkarın öz fermasında, çobanın otağında dəm qazından ölməsi bir daha göstərir ki, insan fermasına, təsərrüfatına sərmayə qoya bilər, amma qazandığı pullardan başı gicəllənib özündən öncə tabeliyindəki rəiyyətin təhlükəsizliyini unudarsa, qazancın da, var-dövlətin də mənası qalmır...”
 




-7 cümlədə 7 dərd...-
 
 “Meyvəli” bazarında arabaçı işləyən Fəridlə İslam nəfslərinə uyub cəmi 5 min manatlıq  33 kisə fındığı Korgöz qəsəbəsinə apardıqları üçün həbs ediliblər; amma milyonlarla, milyardlarla ölçülən yeyintilərdə adı hallanan keçmiş yüksək vəzifəli məmurların, nazir və icra başçılaının fonunda belə görünür ki, İtigöz villa şəhərciyində oğurluğun böyüyü yox, xırdası daha tez gözə dəyir
 
*** *** ***
Goranboyda uşaq həkiminin də dərmandan zəhərlənməsindən sonra belə qərara gəlinib ki, dərmanların içlik vərəqəsində yeni xəbərdarlıq olmalıdır: “Hətta həkimlər üçün də təhlükəlidir...”.
 
***  ***  ***
 
Elza Seyidcahanın yumurtanın bu hədsiz bahalaşan vaxtında böyük risk edib başına qoyduğu yumurtalardan toyuqsuz-filansız, sadəcə onun beyninin hərarətinin təsiri ilə 5-6 cücə çıxsa, bəlkə də Azərbaycan iqtisadiyyatının gələcək tərəqqisi, o cümlədən kənd təsərrüfatının inkişafı üçün nəhayət, bir neçə ümidverici “cücə” yetişdirmiş olarıq...
 
*** *** ***
 
“Ay xalı”, “555”, “Xalça plus” şirkətlərinin müştərilərdən yumaq üçün topladığı 10 min xalça şirkətlərlə birgə yoxa çıxıb və sonda Binədə anbara yığılıb – görünür, şirkət sahiblərinin sahiblərinin özlərinin də “steril və etibarlı şəkildə yuyulub” Kürdəxanı həbsxanasında saxlanılmasının vaxtı çatıb...
 
*** *** ***
 
Bakıda səhiyyənin bərbad durumu, həkimlərin insafsızlığı, ərzaqlar kimi dərmanların da bahalığı, işsizlik ucbatından başında fikirlər-dərdlər qaynaşan piyadalar  ölümə doğru o qədər tələsir ki, Sülh küçəsində təcili yardım piyadanı vurub öldürüb — görünür,  bu dəfə sükan arxasında Əzrayılın özü olub və küçənin adı ilə reallıq arasında da barışıq alınmayıb...
 
*** *** ***
 
Yeni qanun layihəsinə görə, bir-birini sevməyən məmur və sahibkarlar rəqiblərini korrupsiyada ifşa etməyə həvəslənə bilərlər: xəsarətə görə 10 min, ölüm halında ailəsinə 20 min manatadək mükafat — beləcə, şəxsi ədavət də hökumət dəstəkli antikorrupsiya fəaliyyətinə çevrilə bilər...
 
*** *** ***
 
Sumqayıtda sahibkarın öz fermasında, çobanın otağında dəm qazından ölməsi bir daha göstərir ki, insan fermasına, təsərrüfatına sərmayə qoya bilər, amma qazandığı pullardan başı gicəllənib özündən öncə tabeliyindəki rəiyyətin təhlükəsizliyini unudarsa, qazancın da, var-dövlətin də mənası qalmır...
 
Sultan Laçın