Yaponiya hökuməti ABŞ-ın Rusiya və Ukrayna arasında münaqişənin həlli məqsədilə apardığı danışıqları yaxından izləyir.
Moderator.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.
Kihara ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini şərh edərkən qeyd edib ki, Vaşinqton hazırda Rusiya və Ukrayna ilə sülh məsləhətləşmələri aparır və Tokio bu prosesdəki inkişafları diqqətlə izləyir.
Yapon rəsmisi Ukraynada sülhün təmin olunması üçün ABŞ-ın iştirakı ilə Ukrayna, Avropa və digər əlaqədar ölkələrin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Kihara həmçinin Yaponiyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Kremlin köməkçisi Yuri Uşakov daha əvvəl Vitkoff və Kuşnerin Kiyevdəki görüşlər zamanı Rusiya Prezidenti Vladimir Putinin mümkün sülh həlli ilə bağlı mövqeyini nəzərə almağa söz verdiklərini açıqlamışdı.