Beynəlxalq alimlər qrupu Kainatın ən böyük sirlərindən biri hesab olunan qaranlıq maddənin izlərini aşkar etməyə imkan verə biləcək anomal siqnal qeydə alıb.


Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.






Tədqiqatçılar ABŞ-ın Cənubi Dakota ştatında, təxminən 1 mil dərinlikdə yerləşən LUX-ZEPLIN (LZ) yeraltı laboratoriyasının məlumatlarını araşdırıblar. Burada 10 ton ultra təmiz maye ksenondan istifadə edən xüsusi detektor kosmik radiasiyadan qorunaraq ən zəif hissəcik qarşılıqlı təsirlərini belə qeydə almağa çalışır.


Detektorun məqsədi gizli hissəciklərin ksenon atomları ilə toqquşması zamanı yaranan mikroskopik işıq siqnallarını aşkar etməkdir. İki illik məlumatların təhlili zamanı alimlər adi fon prosesləri ilə tam izah olunmayan nadir bir hadisə müşahidə ediblər.


İlkin ehtimallara görə, siqnalın mənbəyi qaranlıq maddənin mümkün tərkib hissələrindən biri sayılan WIMP – zəif qarşılıqlı təsir göstərən kütləvi hissəcik ola bilər.


Lakin alimlər hələlik bunu kəşf kimi təqdim etmirlər. Siqnalın statistik əhəmiyyəti 2,6 sigma təşkil edir. Fizikada yeni kəşfin rəsmi təsdiqi üçün isə adətən 5 sigma səviyyəsi tələb olunur. Bu səbəbdən nəticə maraqlı olsa da, əlavə müşahidələrə ehtiyac var.


Qaranlıq maddə işıq yaymadığı, əks etdirmədiyi və udmadığı üçün teleskoplarla birbaşa müşahidə edilə bilmir. Bununla belə, onun kainatdakı cazibə təsirləri alimlərə mövcudluğunu göstərir.


Əgər LZ detektorunda qeydə alınan siqnalın məhz qaranlıq maddə ilə əlaqəli olduğu gələcək araşdırmalarla təsdiqlənsə, bu, müasir fizikanın ən mühüm kəşflərindən birinə çevrilə bilər.