ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri uzun müddətdən sonra insanlarda bir ümid yaratdı ki, nəhayət, Tramp Rusiya ilə danışıqlarda ciddi fiqurdan istifadə etməyə qərar verib. Məhz bu ciddilik, xüsusi xidmət orqanı statusu Rusiya prezidentini qane etmədi və kəşfiyyat rəhbəri ilə birbaşa görüşdən imtina etdi. Belə olduqda, Putini razı sala biləcək fiqurlar – daşınmaz əmlak mütəxəssisləri yenidən dövrəyə buraxıldı. Bu, o anlama gəlmir ki, Retkliffin söylədiklərini Putin heç nəzərə almadı. Sadəcə, razılaşacağı hər hansı bir məsələnin MKİ rəhbərinin gəlişi ilə bağlanmasını qəbul etmədiyindən, məhz Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və statusu “kürəkən” olan Kuşnerin yenidən Moskvaya gəlişini daha məqsədəuyğun hesab etdi. Uitkoffun səkkizinci, kürəkənin üçüncü Moskva səfəri Kreml liderini razı saldı və arzuladığı qonaqları ingilis dilində salamladıqdan sonra, məmnunluğunu gizlətmədi: “Bundan sonra nə baş verirsə versin, bu cür əlaqələr şübhəsiz ki, həmişə faydalıdır. Əlbəttə ki, burada vasitəçiliyin keyfiyyəti və iştirak edənlərə etibar çox vacibdir”. Birinci cümlə ilə Putin amerikalılara bildirmiş oldu ki, əlaqələrimiz olsun, təkliflərinizi, fikirlərinizi dinləyəcəyik, amma.., nə olursa olsun öz bildiyimi edəcəm. Daha sonra “vasitəçiliyin keyfiyyəti”nə işarə vuraraq Retklif kimi ciddi şəxsi deyil, hər gəlişində ona təriflər yağdıran Uitkoffa üstünlük verdiyini diqqətə çatdırmış oldu. Uitkof isə təqaüdə çıxandan sonra Putinlə hər görüşün unudulmaz bir tarix olduğu barədə hekayələr yazacağını vəd etdi. Tərəflərin müzakirələrə bu cür difirambalarla başlamasını Ukrayna müharibəsində Putinin mövqeyi ilə ABŞ-nin razılaşacağının proloqu hesab etmək olar. Eyni zamanda, Putin girişdə hər hansı bir qərarın verilməyəcəyini də vurğuladı. “Bu gün münaqişənin bütün komponentlərini, bütün aspektlərini müzakirə edəcəyik və biz də öz növbəmizdə vəziyyətə dair baxışımızı sizə bildirməyə hazırıq". Yəni, Rusiya prezidenti demək istəyir ki, Sizləri məlumatlandırarıq, məsələni müzakirə edərik, amma bunlar müharibəni bitirmək üçün yetərli deyil və bu, asan olmayacaq.
Ümumiyyətlə, Kremldəki görüşdə əsas müzakirə Ukrayna müharibəsi oldumu? Görüşə Uitkoff və kürəkənlə bərabər ABŞ maliyyə nazirliyinin sanksiyalar üzrə rəhbəri də gəlirsə, eyni zamanda Rusiya tərəfdən maliyyə məsələlərini müzakirə edən Kirill Dimitryev də görüş masası arxasında əyləşirsə, deməli prezident-biznesmen Tramp hesab edir ki, Ukrayna cəbhəsində atəşkəsə nail olmaq üçün yol iqtisadi maraqlardan keçəcək. Həm də Rusiyanın ciddi iqtisadi böhran yaşadığı bir vaxtda milyardlarla dollarlıq birgə layihələrdən, sanksiyaların ləğvindən danışmaq Vladimir Putin üçün cəlbedici başlanğıc ola bilər. Amma, bu o demək deyil ki, yalbız Putin hansısa güzəştə gedəcək və Ukraynanı da bu güzəşt razı salacaq. Təbii, Ukrayna da indiki mövqeyinə korrektələr edib bəzi güzəştlərə gedə bilər, amma tərəflərin qırmızı xəttlərini keçməmək şərtilə.
İl yarım ərzində Trampın vasitəçiləri bir dəfə də olsun Kiyevə səfər etməyiblər, Ukrayna nümayəndə heyətini ilə isə yalnız Mayamidə qəbul ediblər. ABŞ üçün Zelenskinin şərtinin Moskvaya deyil, Kremlin şərtinin Kiyevə çatdırılması daha prioritetdir. Yəni, əsas şərti Putin deyəcək, Zelenski avropalı tərəfdaşlarla onu müzakirə edəcəklər. Uitkoff və Kuşner Kiyevə yeni “ideyalarla” gəldiklərini bildirsələr də, bu ideyaların nədən ibarət olduğunu açıqlamayıblar.
Bəlkə Putin yumşalıb, əvvəlki mövqeyindən-Donetskin tam işğalından vaz keçib? Belə bir reveransa Putin heç işarə də vurmayıb, əksinə, sözçüsü Peskov səfər ərəfəsində də Putinin mövqeyinin ”sarsılmaz”olduğunu bir daha vurğulamışdı. Ukrayna da ağ bayraq qaldırıb döyüşsüz torpaq verməyi düşünmür. General Kirill Budanov görüş ərəfəsində Zelenskiyə bir daha xatırladıb ki, “ qətiyyən, döyüşsüz Donbası vermək olmaz”.
O zaman atəşkəsin Moskva və Kiyev şərtləri ilə yanaşı, Trampın da konkret şərtləri varmı və bu şərtlər hansı tərəfi qane edər və əvvəlki mövqelərdən geri çəkilmək üçün əsas verə bilər? Hazırda Trampı düşündürən və çox narahat edən noyabrda keçiriləcək aralıq seçkilərinə aşağı səviyyəli reytinqlə getməsidir. İran bataqlığından hələ də konkret nəticə ilə çıxa bilməməsi və ABŞ-nin strateji nüfuzuna bununla zərbə vurması ilə yanaşı, ölkədə yanacaq qiymətlərinin 40 faizdən çox bahalaşması onun cəmiyyət arasında iqtisadi siyasətinin yanlış olduğu fikrini formalaşdırıb, hətta respublikaçıların daxilində də Trampın nüfuzunu xeyli aşağı salıb. Rusiya-Ukrayna müharibəsinə ilk gündən yanlış yanaşması, təcavüzkar dövləti hədəf almaqdansa təcavüzün qurbanı Ukraynanı, onun prezidentini tənqid etməsi və bu günədək atəkəsə nail ola bilməməsi də seçki ərəfəsində Trampın nüfuzuna ciddi təsir edib. Seçkiyə iki aydan da az qaldığı bir vaxtda Trampın əsas məqsədi Rusiya və Ukraynanı atəşkəsə razı salmaqdır. Yaxın həftələrə Rusiya, Ukrayna, ABŞ rəhbərlərinin görüşməsi də müzakirə olunan məsələlər arasında olub. NATO-nun Avropa ölkələri isə hələ də müşahidəçi rolundadır. Bu səbəbdən də Putin özünü çox da narahat hiss etmir.
Putin NATO-dan qorxmur, çəkinmir və buna səbəb ilk növbədə Trampın NATO daxilində parçalanma siyasəti aparması ilə yanaşı, Avropa ölkələrinin də qətiyyətli mövqeyinin olmamasıdır. Putin əvvəldən bilir ki, Avropa ölkələri canlı qüvvə ilə müharibəyə qoşulmayacaq. Bu müharibədə həqiqəti tam dərk etmək üçün NATO-nun nə deyəcəyi, hansı qərar verəcəyi önəmli deyil, Putinin Ukrayna haqqında hələ SVO dediyi müharibədən əvvəlki mövqeyinə baxmaq lazımdır. Putin hər zaman Ukraynanın suverenliyini inkar edib və onu Rusiyanın tarixi bir hissəsi hesab edib. Hakimiyətə gəldiyi bir gündən imperiya ambisiyaları onun əsl motivasiyası olub. Gürcüstan ərazilərini işğa edib de-fakto Rusiyaya qatması bu ambisiyanı soyutmadı və digər postsovet respublikaları üzərində nəzarəti daha şiddətli etmək məqsədilə Ukrayna 2014-dən hədəf seçildi. Rusiyanın sərhədləri yaxınlığında postsovet respublikalarının müstəqil siyasət yeritməsi, hətta demokratik dəyərlərə üstünlük verməsi Putini ən çox narahat edən proseslərdi. Ukrayanaya qarşı müharibə başlamaqla Putinin məqsədi digər postsovet dövlətlərinə Qərbə doğru istiqamət almağın hansı nəticələrə səbəb olacağını göstərmək idi.
Moskva və Kiyevdə keçirilən görüşlərin detalları haqqında dünya mediasının əldə etdiyi məlumatlar hələlik xəsisliklə paylaşıldığından konkret nəticələr barəsində fikir bildirmək çətindir. Bir məsələ aydındır ki, bu müharibədən hansısa şəkildə “qalib” təsəvvürü yaratmadan geri çəkilməyi Putin öz hakimiyyəti və şəxsi həyatı üçün təhlükə hesab edir. Əgər müharibə Rusiyanın bu sürəti ilə davam edərsə, yalnız 2032-ci ildə Donetskin işğalı sona çatar. Baxmayaraq ki, 2022-ci ilin fevral ayından bəri Putin Donetsk bölgəsinin ələ keçirilməsi üçün ən azı 15 son tarix müəyyən edib.
Bu ilki qışa Putin bir fürsət kimi baxır.
İlham İsmayıl
P.S. Bu gün Trampın əvvəlcə Putinlə, sonra Zelenski ilə telefon danışığı gözlənilir. Gözləyək...