Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda beynəlxalq və regional proseslər, Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, eləcə də ölkə vətəndaşlarını narahat edən sosial xarakterli məsələlər müzakirə olunub.
Toplantıda gündəliyin ilk məsələsi kimi Rusiya-Ukrayna arasında davam edən müharibə və onun sülh yolu ilə həlli istiqamətində ABŞ Prezidenti D.Trampın xüsusi nümayəndələrinin Rusiya və Ukraynaya səfərləri, tərəflərlə aparılan görüşlər və münaqişənin dayandırılması istiqamətində həyata keçirilən diplomatik təşəbbüslərin səmərəliliyi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsinin davamlı və ədalətli həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərtilə mümkün ola bilər.
İdarə Heyətində ABŞ və İran arasında davam edən gərginlik və hərbi qarşıdurma da müzakirə olunub. Bildirilib ki, qarşıdurmanın uzanması regionda təhlükəsizlik risklərini artırır və daha geniş coğrafiyada sabitliyə mənfi təsir göstərir.
Toplantıda son dövrlərdə Rusiya tərəfindən Ermənistana qarşı həyata keçirilən təzyiq siyasəti də müzakirə olunub. Bu siyasət Ermənistanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilib və belə addımların Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə mane olmaq və Rusiyanın Cənubi Qafqazda siyasi və geosiyasi təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıdığı qeyd edilib.
İdarə Heyətində Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla Azərbaycan dilində ünsiyyət qurmasına İranda göstərilən reaksiyalar da müzakirə olunub. Qeyd edilib ki, dövlət başçısının öz ana dilində danışmasının belə etiraz və təzyiqlə qarşılanması yolverilməzdir. Bildirilib ki, dövlət başçısının ana dilində ünsiyyət hüququna münasibət həmin ölkədə vətəndaşların öz ana dilindən istifadə hüquqlarına münasibətin göstəricilərindən biridir. Bu baxımdan, ana dilindən istifadəyə görə hər hansı təqib və təzyiq cəhdi qətiyyətlə pislənilib.
Toplantıda Rusiya rəsmiləri, o cümlədən Prezident V.Putin tərəfindən zaman-zaman Qarabağ münaqişəsi ilə bağlı açıqlamaların səsləndirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, bu tipli açıqlamalar Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət Bəyannaməsinin ruhuna və tərəflərin götürdüyü öhdəliklərə uyğun deyil. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu hazırkı mərhələdə Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi Rusiyanın Cənubi Qafqazda siyasi və geosiyasi təsir mexanizmlərini qoruyub saxlamaq cəhdi kimi qətiyyətlə pislənilib.
İdarə Heyətində son dövrlərdə istər Ermənistan daxilində, istərsə də xaricdə fəaliyyət göstərən revanşist erməni dairələri və lobbisi tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları da müzakirə olunub. Xüsusilə bəzi erməni diaspor və lobbi dairələri tərəfindən tarixi hadisələrin təhrif edilməsi, azərbaycanlıların ermənilərə qarşı “soyqırımı” törətməsi barədə həqiqətə uyğun olmayan iddiaları əks etdirən təbliğat materiallarının, o cümlədən filmlərin hazırlanması cəhdləri qətiyyətlə pislənilib. Qeyd olunub ki, bu kimi fəaliyyətlər Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına xidmət etmir, əksinə, regionda qarşıdurma və düşmənçilik ritorikasını qoruyub saxlamağa yönəlir. İdarə Heyəti Avropa, Qərb ölkələrini və beynəlxalq təşkilatları Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsi ilə bağlı mövqe bildirərkən regionun həssas reallıqlarını, eləcə də Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması zərurətini nəzərə almağa çağırıb.
Toplantıda regionlarda vətəndaşların təbii şəkildə bitən yabanı giləmeyvələri toplamasına görə cərimələrin tətbiqi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər vətəndaşların hüquqlarının əsassız məhdudlaşdırılmasına və normativ aktlardan sui-istifadə hallarına yol açmamalıdır. Qanunla icazə verilən ərazilərdə şəxsi istehlak məqsədilə yabanı giləmeyvə toplayan vətəndaşlara əsassız cərimələrin tətbiq edilməsinin qarşısının alınması vacibdir. İdarə Heyəti hesab edib ki, sosial-iqtisadi çətinliklərin mövcud olduğu bir şəraitdə əhalinin üzərinə əlavə maliyyə yükünün qoyulması yolverilməzdir və bu kimi yanaşmalar vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
***
Qubadlı ziyalıları Sərdar Cəlaloğlu ilə görüş keçirib
Bu gün həmçinin Qubadlı rayonundan olan bir qrup ziyalının təşəbbüsü ilə ADP sədri Sərdar Cəlaloğlu ilə görüş keçirilib. Görüşün keçirilməsinə səbəb Sərdar Cəlaloğlunun təxminən 15 il əvvəl milli kodlaşma mövzusunda yazdığı məqalə və verdiyi müsahibələr zamanı Qaçaq Nəbi ilə bağlı səsləndirdiyi bəzi fikirlərin son dövrlərdə sosial şəbəkələrdə yenidən onun adı ilə paylaşılması və geniş şəkildə tirajlanması olub.
Qeyd edilib ki, həmin fikirlər səsləndirildiyi dövrdə də cəmiyyətdə müxtəlif suallar doğurub və birmənalı qarşılanmayıb. Lakin üstündən təxminən 15 il keçdikdən sonra həmin məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də Qaçaq Nəbinin doğulduğu və adı ilə bağlı olan Qubadlıdan olan bir çox insanlarda narahatlıq yaradıb. Məhz yaranmış bu narahatlıqdan irəli gələrək bir qrup Qubadlı ziyalısı məsələyə aydınlıq gətirilməsi məqsədilə Sərdar Cəlaloğlu ilə görüş təşəbbüsü ilə çıxış edib. Bu gün keçirilən görüşdə məsələ ətrafında geniş və səmimi fikir mübadiləsi aparılıb.
Görüş zamanı iştirakçılar sosial şəbəkələrdə 15 il əvvəl səsləndirilmiş fikirlərin yenidən aktuallaşdırılmasının səbəbləri ilə bağlı öz narahatlıqlarını və mövqelərini Sərdar Cəlaloğlu ilə bölüşüblər. Görüş iştirakçılarının bir qismi bu məsələnin yenidən tirajlanmasının Sərdar Cəlaloğlunun təşəbbüsü ilə həyata keçirildiyini ehtimal etdiklərini bildiriblər.
Sərdar Cəlaloğlu isə bu fikirlərin yenidən gündəmə gətirilməsinin onun təşəbbüsü və ya marağı ilə heç bir əlaqəsinin olmadığını açıq şəkildə bildirib. ADP sədri qeyd edib ki, 15 il əvvəl səsləndirilmiş fikirlərin bu gün kontekstdən çıxarılaraq yenidən tirajlanması onun öz iradəsindən kənar prosesdir və bu kampaniyanın onun tərəfindən başladılması barədə iddialar həqiqətə uyğun deyil. Görüşdə ifadə olunub ki, məsələnin bu şəkildə yenidən gündəmə gətirilməsi ölkədə regionçuluğu, milli ayrı-seçkiliyi və etnik qarşıdurmanı körükləməkdə maraqlı olan müəyyən qüvvələrin fəaliyyətinin nəticəsi ola bilər. Bu baxımdan, ayrı-ayrı tarixi şəxsiyyətlər və bölgələr ətrafında süni qarşıdurma yaratmağa hesablanmış kampaniyaların cəmiyyətə ciddi zərər vurduğu vurğulanıb.
Tərəflər arasında qarşılıqlı hörmət və anlayış şəraitində keçirilən görüşdə belə süni qarşıdurma cəhdləri qətiyyətlə pislənilib. Bildirilib ki, ayrı-ayrı şəxslərin illər əvvəl səsləndirdiyi fikirlərin məqsədli şəkildə yenidən gündəmə gətirilməsi və bundan bölgələr, insanlar və müxtəlif sosial qruplar arasında qarşıdurma yaratmaq üçün istifadə olunması yolverilməzdir. Görüş iştirakçıları bu cür cəhdləri Azərbaycanın milli həmrəyliyinə və ictimai birliyinə xələl gətirə biləcək təhlükəli yanaşma kimi qiymətləndirərək, cəmiyyətdə qarşılıqlı hörmətin, milli birliyin və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıblar.
Görüşün sonunda tərəflər belə məsələlərin qarşıdurma predmeti deyil, qarşılıqlı anlaşma və dialoq yolu ilə müzakirə edilməsinin vacibliyi barədə həmfikir olduqlarını bildiriblər.