Saç tökülməsinin səbəblərindən biri orqanizmdə dəmir ehtiyatını göstərən ferritinin aşağı səviyyədə olması ola bilər. Hətta hemoqlobin normal olduğu halda belə, ferritin çatışmazlığı saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər.


Moderator.az xəbər verir ki, dermatoloq-trixoloq Olqa Karabkovskaya bu barədə “Championat”a açıqlamasında danışıb.






Mütəxəssisin sözlərinə görə, ferritin aşağı düşdükdə orqanizm mövcud dəmiri ilk növbədə həyati vacib orqanlara yönəldir. Nəticədə saç follikulları kifayət qədər qida maddəsi almır və vaxtından əvvəl istirahət mərhələsinə keçir. Bu isə saçların başın müxtəlif nahiyələrində seyrəlməsi və tökülməsi ilə nəticələnə bilər.


Ferritin çatışmazlığı saç tökülməsi başlamazdan əvvəl də özünü göstərə bilər. Saçların kövrəkləşməsi, solğunlaşması və əvvəlki sağlam görünüşünü itirməsi bunun əlamətlərindən ola bilər.


Trixoloq sağlam saçların qorunması üçün ferritin səviyyəsinin 50–70 ng/ml və ya daha yüksək olmasını tövsiyə edib. Onun sözlərinə görə, laboratoriya analizlərində normal hesab edilə bilən 20–40 ng/ml göstəricisi bəzi hallarda saçların sağlamlığı üçün kifayət etməyə bilər.


Həkim vurğulayıb ki, dəmir çatışmazlığı müəyyən edildikdə müalicə həkim nəzarəti altında aparılmalıdır. Təkcə qidalanmanı dəyişməklə problemi aradan qaldırmaq hər zaman mümkün olmur.


Bununla yanaşı, saç tökülməsinin çoxsaylı səbəbləri ola biləcəyindən dəqiq diaqnoz üçün mütəxəssis müayinəsi vacibdir. Karabkovskayanın sözlərinə görə, ferritin səviyyəsi aşağı qaldığı müddətdə onunla əlaqəli saç tökülməsi aylarla davam edə bilər.