İlk baxışdan qeyri-adi və hətta absurd görünən bu təcrübənin arxasında ciddi elmi məqsəd dayanıb. İsveçrəli alimlər torpağın bioloji aktivliyini və orada yaşayan mikroorqanizmlərin fəaliyyətini öyrənmək üçün minlərlə pambıq alt paltarını torpağa basdırıblar.
Moderator.az xəbər verir ki, bu barədə “Channel 9” yazıb.
2021-ci ildə Sürix Universiteti və İsveçrə Federal Tədqiqat Mərkəzi Agroscope tərəfindən həyata keçirilən “Alt paltarı ilə sübut” adlı layihəyə təxminən min könüllü cəlb olunub. Təcrübə çərçivəsində 2 mindən çox cüt pambıq alt paltarı və təxminən 12 min çay paketi müxtəlif ərazilərdə torpağa basdırılıb.
Nümunələr şəxsi bağlarda, əkin sahələrində, otlaqlarda, şəhər çəmənliklərində, parklarda və meşəlik ərazilərdə yerləşdirilib. İki aydan sonra könüllülər alt paltarlarını torpaqdan çıxararaq onların vəziyyətini qeydə alıb və nümunələri laboratoriyalara göndəriblər.
Bəs niyə məhz alt paltarı?
Alimlər bunun üçün pambıqdan hazırlanmış geyimlərdən istifadə ediblər. Çünki pambığın əsas tərkib hissələrindən biri sellülozadır və torpaqdakı bakteriyalar, göbələklər və digər orqanizmlər tərəfindən parçalanır.
Beləliklə, alt paltarının torpaqda nə qədər parçalanması həmin ərazidə bioloji aktivliyin səviyyəsini göstərən sadə bir göstəriciyə çevrilib. Parça nə qədər çox parçalanıbsa, torpaqdakı bioloji fəaliyyətin də bir o qədər intensiv olduğu düşünülüb.
Təcrübənin nəticələri isə alimləri müəyyən qədər təəccübləndirib. Ən yüksək bioloji aktivlik kənd təsərrüfatı sahələrində deyil, şəxsi bağlarda müşahidə olunub. Tədqiqatçılar bunu bağlarda kompostdan istifadə, malçlama və bitki müxtəlifliyi ilə əlaqələndirirlər.
Digər tərəfdən, baxımlı şəhər və kənd çəmənliklərində gözlənildiyindən daha aşağı nəticələr əldə edilib. Bu isə səthdə yaşıl və səliqəli görünən ərazinin torpaq altında mütləq zəngin ekosistemə malik olması demək olmadığını göstərir.
Alimlər həmçinin vurğulayırlar ki, üzvi maddələrin sürətlə parçalanması hər zaman torpağın sağlamlığının göstəricisi hesab edilə bilməz. Təbii ekosistemlərdə həddindən artıq bioloji aktivlik və qida maddələrinin artması ekoloji tarazlığın pozulmasına da işarə edə bilər.
Təcrübənin başqa bir maraqlı tərəfi isə adi insanların elmi araşdırmaya cəlb olunmasıdır. Minə yaxın könüllünün iştirak etdiyi layihə “vətəndaş elmi”nin imkanlarını nümayiş etdirib.
Beləliklə, gündəlik həyatda adi bir əşya kimi qəbul etdiyimiz "pambıq alt paltarı" torpağın görünməyən həyatını öyrənmək üçün sadə, lakin effektiv elmi vasitəyə çevrilib.