Bəzi insanlar ağcaqanadların hədəfinə digərlərindən daha çox çevrilir. Alimlər bunun səbəbləri arasında maddələr mübadiləsi, bədən temperaturu, geyim rəngi və hətta spirtli içki qəbulunu göstərirlər.


Moderator.az xəbər verir ki, entomoloq Conatan Dey bu barədə “HuffPost”a açıqlamasında məlumat verib.






Mütəxəssisin sözlərinə görə, ağcaqanadlar insanların nəfəs alarkən ifraz etdiyi karbon qazını hiss edir. Maddələr mübadiləsi sürətli olan insanlarda daha çox karbon qazı yarandığından onlar ağcaqanadlar üçün daha cəlbedici ola bilərlər. Dərinin ifraz etdiyi süd turşusu və bədən temperaturu da ağcaqanadların seçimində rol oynayır.


Geyimin rəngi də əhəmiyyətlidir. Ağcaqanadlar insanla ətraf mühit arasındakı kontrastı yaxşı seçdiyindən tünd rəngli geyimlər onları daha çox cəlb edə bilər.


Maraqlısı isə budur ki, fiziki fəaliyyətdən və spirtli içki qəbulundan sonra dişlənmə ehtimalı arta bilər. Deyin istinad etdiyi araşdırmaya görə, hətta bir qutu pivə belə insanı ağcaqanadlar üçün daha cəlbedici edə bilər.


Mütəxəssis ağcaqanad dişləmələrindən qorunmaq üçün səhər erkən və axşam saatlarında ehtiyatlı olmağı, dərini örtən geyimlər geyinməyi qovuculardan istifadə etməyi tövsiyə edir. Ventilyator da kömək edə bilər, çünki güclü hava axını ağcaqanadların uçmasını çətinləşdirir.