Süni intellektin köməyi ilə hazırlanmış eksperimental dərman insan orqanizmində bioloji qocalma ilə əlaqəli bəzi göstəriciləri dəyişdirə bilər.


Moderator.az xəbər verir ki, bu barədə “Nature Biotechnology” nəşri məlumat yayıb.






Rentosertib adlı preparat əslində xroniki ağciyər xəstəliklərinin müalicəsi üçün Insilico Medicine tərəfindən hazırlanıb. Yeni araşdırmada isə alimlər dərmanın bioloji yaşla əlaqəli biomarkerlərə təsirini araşdırıblar.


Tədqiqatda 42 könüllü iştirak edib. 12 həftə ərzində onların vəziyyəti bioloji yaşı qiymətləndirmək üçün istifadə olunan altı fərqli model əsasında izlənilib.


Nəticələrə görə, rentosertib qəbul edən iştirakçılarda bioloji yaşla əlaqəli bəzi göstəricilər azalıb. Plasebo qəbul edən və müalicə almayan qruplarda isə bu göstəricilər əsasən dəyişməyib və ya artıb.


Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr dərmanın insanlarda qocalmanı həqiqətən yavaşlatdığını və ya ömrü uzatdığını sübut etmir. Daha geniş və uzunmüddətli klinik tədqiqatlara ehtiyac var.