Uzun illərdir sağlam qalmaq üçün gündə 8 stəkan su içmək tövsiyə olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu rəqəm hər kəs üçün məcburi norma deyil.
Moderator.az ~xəbər verir ki, bu barədə TSN yazır.
Mütəxəssislərin fikrincə, insanın gündəlik maye ehtiyacı yaş, cins, bədən çəkisi, fiziki aktivlik, hava şəraiti, qidalanma və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Üstəlik, orqanizmin qəbul etdiyi maye yalnız sudan ibarət deyil. Çay, qəhvə, şorba, meyvə və tərəvəzlər də ümumi su balansına töhfə verir.
ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının göstəricilərinə əsasən, gündəlik ümumi su qəbulu qadınlar üçün təxminən 2,7 litr, kişilər üçün isə 3,7 litr təşkil edir. Bu rəqəmlərə qida və bütün içkilərdən alınan su da daxildir.
İsti havada, intensiv idman zamanı və ya ağır fiziki iş gördükdə bədən daha çox maye itirir. Bu zaman su qəbulunu artırmaq lazım gələ bilər. Sağlam insanların əksəriyyətində isə susuzluq hissi maye ehtiyacını müəyyənləşdirmək üçün əsas təbii siqnallardan biridir.
Çay və qəhvə də gündəlik maye qəbuluna daxildir. Orta miqdarda kofein qəbulunun insanı avtomatik olaraq susuzlaşdırdığı fikri müasir elmi yanaşma ilə tam uyğun gəlmir.
Digər tərəfdən, həddindən artıq su içmək də təhlükəsiz deyil. Qısa müddətdə çoxlu maye qəbul edilməsi qanda natrium səviyyəsinin kəskin azalmasına – hiponatremiyaya səbəb ola bilər.
Bu səbəbdən “gündə 8 stəkan su” qaydasını sərt norma kimi qəbul etmək düzgün deyil. Əsas məsələ bədənin ehtiyacını, fiziki aktivliyi, hava şəraitini və qidadan alınan mayeni nəzərə almaqdır.