Faşizmin Avropa tarixinin ən ağır ideoloji faciələrindən biri olduğu vurğulanıb...
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi və iqtisadi hadisələr müzakirə olunub.
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsi ətrafında son hadisələri müzakirə edib. ABŞ-ın xüsusi nümayəndələrinin ötən həftə Moskvaya və Kiyevə səfəri, bu səfərin davamı olaraq ABŞ və Rusiya prezidentləri arasında telefon danışığından sonra tərəflərin sülh danışıqlarına dair verdikləri ümidverici bəyanatlar təqdir olunub. Münaqişənin yalnız sülh və diplomatik danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb.
İdarə Heyətində rusiyalı politoloq Aleksandr Duqinin Rusiyanın yaxın aylarda Kiyevi tam işğal edəcəyi barədə açıqlaması kəskin şəkildə pislənilib. Qeyd olunub ki, Rusiyanın imperialist siyasətinin təbliğatçılarından biri kimi tanınan Duqinin bu fikirləri yalnız Ukraynaya deyil, digər postsovet ölkələrinə də təhdid xarakteri daşıyır. Bəyanatın dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu vurğulayan İdarə Heyəti Rusiyanın rəsmi dairələrinin bu açıqlamaya münasibət bildirməməsini də qətiyyətlə pisləyib.
İdarə Heyəti Türkiyə ilə İsrail arasında, xüsusilə Yaxın Şərqdəki hadisələr fonunda münasibətlərin qarşıdurma istiqamətində inkişaf etməsindən narahatlığını ifadə edib və Azərbaycan hökumətini İsrail ilə yaxın münasibətlərindən istifadə edərək Türkiyə-İsrail münasibətlərinin normallaşması və İsrailin anti-Türkiyə mövqeyindən geri çəkilməsi istiqamətində diplomatik səylərini davam etdirməyə çağırıb.
İdarə Heyəti eyni zamanda İsrailin maliyyə nazirinin fələstinlilərin Avropa ölkələrinə köçürülməsi ilə bağlı açıqlamasını da kəskin pisləyib. Fələstinlilərin öz torpaqlarında yaşamaq hüququnun pozulmasına yönəlmiş belə yanaşmaların qəbuledilməz olduğunu bildirən müzakirə iştirakçıları İsrailin bu mövqedən geri çəkilməyəcəyi təqdirdə Avropa dövlətlərinin ona qarşı sanksiyaları nəzərdən keçirməsinin vacibliyini qeyd ediblər.
İdarə Heyətində ötən həftə qondarma “Artsax” rejiminin keçmiş dövlət naziri Nikol İskəndəryanın separatçı qurumun gələcək fəaliyyəti ilə bağlı Ermənistan hökumətindən mövqe tələb etməsi də müzakirə olunub. Belə açıqlamaların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh danışıqları prosesinin getdiyi bir vaxtda yenidən gündəmə gətirilməsi sülh prosesinə mane olmaq cəhdi kimi qiymətləndirib və qətiyyətlə pislənilib. Eyni zamanda bu prosesdə Rusiyanın müəyyən siyasi dairələrinin maraqlarının olduğu vurğulanıb.
İdarə Heyəti Brüsseldə məscidin divarına svastika simvolunun çəkilməsi və Litvada məscidin qarşısında donuz başlarından istifadə edilməklə təxribat xarakterli aksiya keçirilməsini kəskin şəkildə pisləyib. İdarə Heyəti bu hadisələri Avropada islamofobiyanın hələ də mövcud olmasının və bəzi hallarda güclənməsinin göstəricisi kimi qiymətləndirib. Məscidə qarşı faşist simvolundan istifadə edilməsinin İslamla heç bir əlaqəsinin olmadığını, faşizmin isə Avropa tarixinin ən ağır ideoloji faciələrindən biri olduğunu vurğulayan İdarə Heyəti Avropa dövlətlərini islamofobiya, dini ayrı-seçkilik və nifrət zəminində təxribatların qarşısının alınması üçün daha ciddi tədbirlər görməyə çağırıb.
Toplantıda 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artımın 1,2 faiz təşkil etməsi ilə bağlı göstəricilər müzakirə olunub. İqtisadi artımın aşağı səviyyədə olması ölkənin mövcud potensialından səmərəli istifadə edilməməsinin göstəricisi kimi qiymətləndirilib. İdarə Heyəti ölkədə monopoliyaların aradan qaldırılması, azad rəqabət və azad bazar prinsiplərinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq üçün əlverişli mühitin yaradılması istiqamətində ciddi və sistemli islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.